Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-30/2024 26.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı cavabdehlər “X1” MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzilin isti su təminatının yaxşılaşdırılması məqsədilə təmir işlərinin aparılmasının cavabdehlərə həvalə edilməsi, maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, borcun silinməsi və pul tələbi” barədə ilkin iddia tələbinə, Cavabdeh2 MMC-nin İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər “X1” MTK-ya və Cavabdeh2 MMC-yə qarşı “mənzilin isti su təminatının yaxşılaşdırılması məqsədilə təmir işlərinin aparılmasının cavabdehlərə həvalə edilməsi, maneələrin aradan qaldırılması və maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi, borcun silinməsi və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə də “Azure Residance” yaşayış kompleksində iddiaçının mülkiyyətində olan 3-cü blokun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzildə isti su təminatının yaxşılaşdırıması məqsədi ilə təmir işlərinin - dövriyyə xəttinin çəkilməsinin cavabdehlərin öz vəsaiti hesabına aparılması vəzifəsinin cavabdehlər Cavabdeh2 MMCyə və "xxxx" Mənzil Tikinti-Kooperativinə həvalə edilməsi; İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə İddiaçı və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş karltarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlər Cavabdeh2 MMCyə və "xxxx" MTK-ya və digər şəxslərə qadağan edilməsi; 01 yanvar 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsi üzrə əsassız hesablanmış xidmət haqqının, 4.248 manat məbləğində borcun silinməsi; cavabdehlərdən müştərək qaydada 9.838 manat məbləğində pul vəsaitinin, hüquqlarını müdafıə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul vəsaitinin, cəmi olaraq 10.961 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzil iddiaçının mülkiyyətində, sahibliyində və istifadəsindədir. Bununla bağlı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX ******* nömrəli, ********** qeydiyyat nömrəli 29 mart 2013-cü il tarixli çıxarış verilmişdir. İddiaçı 2021-ci ilin mart ayında mənzilin təmirini yekunlaşdırıb həmin mənzildə yaşamağa başlamışdır. Yaşadığı ilk gündən etibarən mənzilə isti suyun verilməsində gecikmələrin yaşadığını müəyyən etmişdir. Müəyyən etmişdir ki, mənzilin kifayət qədər böyük olması, o cümlədən isti su mənbəyinin (şaxtanın) mətbəx və hamamlardan uzaq yerləşməsinə görə isti suyun verilməsi gecikir. Belə ki, mənzilə isti suyun gəlməsi üçün suyu açdıqdan sonra 6-7 dəqiqə vaxt lazımdır ki, isti su mənzilə gəlsin. Bu da öz növbəsində suyun israf edilməsinə və mülkiyyətçinin maddi ziyana uğramasına səbəb olur. İddiaçı ilə cavabdehlər arasında bağlanmış xidmət müqaviləsinə əsasən xidmətlərin göstərilməsi qarşılığında iddiaçı cavabdehlərə xidmət haqqı ödəməlidir. Həmin xidmət haqqı 472 manat təşkil edir. Xidmət müqaviləsinə edilən 1 saylı əlavədən görünür ki, xidmətgöstərən (yəni cavabdehlər) mənzilə isti suyun verilməsini (soyuq suyun qızdırılıb verilməsini) təmin etməyi öz öhdələrinə götürmüşlər. Bundan başqa resepşn məlumatlandırma işinin təmini, mühafizənin həyata keçirilməsi, binanın təmizliyi, liftlərə texniki xidmət göstərilməsi və s. bir çox xidmətlər müqaviləyə əlavədə qeyd edilmişdir. İddiaçı həmin xidmət müqaviləsinə istinad edərək cavabdehlərdən öz öhdəliklərini həyata keçirməsini xahiş etmiş və mənzilin isti su təminatının yaxşılaşdırılmasını tələb etmişdir. Cavabdehlərlə uzun müzakirələrdən sonra onlar bundan imtina etmişdir. Belə ki, iddiaçının müraciətinə cavab olaraq cavabdehlər tərəfindən ünvanlanmış 20 aprel 2022-ci il tarixli məktubla həmin işlərin görülməsinin mümkün olmaması bildirilmişdir. İddiaçı EL-268/2018 qeydiyyat nömrəli 03 avqust 2018-ci il tarixli lisenziya əsasında fəaliyyət göstərən tikinti quraşdırma işləri həyata keçirən "xxxx" MMC tərəfindən görüləcək işlərin sxematik cizgilərini cavabdehlərə təqdim edərək hətta həmin işlərin görülməsini öz vəsaiti hesabına qarşılaya biləcəyini bildirsə də, yenə də bundan imtina edilmişdir. Bu səbəbdən iddiaçı xidmət müqaviləsinə əsasən ödənilməli olan 472 manat məbləğində xidmət haqqını 2022-ci ilin yanvar ayından etibarən dayandırmışdır. Bundan sonra cavabdehlər iddiaçının və ailə üzvlərinin bloka, liftə və nəticədə mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə daxil olmasının qarşısını almaq üçün yaşayış kompleksi tərəfindən yaşayış blokuna daxil olmaq və liftdən istifadə etmək üçün sakinlərə təqdim edilmiş kartları blok etmişdir. Nəticədə iddiaçının mənzil və mülkiyyət hüquqları pozulmuşdur. Yuxarıda qeyd edilən hallarla bağlı tərəfimizdən 08 avqust 2022-ci il tarixli 074/204 nömrəli məktubla Cavabdeh2 MMC-yə müraciət edilərək məsələnin həllində köməklik göstərilməsi, yəni mənzilin isti su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülməsi, o cümlədən onun və ailə üzvlərinin yaşayış kompleksinin blokuna və liftlərdən istifadə edilməsinə cavabdehlər tərəfindən yaradılmış süni maneələrin aradan qaldırılmasını, İddiaçı və ailə üzvlərinə verilmiş karların (bloka və liftə daxil olmaq üçün) blokdan çıxarılmasını, 2022-ci il üzrə xidmət müqaviləsinə əsasən ödənilməli olan 572 manatın xidmətinlərin lazımınca göstərilməməsi səbəbindən 250 manata endirilməsini, bu müddət 01 yanvar 2022 – 09 sentyabr 2022-ci il tarix aralığında hesablanmış borcun silinməsinin təmin edilməsi xahiş edilmişdir. Müraciətə cavab verilməmişdir. Əksinə olaraq cavabdehlər tərəflər arasında bağlanmış xidmət müqaviləsinə istinad edərək, iddiaçıdan 2.832 manat (xx.xx.2022- xx.xx.2022-ci illər üzrə) yaranmış xidmət haqqı borcunu tələb etmişlər. İddiaçı isə ona hər hansı xidmət göstərilməməsini əsas gətirərək həmin xidmət haqqını ödəməmişdir. Əlavə olaraq, iddiaçı 2017-2020-ci illər üzrə cavabdehlərə xidmət haqqı kimi hər ay 363 manat, cəmi olaraq 13.068 manat pul ödəmiş, 2020-ci ildən etibarən 2021-ci ilin sonuna qədər isə aylıq 472 manat, cəmi olaraq 5.664 manat pul ödəmişdir. Qeyd etmək lazımdır ki, iddiaçı həmin mənzildə 2021-ci ilin mart ayından etibarən yaşamağa başlamışdır. Yəni xidmət müqaviləsinə uyğun bütün xidmətlərdən istifadə etməmişdir. Həmin dövrdə orada yalnız təmir işləri getmişdir. Lakin cavabdehlər tərəfindən xidmət haqqı tam olaraq alınmışdır. Həmin dövrdə xidmət haqqı iddiaçıdan tam tələb edilə bilməzdi. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə də “Azure Residance” yaşayış kompleksində iddiaçının mülkiyyətində olan 3-cü blokun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzildə isti su təminatının yaxşılaşdırıması məqsədi ilə təmir işlərinin - dövriyyə xəttinin çəkilməsinin cavabdehlərin öz vəsaiti hesabına aparılması vəzifəsinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 Mənzil Tikinti- Kooperativinə həvalə edilməsi, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə İddiaçı və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MTK-ya və digər şəxslərə qadağan edilməsi, 01 yanvar 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsi üzrə əsassız hesablanmış xidmət haqqının, 4.248 manat məbləğində borcun silinməsi, cavabdehlərdən müştərək qaydada 9.838 manat məbləğində pul vəsaitinin, hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 123 manat məbləğində pul vəsaitinin, cəmi olaraq 10.961 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 MMC İddiaçı qarşı “borcun ödənilməsi” barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 363 m2 olan 118A saylı mənzilə Cavabdeh2 MMC tərəfindən göstərilmiş xidmətlərə görə yaranmış 4.247,10 manat xidmət haqqı borcunun və ödənilmiş 62.50 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (əvvəlki adı "xxxx" MMC) (bundan sonra “Xidmət göstərən”) ilə İddiaçı (bundan sonra “Müştəri”) arasında Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 363 m2 olan 118A saylı mənzilin saxlanması və normalara uyğun istismarı məqsədilə xidmətlərin göstərilməsini nəzərdə tutan HM-ARMM1HUQ101-000309 saylı 01 avqust 2021-ci il tarixli Xidmət müqaviləsi bağlanılmışdır. Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Xidmət göstərən” müqavilənin ayrılmaz tərkib hissəsi olan 2 saylı Əlavəsində göstərilmiş mənzilin yerləşdiyi binanın saxlanılması və normalara uyğun istismarı üzrə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə qeyd olunmuş xidmətləri göstərməyi, “Müştəri” isə göstərilən xidmətlərə görə xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə tərəflərinin razılığı ilə Müqavilənin 2 saylı əlavəsində həmçinin müqavilə üzrə göstəriləcək xidmətlərə görə 1 m2 üçün aylıq 1,30 manat xidmət haqqı müəyyən olunmuşdur. 2022-ci ilin yanvar ayına qədər müqavilənin şərtlərinə uyğun olaraq göstərilən xidmətlərə görə hər ay 471.90 manat (363 m2 x 1,30 AZN) hesabat aparılmış və müştəri tərəfindən mütəmadi olaraq vaxtında ödənişlər edilmişdir. Lakin 2022-ci ilin yanvar ayından başlayaraq göstərilən xidmətlərə görə hesablanmış xidmət haqqının müştəri tərəfindən ödənilməsi dayandırılmışdır. Nəticədə İddiaçı 01 avqust 2021ci il tarixli xidmət müqaviləsinin şərtlərini tam yerinə yetirmədiyi və müqavilə üzrə razılaşdırılmış xidmət haqqını tam ödəmədiyi üçün 01 oktyabr 2022-ci il tarixinə Cavabdeh2 MMC-yə 4.247,10 manat xidmət haqqı borcu yaranmışdır. Xidmət haqqı borcunun ödənilməsi ilə bağlı bir neçə dəfə İddiaçı bildiriş göndərilsə də, bugünədək qeyd olunan borc ödənilməmişdir. Daha sonra Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil3 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən qarşılıqlı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd olunması, qarşılıqlı iddianın təmin olunması, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 363 m2 olan 118A saylı mənzilə Cavabdeh2 MMC tərəfindən göstərilmiş xidmətlərə görə yaranmış 9.438 manat xidmət haqqı borcunun və ödənilmiş 114.50 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı ilkin iddia üzrə iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 ilkin iddia tələbini müdafiə edərək onların təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, verdiyi izahatda qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh2 MMC-nin vəkili Vəkil4 qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini, ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdeh “X1” MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İşin faktiki halları: Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən 29 mart 2013-cü il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı mənzilində isti suyun gəlməməsi səbəbindən mənzildə isti su təminatının yaxşılaşdırılması məqsədilə təmir işlərinin aparılması, dövriyyə xəttinin çəkilməsi ilə bağlı razılığın alınması üçün Cavabdeh2 MMC-yə müraciət etmiş və imtina almışdır. Cavabdeh2 MMC ilə razılıq əldə edilə bilmədiyindən iddiaçı 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsinin 1 saylı əlavəsində göstərilməsi nəzərdə tutulan xidmətlərdən (isti suyun verilməsi və suyun qızdırılması) yararlana bilmədiyi üçün həmin xidmətlərin əvəzinin ödənilməsindən imtina etmişdir. İddiaçı "xxxx" MMC-yə müraciət edərək isti suyun gəlməməsinin səbəblərinin araşdırılmasını xahiş etmiş, ona cavab olaraq suyun gəlməsinin dövriyyə xətti çəkməklə təmin etməyin mümkün olduğu bildirilmişdir. Yuxarıda göstərilən əsaslara görə iddiaçı məhkəməyə hazırkı iddia ilə müraciət etmişdir. Cavabdeh2 MMC tərəflər arasında xidmətlərin göstərilməsi ilə bağlı müqavilənin olduğunu, müqavilə üzrə xidmət göstərildiyini, xidmətin qüsursuz icra edildiyini, mənzilə isti suyun gəlməməsinin səbəbinin onlarında hərəkətlərindən asılı olmadığını bildirərək iddiaçını müqavilə öhdəliklərini icra etməsi üçün qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı mübahisənin əsasını iddiaçının yaşadığı mənzilə isti suyun vaxtında gəlməməsi təşkil edir. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə suyun hansı səbəbdən mənzilə tez vaxtda isti vəziyyətdə gəlməməsinin müəyyən edilməsi istiqamətdə araşdırma aparmışdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında mübahisə predmetini təşkil edən halların araşdırılması üçün ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 17 iyul 2023-cü il tarixli rəydə 1-ci suala cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə isti su 3-6 dəqiqə aralığında gəlir, isti suyun mənbəyi olan şaxta ilə mənzildəki isti su təchizat nöqtələri arasındakı məsafə 18 metr təşkil edir. Ekspert qarşısında qoyulmuş 2, 3 və 4-cü suallara cavab olaraq verilmiş rəydə texniki səhv olmuş, həmin yanlışlıqla bağlı rəyi vermiş ekspert İsa Eyvazzadə məhkəmə iclasına dəvət edilmişdir. Ekspert İ.Eyvazzadə məhkəmə iclasında həmin suallara cavab olaraq rəydə qeyd edilən abzasda yanlışlığa yol verildiyi bildirmiş və qeyd etmişdir ki, həmin sualların cavablandırılması "xxxx" ASC və "xxxx" ASCnin mütəxəssislərinin iştirakı ilə mümkündür. Məhkəmə tərəfindən müxtəlif tarixlərdə iddiaçının mənzilinə yerli baxış keçirilmiş, yerli baxışda mütəxəssislərin iştirakı təmin edilmiş, "xxxx" ASC-nin mütəxəssisinin hazırkı məsələ ilə bağlı rəy verməsinin zəruri olmadığı müəyyən edilmiş və "xxxx" ASC-nin nümayəndəsi Laçın Soltanov tərəfindən evə isti suyun hansı səbəbdən və hansı vaxtda gəlməsinin müəyyən edilməsi üçün eksprimentin keçirilməsi təklif olunmuş, keçirilmiş ekspriment və tədqiqat nəticəsində "xxxx" ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə əsaslandırılmış texniki rəy təqdim edilmişdir. Həmin rəyə əsasən, mütəxəssis tərəfindən yaşayış binasının istilik qazanxanasına, istilik mübadilə aparatına, həcmli su qızdırıcısına, istilik xətlərinə, nəzarət ölçü cihazlarına və qazanxananın isti su təchizatı ilə əlaqədar parametrlərinə baxış keçirilmişdir. Araşdırma nəticəsində aydın olmuşdur ki, mənzilə gedən isti su təchizatı xəttində əngəl var, bu səbəbdən isti suyun verilişi zamanı təzyiq və temperaturda dəyişiklik olur. Hazırkı problemin mənzil daxilində olması və isti su təchizat xəttini yeniləməklə aradan qaldırıla bilinəcəyi qeyd edilmişdir. İş materiallarında olan xidmət müqaviləsinin 2 saylı əlavəsindən görünür ki, T.Əhmıdovun mənzili 363 kv. metr təşkil edir və mənzilin hər kvadrat metrinə görə 1.30 manat xidmət haqqının tutulması razılaşdırılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddənin İ bəndinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Mülki işin araşdırılması zamanı məhkəmə tərəfindən tərəflər arasında xidmət müqaviləsinin olması müəyyən edilmişdir. İstinad olunan müqaviləyə əsasən İddiaçı məxsus mənzil isti su ilə təchiz edilməli, mülkiyyətçi istifadə etdiyi suyun dəyərini su sayğacına əsasən ödəməli, Cavabdeh2 MMC-yə isə göstərilən xidmətin əvəzini ödəməlidir. Məhkəmə araşdırması zamanı həm keçirilən yerli baxışlarda, həm iddiaçı tərəfin verdiyi izahatlarda evə isti suyun gec gəldiyi, yəni göstərilməsi nəzərdə tutulan xidmətin keyfiyyətli həyata keçirilməməsi vurğulanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus evə isti su həqiqətən gec gəlsə də, bunun səbəbi mənzil daxili xətlərdə problemin olmasıdır. Belə olan halda iddiaçının Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə də “Azure Residance” yaşayış kompleksində iddiaçının mülkiyyətində olan 3-cü blokun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzildə isti su təminatının yaxşılaşdırıması məqsədi ilə təmir işlərinin - dövriyyə xəttinin çəkilməsinin cavabdehlərin öz vəsaiti hesabına aparılması vəzifəsinin cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 Mənzil Tikinti-Kooperativinə həvalə edilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Çünki problemin yaranmasına dövriyyə xəttinin olmaması deyil, mənzil daxili su xəttində problemin olması səbəb olmuşdur. Məhkəmə istinad olunanlara münasibətdə qeyd edir ki, nə qədər ki, mənzil iddiaçının mülkiyyətindədir mənzil daxilində mövcud olan hər-hansı problemin həlli də iddiaçının üzərinə düşür. Belə ki, cavabdeh də hər-hansı razılaşma əsasında mənzilində daxilində olan problemlər üçün məsuliyyət daşıması halı mövcud deyil. Məhkəmə ilkin iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə İddiaçı və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılmasının (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MTK-ya və digər şəxslərə qadağan edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus ev “Azure Residance” yaşayış kompleksində yerləşir. Tərəflər arasında mövcud olan xidmət müqaviləsində xidmət haqqının ödənişinin 2 aydan artıq gecikdirilməsi halında xidmət göstərənin öncədən xəbərdarlıq etməklə xidmət müqaviləsinə birtərəfli qaydada xitam verə bilməsi göstərilmişdir. Hazırkı iş üzrə müqaviləyə xitam verilmədən iddiaçının və onun ailə üzvlərinin mənzilə daxil olmasına süni maneələr yaradılmış, bloka giriş kartları və liftdən istifadə kartları bloklanmışdır. Məhkəmənin qəbul etdiyi müvəqqəti təminat tədbirlərindən sonra həmin manelərin yaradılması cavabdehlərə qadağan edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının kommunal xidmətlərə görə ödəniş etməməsi onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması üçün əsas deyildir. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə İddiaçı və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılması (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MTK-ya qadağan edilməlidir. Hazırkı hissədə tələb süni maneələrin yaradılmasının digər şəxslərə qadağan edilməsi hissəsində qeyri-müəyyən olduğundan, iddianın bu hissəsi rədd edilməlidir. Məhkəmə ilkin iddia tələbinin 01 yanvar 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsi üzrə əsassız hesablanmış xidmət haqqının, 4.248 manat məbləğində borcun silinməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia qismən əsaslıdır. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı borcun 4.248 olduğunu göstərsə də istinad olunan dövr üçün ondan tələb olunan borc 4.247,10 manat təşkil edir. Çünki müqavilə aylıq ödəniş 472 manat yox, 471.90 manatdır. Belə ki, məhkəmə araşdırması zamanı mənzilə suyun gəlməməsinin cavabdehlərin təqsiri ucbatından olması aşkar edilməmişdir və iddiaçı da bu müddət ərzində həm sudan, həm də digər xidmətlərdən istifadə etmişdir, xidmət müqaviləsi ilə nəzərdə tutulan ödənişlərin əvəzi olaraq ondan tələb olunan borcun tam olaraq silinməsi əsassızdır. Məhkəmənin 13 sentyabr, 20 sentyabr 2022-ci il və 07 iyul 2023-cü il tarixli müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardadlarından görünür ki, 2022-ci ilin sentyabr ayı ərzində Cavabdeh2 MMC və “X1” MTK tərəfindən iddiaçıya xidmətlər göstərilməmişdir. Buna görə də 2022-ci ilin sentyabr ayı üzrə ona borc olaraq yazılmış 471.90 manat məbləğində vəsait İddiaçı tələb edilə bilməz. Odur ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, İddiaçı borc olaraq yazılmış 471.90 manat pul vəsaiti silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərdən müştərək qaydada 9.838 manat məbləğində pul vəsaitinin tutulması hissəsinə qiymət verərək qeyd edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı 2013-cü ildən iddia verilən tarixədək artıq ödədiyi kommunal xidmətlər üçün nəzərdə tutulan vəsaitin ondan qanunsuz olaraq tələb edildiyini və bu səbəbdən ona geri ödənilməli olduğunu qeyd etmişdir. Lakin iş materiallarına sübut kimi 2021-ci il tarixli xidmət müqaviləsi təqdim edilmiş, tərəflər arasında 2021-ci ildən əvvəldə müqavilənin olduğu, ödənişlərin həqiqətən də həyata keçirilməsini və ən əsası da ödənişlərin qanunsuz olduğunu sübuta yetirəcək dəlillər məhkəməyə təqdim olunmamışdır. Belə olan halda iddiaçı iddiasının əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin hüquqlarını müdafiə edən vəkilə ödədiyi 1.000 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulmasına münasibətdə qeyd edir ki, nə qədər ki, qanunvericiliyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir, iddia tələbi qismən təmin edildiyindən, hüquqi xidmət haqqı olaraq ödənilmiş 1.000 manat pul vəsaitinin 500 manatı cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə Cavabdeh2 MMC-nin İddiaçı qarşı olan qarşılıqlı iddiasına qiymət verərək hesab edir ki, hazırkı iddia qismən təmin edilməlidir. Belə ki, Cavabdeh2 MMC 01 yanvar 2022-ci ildən 01 avqust 2023-cü ilədək ödənilməmiş kommunal xidmətlərin dəyərinin əvəzi olaraq 9.438 manat pulun tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi hazırkı hissədə qismən əsaslıdır. Belə ki, məhkəmənin 13 sentyabr, 20 sentyabr 2022-ci il və 07 iyul 2023-cü il tarixli müvəqqəti təminat tədbirinin görülməsi barədə qərardadlarından görünür ki, İddiaçı mənzildən istifadəsi ilə bağlı maneələr mövcud olmuş, ona xidmətlər paketinə daxil olan xidmətlərin göstərilməsində problemlər yaradılmış və bu problemlər məhkəmənin qəbul etdiyi qərardadlarla aradan qaldırılmışdır. İstinad olunan hallar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, bu müddət ərzində mənzilin mülkiyyətçisi və onun ailə üzvlərinə kommunal xidmətlər göstərilməmişdir. Odur ki, bu müddət aralığında, yəni 2022-ci ilin sentyabr ayından 2023-cü ilin iyul ayınadək olan dövrü əhatə edən kommunal xidmətlərin dəyəri İddiaçı tələb edilə bilməz. İddiaçı 2022-ci ilin yanvar ayından 2022-ci ilin avqust ayı da daxil olmaqla və 2023-cü ilin avqust ayı üçün tələb olunan vəsaitin əvəzi - cəmi 9 ay üçün aylıq 471.90 manat olmaqla, ümumilikdə 4.247,10 manat tutularaq Cavabdeh2 MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda istinad olunanlara əlavə olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında xidmət müqaviləsinin bağlandığı, bu müqavilə üzrə hansı xidmətlərin göstərilməsi və mənzilin kvadrat metrinə uyğun olaraq hər kvadratı üçün 1.30 manatdan hesablandığı müəyyən edilsə də, konkret olaraq hansı xidmət üçün hansı məbləğin tutulması müəyyən edilə bilməmişdir. Belə ki, araşdırma zamanı Cavabdeh2 MMC-nin nümayəndələrindən istinad olunan hesablama cədvəlinin təqdim olunması tələb edilsə də, belə bir məlumat məhkəməyə təqdim edilməmişdir. Məhkəmə 26 yanvar 2024cü il tarixli qərardadla Cavabdeh2 MMC-ni 1.000 manat məbləğində cərimələmiş və hazırkı qətnamə üzrə tutulan məbləğləri ümumi olaraq kommunal xidmətlər üçün razılaşdırılmış məbləğ, yəni 471.90 manat kimi hesaba almışdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 123 manat, Cavabdeh2 MMC tərəfindən 62.50 manat və 52 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 50 manat təşkil edir. Odur ki, məhkəmə hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumları da tərəflərin özlərinə aid edilməlidir. Eyni zamanda ekspert tədqiqatının dəyərini təşkil edən 50 manatın 25 manatı İddiaçı, qalan 25 manatı cavabdehlər Cavabdeh2 MMC-dən və “X1” MTK-dan müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr (Nobel) prospekti, 1212-ci məhəllə ünvanında yerləşən “Azure Residance” yaşayış kompleksinin 3-cü blokunun 22-ci mərtəbəsində yerləşən 118A saylı mənzilə İddiaçı və ailə üzvlərinin daxil olmasına süni maneələrin yaradılması (bloka giriş kartlarının və liftdən istifadə kartlarının bloklanması) cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1 MTK-ya qadağan edilsin. 01 yanvar 2022-ci il tarixdən 01 oktyabr 2022-ci il tarixədək 01 avqust 2021-ci il tarixli xidmət müqaviləsi üzrə İddiaçı tələb edilən borcdan 471.90 (dörd yüz yetmiş bir manat doxsan qəpik) manatı silinsin. İddiaçı tərəfindən hüquqi xidmət haqqı olaraq ödənilmiş 1.000 manat pul vəsaitinin 500 (beş yüz) manatı cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 MTK-dan müştərək qaydada alınaraq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 01 yanvar 2022-ci ildən 31 avqust 2023-cü ilədək ödənilməmiş kommunal xidmətlərin dəyərinin əvəzi olaraq 4.247,10 (dörd min iki yüz qırx yeddi manat on qəpik) manat (ilkin iddia üzrə İddiaçı iddiasının təmin edilməmiş 3.775,20 manat hissəsi və 2023cü ilin avqust ayı üçün nəzərdə tutulan 471.90 manat nəzərə alınmaqla) tutularaq Cavabdeh2 MMC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Ekspert tədqiqatının dəyərini təşkil edən 50 manatın 25 (iyirmi beş) manatı İddiaçı, qalan 25 (iyirmi beş) manatı cavabdehlər Cavabdeh2 MMC-dən və “X1” MTK-dan müştərək qaydada alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-30/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-30/2024
26.01.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver