Məhkəmə qərarları › İş №e-2(011)-302/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-302/2024

10.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-302/2024 10.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zuar Taleh oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4137.52 manat məbləğində əsas borcun, 850.65 manat məbləğində faiz borcunun, 269.48 manat məbləğində cərimə borcunun, cəmi 5257.65 manat borcun və 73 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vüsalə Həsənova iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 23% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. X3 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli CC/71772/81 saylı kredit sazişindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən kredit xətti müqaviləsinə əsasən illik 23% olmaqla 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, kredit müqaviləsinə əsasən müştəriyə cari hesab və ssuda hesabı açılmışdır. Bu Müqaviləni (Sazişi) imzalamaqla Tərəflər təsdiq edir ki, kredit ödənişinin avtomatik qaydada həyata keçirilməsi üçün Müştərinin müraciəti əsasında Müştəriyə məxsus ödəniş kartının Bank tərəfindən təqdim edilən avtomatik ödəniş sisteminə qoşulması həyata keçirilə bilər. Bu formada təqdim edilən Xidmət Müştərini heç bir halda “Kredit müqaviləsi” üzrə ödənişlərin vaxtlı-vaxtında icra edilməsi və həmin ödənişlərin həyata keçirilməsinə nəzarət etməsi öhdəliyindən azad etmir. Müqavilənin qüvvədə olduğu müddət ərzində, istənilən vaxt hər hansı bir səbəbdən avtomatik ödəniş sistemi ilə ödəniş həyata keçirilməzsə və ya ödəniş qismən həyata keçirilərsə, bu zaman Müştəri tərəfindən “Kredit müqaviləsi”nin şərtlərinə müvafiq olaraq kredit üzrə ödənişlər adi qaydada həyata keçirilməlidir. İş materiallarında olan Ödəniş cədvəlindən (Əlavə №1) görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək hər ay 232,26 manat ödənişin həyata keçirilməsi, 2 gündən 90 günədək gecikdirilmiş kreditə görə, Kredit alan hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin 1 %-i miqdarında cərimə ödəyir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanladığı ərizədən görünür ki, ona 36 (otuz altı) ay müddətinə nağd kreditin alınması üçün 6000 manat məbləğində kreditin ayrılması xahiş edilmiş, həmin ərizədə göstərilən məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq etdiyi qeyd edilmişdir. İş materialalrında olan kassa məxaric orderindən görünür ki, Cavabdeh imza etməklə 6000 manat məbləği almışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC–yə 4137,52 manat əsas, 850,65 manat faiz və 269,48 manat cərimə borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli Bildiriş ünvanlanaraq, müqavilənin birtərəfli qaydada ləğv edildiyi və 4137,52 manat əsas, 850,65 manat faiz və 269,48 manat məbləğində kredit borcunun dərhal qaytarılması tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6971 saylı ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli CC/71772/81 saylı kredit sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh xx.xx.2023-cü il tarixinə İddiaçı ASC—yə olan borcu əsas borc üzrə 4085,62 manat, faiz borcu üzrə 840,50 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 36 ay müddətinə, illik faiz dərəcəsi 23 faiz olmaqla, 6000 manat məbləğində kredit verilməsini nəzərdə tutan kredit sazişi bağlanmışdır, cavabdeh müqavilədə nəzərdə tutulan məbləği iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərindən yayınaraq müqavilədə nəzərdə tutulmuş aylıq ödənişləri yerinə yetirməmiş və hazırda banka ödənilməmiş əsas, faiz və cərimə borcu qalmışdır. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, cavabdehdən tutulmalı olan əsas və faiz borcun məbləğini müəyyən edərkən xx.xx.2023-cü il tarixli 9/6971 saylı ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, əsas və faiz borc məbləği, ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 4085,62 manat və 840,50 manat həddində müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli FH-00744-00/22A nömrəli Kredit Müqaviləsi üzrə cərimə məbləğinin iddia tələbində göstərilmiş 269,48 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli CC/71772/81 saylı kredit müqaviləsi üzrə 4085,62 manat məbləğində əsas borc, 840,50 manat məbləğində faiz borcu, 269,48 manat cərimə borcu olmaqla, cəmi 5195,60 manat məbləğində borc alınaraq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, məhkəmə xərcləri cavabdehə aid edilməli və təmin edilmiş iddianın qiyməti nəzərə alınmaqla ödənilmiş dövlət rüsumunun əvəzi kimi 71,96 manat ondan alınaraq iddiaçıya, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3–cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli CC/71772/81 saylı kredit müqaviləsi üzrə 4085,62 manat məbləğində əsas borc, 840,50 manat məbləğində faiz borcu, 269,48 manat cərimə borcu olmaqla, cəmi 5195 (beş min yüz doxsan beş) manat 60 (altmış) qəpik məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat 96 (doxsan altı) qəpik Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 100 (yüz) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar