Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3049/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Nokia 6.1” markalı telefonun (bundan sonra – Mobil telefon) nisyə alqı-satqısı barədə 40020315 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin əlavəsi olan ödəniş cədvəlinə görə əşyanın dəyəri 349,99 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödəniş isə 29 (sonuncu ay 30,99 manat) manat müəyyən edilmişdir.
2. Mobil telefon cavabdehə xx.xx.2022-ci il tarixdə təhvil verilmişdir.
3. Həmçinin, xx.xx.2019-cu il tarixdə iddiaçı ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi bağlanmış, müqavilə ilə "xxxx" MMC cavabdehə olan pul tələbini iddiaçıya (faktora) güzəşt etmişdir.
4. İddiaçı tərəfindən Mobil telefona görə ödəniş edilməmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı xx.xx.2022-ci il tarixli müqavilə üzrə 349,99 manat əsas borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış 40020315 saylı xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən o, 349,99 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi öhdəsinə götürüb. İddiaçı ilə "xxxx" MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin faktorinq müqaviləsinə əlavə olunan Sazişə əsasən cavabdehə qarşı olan 349,99 manat məbləğindəki tələb hüququ iddiaçıya keçmiş bu barədə ona müvafiq bildiriş təqdim edilmişdir. Tələb hüququnun iddiaçıya keçməsi barədə cavabdehə bildiriş verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq üzərinə götürdüyü öhdəliyi icra etməyərək aldığı əşyanın dəyərini ödəməmişdir.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı formada məhkəməyə təqdim edərək bildirmişdir ki, aldığı telefonu 5 gündən sonra "xxxx" MMC-yə geri qaytarmışdır.
Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiklərini nəzərə alaraq iclası iştirakları olmadan keçirməyi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, telefonu aldıqdan sonra işləmədiyi üçün 5 gündən sonra "xxxx" MMC-yə qaytarmış və bu barədə ona qəbz də verilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
13. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
15. Maddə 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
16. Maddə 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: - 587.2.1. alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; - 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsassızdır.
21. Mülki Məcəllənin 576-cı maddəsində verilən anlayışdan görünür ki, alqı-satqı müqaviləsi, tərəflər bu barədə razılığa gəldikləri andan bağlanmış (həm şifahi, həm də yazılı formada) sayılır. Müqavilə üzrə satıcının öhdəliyi razılaşdırılmış əşyanı (malı) alıcıya təhvil verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Alıcının isə əşyanı (malı) qəbul etmək öhdəliyi müqavilə bağlandlğı andan, bir qayda olaraq onun dəyərini ödəmək öhdəliyi isə əşya (mal) ona təhvil verildikdən sonra (lakin tərəflər arasında əşyanın əvvəlcədən ödənilməsi də nəzərdə tutula bilər) başlanır.
22. İşin mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləlsi bağlanmış, müqavilədə nəzərdə tutulmuş əşya (mobil telefon) cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır.
23. Lakin işin faktiki hallarından müəyyən edilir ki, cavabdeh Mobil telefonu aldıqdan 7 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə qaytarmış, Mobil telefon Fatma Əmirli tərəfindən qəbul edilmiş və bu barədə cavabdehə eyni tarixli, 7429 nömrəli qəbz verilmişdir. Qəbzdə telefonla bərabər onun digər aksessarlarının (qutu, iynə, qulaqcıq və s.) da qaytarılması, zədələrin olması, Mobil telefondakı qüsurun enerji saxlamaması və tez qızması, habelə Mobil telefonu cavabdehin qaytarmaq istəməsi barədə qeydlər aparılmışdır. Mobil telefonun sonradan təmir olunaraq yenidən cavabdehə verilməsi barədə isə iddiaçı məhkəməyə heç bir sübut təqdiim etməmişdir.
24. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsinin tərəfi olan satıcının qanunla bir çox öhdəlikləri nəzərdə tutulmuşdur ki, onlardan biri də satıcının alıcıya keyfiyyətli məhsul verilməsi ilə bağlıdır. Satılmış əşyanın keyfiyyəti barədə isə qanunda iki meyar nəzərdə tutulmuşdur: birinci meyara görə satılmış əşyanın keyfiyyəti göstəriciləri müqavilə ilə müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsində əşyanın keyfiyyət dərəcəsi (göstəricisi) barədə müddəa nəzərdə tutulmamışdır; ikinci meyar əşyanın keyfiyyəti barədə müqavilədə konkret şərtin göstərilməməsi hallarına aiddir. Bu zaman satıcı alıcıya elə əşya verməlidir ki, bu əşyanın təyinatına uyğun adi istifadə qaydalarına cavab vermiş olsun.
25. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq edilməlidir. Çünki, əvvəldə də qeyd edildiyi kimi, nisyə alqı-satqı müqaviləsində Mobil telefonun keyfiyyət göstəricisi barədə hansısa şərtlər nəzərdə tutulmamışdır. Bu zaman iddiaçı cavabdehə Mobil telefondan adi istifadə qaydalarına cavab verəcək keyfiyyətdə əşya verməli idi.
26. Lakin işdə olan Mobil telefonun qaytarılmasına dair 7429 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən əşyanın qaytarılmasına səbəb onun enerji saxlamaması və tez qızması ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, bu halın mövcudluğu iddiaçı tərəfindən cavabdehə keyfiyyətsiz əşya verilməsi barədə qənaətə gəlməyə əsas verir. Çünki yeni alınmış istənilən mobil telefon onun digər texniki parametrlərinə uyğun olaraq müəyyən müddət enerji saxlamaq qabiliyyətinə malik olmalı, ən əsası isə istifadə zamanı qızmamalıdır. İstənilən yeni mobil telefonun enerji saxlamaması və tez qızması isə onun adi istifadə qaydalarına uyğun olmamaqla keyfiyyətsiz olması qənaətinə gəlməyə əsas verir.
27. Mülki Məcəllənin 587.2-ci maddəsində keyfiyyətsiz əşya almış alıcının hüquqları nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da aydın olur ki, keyfiyyətsiz əşya almış alıcının ixtiyarı var ki, öz seçimi ilə alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.
28. İşin faktiki hallarından da görünür ki, cavabdeh Mobil telefonu iddiaçıya qaytarmaqla, onun icrasından imtina etmişdir. Onun müqavilənin icrasından imtina etməsi isə iddiaçının öz öhdəliyini lazımı qaydada icra etməməsi ilə bağlı olmuşdur.
29. Məhkəmə qeyd edir ki, üzərinə öhdəlik götürmüş hər bir tərəf öhdəliyini vicdanla yerinə yetirmək vəzifəsi daşıyır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarının təmin edilməsinə yönələn addımdır. Bu səbəbdən də, qanunvericilik öhdəliyin icrası zamanı vicdanlılıq şərtlərini təkcə tərəflər arasında bağlanmış müqavilənin məzmunundan irəli gələn hərəkətlərin yerinə yetirilməsi ilə məhdudlaşdırmır, hətta müqavilədə və qanunda nəzərdə tutulmasa belə, tərəflərin mənafelərinə uyğun gələn tərzdə, işgüzar adətlərə uyğun icra edilməsini təşviq edir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı