Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-300/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan mənzilin paylara bölünməsi və hərrac yolu ilə satılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 29 saylı evin, 15-ci blok, 5-ci mərtəbəsində yerləşən 503 nömrəli mənzil (bundan sonra – Mənzil) tərəflərin birgə nikah dövründə əldə edilmişdir.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Mənzilə dair 2/5 hissədə iddiaçının, qalan 3/5 hissədə cavabdehin payları müəyyən edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı Mənzilin natura şəklində bölgüsü və ya hərrac yolu ilə satılaraq ona aid payın dəyərinin verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində göstərmişdir ki, onun birgə nigah dövründə aldığı Mənzili nigahı pozduğdan sonra, 2(102)-1167/2020 saylı iş üzrə xx.xx.2020-ci ildə Ali məhkəmənin qərarı ilə aralarında bölünmüşdür. Lakin o, məhkəmə proseslərinə başladığı zaman, Mart 2018-ci il tarixindən etibarən, cavabdeh bölgüyə verilmiş mənzilə, öz başına daxil olaraq, qohumları ilə bərabər həmin mənzildə bu günə kimi yaşamağa davam edir, həmçinin onun mənzilə giriş və çıxışını məhdudlaşdırıb və onun icazəsi olmadan mənzilin ona aid olan 2/5 hissəni tam istismar edərək, təmirə və aşyaların dəyərinə illərdi əsaslı zərər yetirir. O, artıq üç ilə yaxın bir müddətdir ki, Xətai rayonu İcra və probasiya idarəsinə və Bakı baş İcra və probasiya idarələrinə etdiyi çox saylı müraciyyət və şikayətlərə baxmayaraq hələdə onun əmlak üzərində olan hüquqları bərpa olunmur, nə də ona aid əmlak payından istifadə edə bilmir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.
10. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
11. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
12. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
13. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
14. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
15. Maddə 220.6. bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
16. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
21. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.
22. Mənzilin paylı mülkiyyətdə olması, iddiaçının 2/5 hissədə iddiaçının, qalan 3/5 hissədə cavabdehin payının müəyyən edilməsi işin mübahisəsiz halıdır.
23. Paylı mülkiyyətdə olan ümumi əşyanın bölünməsi, həmin əşyalara dair payların müəyyən edilməsi, ayrılması, habelə satışı ilə bağlı hüquqi əsaslar Mülki Məcəllənin 220-ci maddəsində göstərilmişdir. Həmin Məcəllənin 220.3-cü maddəsində paylı mülkiyyətdə olan ümumi əşyalara dair payların bölünməsinin və ayrılmasının 2 qaydası nəzərdə tutulmuşdur: bunlardan birincisi qarşılıqlı razılıq əsasında payların bölünməsi, yaxud ayrılması, digəri isə mübahisə yarandığı halda, məhkəmə qaydasında həmin proseslərin həyata keçirilməsi ilə bağlıdır.
24. Qanun ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması ilə bağlı məsələlərin həll edilməsini əvvəlcə mülkiyyətçilərin iradəsinə verir. Bu mümkün olmadıqda isə, mübahisənin məhkəmə yolu həll edilməsi həyata keçirilir. Yəni, qanunda sözügedən mübahisənin mərhələli tənzimlənməsi qaydalarına görə əvvəlcə paylı mülkiyyətin mülkiyyətçiləri arasında ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılıq əldə edilə, belə razılıq olmadıqda isə mülkiyyətçilər öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bu zaman, yəni paylı mülkiyyətdə olan əşyanın naturada ayrılması mümkün olmadıqda, yaxud mümkün olduğu halda, payın naturada ayrılması ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququ əmələ gəlir.
25. Həmçinin, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 10/688 saylı, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli Mənzilin paylarına uyğun real bölünməsi İnşaat norma qaydaları 2.08.01.89-un 2.2-ci bəndinə və metodik əsasların Məhkəmə tikinti-texniki X1 tələblərinə uyğun qaydada naturada paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyil.
26. İşin qeyd edilən faktiki hallarından və sadalanan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli Mənzilin mülkiyyətçilərinin paylarına uyğun olaraq naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, tərəflər isə Mənzilə dair payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən mövcud iddia tələbi təmin edilə bilməz.
27. Bundan başqa, iddia ərizəsindən həmçinin aydın olur ki, iddiaçı “payın naturada ayrılması” barədə iddia tələbindən başqa, “naturada bölgü mümkün olmadıqda mənzilin açıq hərracdan satılaraq onun payına müvafiq pulun verilməsi”ni xahiş etmişdir. İddia bu hissədə də təmin edilməməlidir.
28. Belə ki, paylı mülkiyyətdə olan əşyanın hərrac yolu ilə satılması məsələsi yalnız yuxarda şərh edilən mərhələli ardıcıllıqla həyata keçirilməlidir. Bu hüquqi əsas isə Mülki Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir. Yəni, şərh edilən ardıcıllığa əməl edildikdən sonra, həmçinin ümumi əmlakdakı payın bölünməsi və ya ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
29. Eyni hüquqi yanaşma “Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında da göstərilmişdir. Həmin qərarda göstərilir ki, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
30. Beləliklə, məhkəmə şərh edilənlər əsasında belə qənaətə gəlir ki, Mülki Məcəlləsinin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydaya riayət etmədən iddiaçının tələbi ilə həmin Mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylara mütənasib surətdə bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun deyil və buna görə də iddia tələbi rədd edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. 50 manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı