Məhkəmə qərarları › İş №e-2(011)-3003/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3003/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3003/2023 05.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Adın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “ziyanın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 95 manat 10 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik məbləğində bank xidməti haqqının, ümumilikdə 225 manat 50 qəpik məbləğində pulun tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “K@TV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətlərin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə Bakı şəhəri ərazisində kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri yaşayış sahələrə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC tərəfindən "xxxx" hüquq firması ilə xx.xx.2008-ci il, xx.xx.2011 -ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Belə ki, xx.xx.2008-ci il tarixdə həmin ünvanda yaşayan Cəfərov Ələmşah ilə İddiaçı MMC arasında bağlanmış “K@TV1” xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən mənzil kabel televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2010-cu il tarixinədək etmiş və xx.xx.2010-cu il tarixdə şəbəkədən borcsuz ayrılmışdır. xx.xx.2014-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TVİ” kabel televiziyasının əməkdaşları Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 1565 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 1565 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2013-cü il tarixdə baxış keçirilmişdır. Habelə iddia ərizəsinə əlavə olunan Bakı şəhəri 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş AN-1 N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən də göründüyü kimi, Cavabdeh ünvan 1 ünvanda yerləşən mənzili 15 noyabr 2005-ci ildə başqa şəxsdən almış və qanunsuz qoşulma faktı baş verən zaman qeyd olunan mənzilin mülkiyyətçisi olmuşdur. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2013-cü il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 317 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 95 manat 10 qəpik təşkil edir. Həmçinin İddiaçı MMC“ Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1 -ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 1565 N saylı aktın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 92 saylı mənzilin sakininin “KATV1” kabel şəbəkəsinə lazımı müqavilə bağlamadan qanunsuz olaraq qoşulması aşkarlanmışdır. İş materiallarına olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Cəfərov Aləmşah arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2008-ci il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. xx.xx.2016cı il tarixinədək son ödəməsini etmişdir. xx.xx.2010-cı il tarixində borcsuz şəbəkədən ayrılmışdır. İş materiallarına olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanına 1565 nömrəli akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2013-cü il tarixində həmin binaya baxış keçirilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli AN-0052566 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanındakı yaşayış sahəsi Cavabdeh özgəninkiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, "xxxx" MMC (40050AZNHC**********) "xxxx" MMC-nin hesabına (AZ90PAHA40060AZNHC**********) hüquqi xidmətlərin göstərilməsi üçün 100 manat məbləğində pul ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim etdiyi aktlardan da görünür ki, kabel şəbəkəsinə baxış keçirilərkən ünvan 3 saylı mənzilində “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Qanunsuz qoşulmaya görə zərərin əvəzi kimi 95,10 manat məbləğində pul tələb edən iddiaçının tələbi əsaslıdır. Belə ki, cavabdehin şəbəkədən ayrıldığı xx.xx.2010-cu il tarixdən sonra ilk qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2014-cü il tarixə qədər olan müddət 317 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərər 95 manat 10 qəpik təşkil edir. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”nın 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 95,10 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia tələbinin iddiaçı tərəfindən 100 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1.-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə telekommunikasiya xətlərinə nəzarət baxışı zamanı binaların yoxlanmasının bir mənzil üzrə xidmət haqqının 100 manat məbləğində müəyyən edilməsini ağlabatan hesab etmir. Odur ki, iddia qeyd edilən hissədə qismən təmin edilərək, 50 manat məbləğində hüquqi xidmət üçün ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi olaraq 95,10 (doxsan beş manat on qəpik) manat, hüquqi yardıma görə çəkilən xərclərin əvəzi olaraq 50 (əlli) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı məbləği olmaqla, cəmi 175,5 (bir yüz yetmiş beş manat əlli qəpik) pul məbləği alınaraq iddiaçı "xxxx" MMC-nə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar