Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3042/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, İşin faktiki halları:
1. Tərəflər xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından iki övladları, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X3 doğulmuşdur. Tərəflərin nikahı Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, birgə nikahdan doğulmuş 2 uşağın iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
2. İddiaçı cavabdehdən xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay hər uşağa görə sabit pul məbləğində 220 manat pulun xeyrinə tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olmuşlar. Ailə həyatı qurduqdan sonra birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Yetkinlik yaşına çatmamış övladları böyüdükcə onların təlabatı və müvafiq olaraq xərcləri də artır. Övladlarının xərclərini qarşılamaq üçün hazırda heç bir maddi imkanı yoxdur. Özünün heç bir rəsmi işi, ümumiyyətlə hər hansı bir gəliri yoxdur. Övladlarını saxlamaq üçün çox böyük maddi və mənəvi çətinliklərlə üz-üzədir, əgər övladlarının saxlanması üçün atası tərəfindən yaşayış minumumu məbləğində aliment ödənməzsə, onların şəxsi inkişafı, təhsili, bir sözlə, cəmiyyətə inteqrasiyası dayanacaq, həyatları məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə baxışı zamanı bildirdi ki, iddiaçı ilə aralarında olan razılaşmaya görə uşaqlar həftədə iki gün olmaqla şənbə və bazar günləri onun yanında qalırlar. Bu zaman onların hər xərcini cavabdeh qarşılayır. Cavabdeh əvvəllər mobil telefon mağazında işləyirdi, pandemiyadan sonra taksi fəaliyyəti ilə məşğul olur. Aylıq qazancı hər ay 450 manat təşkil edir. Hal-hazırda həm də kreditə görə ödənişlər edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Konstitusiyası:
8. Maddə 17.İİ Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
9. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
10. Maddə 75.4 Valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
11. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 112.1.3. İddianın qiyməti, aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.
15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsi. Aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
İşə baxan məhkəmənin mövqeyi:
17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır.
18. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini başlıca olaraq, uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşağın daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil.
19. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir (§ 12).
20. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların böyüməsi ilə onların zəruri (qida, geyim, məktəb və s.) təlabatlarının artması alimentin məbləğinin artırılmasını şərtləndirən hal kimi qəbul oluna bilər.
21. Nəzərə alınmalıdır ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün alimentin artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2021-ci il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərc, eləcə gündəlik qida, geyim, habelə dərman və s. həyat üçün zəruri vasitələrin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın böyüməsi ilə onun xərclərinin və yuxarıda qeyd edilən tələbatlarının artması hazırda onun zəruri maddi ehtiyaclarının tam ödənilməsi üçün yetərli hesab edilə bilməz.
22. Odur ki, məhkəmə əvvəlki qətnamə ilə hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin artırılmasını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını nəzərə alaraq, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləğinin artırılmasını məqsədəuyğun hesab edir. Həmçinin, nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir.
23. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində də tövsiyyə edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
24. Lakin, məhkəmə tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılması qənaətinə gəlsə də, hesab edir ki, cavabdehin də maddi vəziyyəti nəzərə alınmalıdır. Belə ki, cavabdehin gəlir məlumatları barədə “Elektron Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən edilir ki, cavabdehin rəsmi iş yeri yoxdur.
25. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, 440 manat məbləğində alimentin tutulması onun maddi vəziyyətini həddən artıq ağırlaşdıra bilər, belə ki, cavabdehin maddi imkanı göstərilən həcmdə aliment ödəməsinə imkan vermir. İddiaçı da cavabdehin qazancı, yaxud tələb etdiyi alimenti onun ödəyə biləcəyi maddi duruma sahib olması barədə məhkəməyə əlavə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehdən tutulacaq alimentin artırılaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, 300 manat müəyyən edilməsini daha məqsədə uyğun hesab edir.
26. Alimentin tutulma müddətinə gəldikdə isə mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən (§ 26) xx.xx.2016-cı il tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-3029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2017ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı