Məhkəmə qərarları › İş №e-2(011)-305/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-305/2025

08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-305/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 104 saylı kredit müqaviləsinə əsasən cavabdehə 180 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış 140/R müqavilə əsasında Cavabdeh sərəncamında olan və kredit hesabına alınmış Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 37 saylı mənzil ipotekaya qoyulmuşdur. Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 37 saylı saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixli 104/1 ipoteka müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin 2.1-ci bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcunu ödəməmişdir. Kredit müqavilələrinin 4.2-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciət olunmasına, habelə **********967 saylı bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək, mənfəət götürə bilərdi. Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2009-cu il tarixli 104 saylı kredit müqaviləsi üzrə cəmi borcu 122893,41 manat təşkil edir. Bundan 57423,88 manat əsas, 65469,53, manat faiz borcu təşkil edir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2009-cu il tarixli 104 saylı kredit müqaviləsi üzrə cəmi 122893,41 manat, bundan 57423,88 manat əsas, 65469,53 manat faiz və 413 manat dövlət rüsumunun Cavabdeh tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 37 saylı mənzilinə yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlak boşaldılaraq, alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, İddiaçı ASC bağlandığından kredit vəsaitin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderi məhv edilmişdir. İddiaçının nümayəndəsi bununla yanaşı məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, kredit müqaviləsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış və ödənişlər Cavabdeh bankdakı hesabına ödənildikdən sonra yalnızca bank tərəfindən borcun olmaması barədə arayış verilə bilərdi. Hazırda məhkəməyə təqdim edilmiş 06/37 saylı xx.xx.2014-cü il tarixli "xxxx" MTK tərəfindən verilmiş arayış etibarsızdır. Vəkil ərizədə qeyd etmişdir ki, iddia ərizəsi Bankla cavabdeh arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli və xüsusilə qeyd olunmalıdır ki, Cavabdeh məlumatsız olduğu, saxtakarlıq yolu ilə bağlanmış kredit müqaviləsinə istinad edir. Guya, cavabdeh həmin müqavilə üzrə Bankdan 100000 manat məbləğində kredit götürmüşdür. Lakin, həmin kreditin verilməsinə dair məhkəməyə heç bir sübütedici sənədlər təqdim edilməmişdir. Lakin ödəniş qəbzlərini ərizəyə qoşma edərək götürdüyü kredit borcu üzrə ödənişlər edərək borcu etiraf etmişdir, borclu götürmədiyi kredit üzrə ödənişlər həyata keçirməsi ərizədə qeyd etdiklərində təzad olduğunu göstərir. Cavabdeh bankla arasında ayrı-ayrılıqda iki kredit müqaviləsi bağlanmışdır və vəkil tərəfindən təqdim edilmiş ödəniş qəbzlərində göstərilən məbləğlərin hansı kredit üzrə ödənildiyi tam aydın deyildir, bu halın aydınlaşdırılması və hansı ödənişlərin icraatda olan iş üzrə mübahisə predmeti olan kredit borcuna ödənildiyini müəyyyən etmək üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilə bilər. Hazırda xx.xx.2009-cu il tarixli 104 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka 57423,88 manat əsas, 65469,53 manat faiz borcu, cəmi 122893,41 manat kredit borcu mövcuddur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, məhkəməyə etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, 09 dekabr 2009-cu il tarixli 104 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən binanın A blokunda 37 saylı mənzil cavabdeh tərəfindən ödənişlərin hissə-hissə edilməsi şərtilə alınmışdır. Adı çəkilən müqavilə üzrə 2009-2014-cü illər aralığında cavabdeh tərəfindən vaxtı-vaxtında ödənişlər edilərək, "xxxx" MTK tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə dair 24 iyun 2014-cü il tarixli 06/37 nömrəli arayış təqdim edilmişdir və həmin arayış əsasında 21 dekabr 2017-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bu da, müqavilə üzrə cavabdeh tərəfindən bütün öhdəliklərin vaxtında icra edilməsini təsdiq edir. Yuxarıda qeyd olunanlardan, məktuba əlavə edilmiş ödəniş sənədlərindən, həmçinin sonuncu ödənişdən dərhal sonra MTK tərəfindən mənzil dəyərinin tam ödənilməsinə dair arayışdan göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi deyil, hissəvi ödəniş şərtilə mənzil alışına dair müqavilə bağlanmışdır və müqavilə üzrə öhdəlikləri tam olaraq yerinə yetirilmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ******* nömrəli Çıxarışdan göründüyü kimi, Q.S. Qəniyevin mülkiyyətində olan əmlak üzərində hər-hansı yüklülük yoxdur. Bu isə həmin əmlaka münasibətdə kredit öhdəliyindən irəli gələn istənilən iddianı istisna edir. Nəzərə alınsa ki, iddiaçının iddiası yüklülüyü müəyyən edən ipoteka və ona bağlı kredit müqaviləsindən irəli gəlir, lakin həmin əmlak çıxarışa əsasən yüklü deyildir, bu zaman iddiaçının iddiasının əsassız olduğu bariz şəkildə aşkardır. İddiaçının iddiası o halda əsaslı hesab oluna bilərdi ki, çıxarışda əmlakın yüklülüyü ilə bağlı qeyd olsun. Əlavə olaraq, iddia ərizəsi Bankla cavabdeh arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli və xüsusilə qeyd olunmalıdır ki, cavabdehin məlumatsız olduğu, saxtakarlıq yolu ilə bağlanmış kredit müqaviləsinə istinad edir. Guya, cavabdeh həmin müqavilə üzrə Bankdan 100000 manat məbləğində kredit götürmüşdür. Lakin, həmin kreditin verilməsinə dair məhkəməyə heç bir sübütedici sənədlər təqdim edilməmişdir. O cümlədən, nə kassa (məxaric) sənədi, nə də cavabdehin ödəniş tapşırığı (əgər Cavabdeh hesabına guya mədaxil edilən vəsaiti harasa köçürübsə) təqdim edilməmişdir. Kreditin guya verildiyinə dəlil kimi yalnız cavabdehin bank hesabından çıxarışa istinad edilir. Halbuki, həmin sənəd Bankın öz sənədidir, cavabdeh onu imzalamayıb və imzalaya da bilməzdi. Eyni yanaşma ilə Bank hesabdan çıxarışda guya milyonlarla məbləğlərdə vəsaitinin cavabdehə verdiyini də iddia edə bilərdi. Hesabdan çıxarış vəsaitin bilavasitə verilməsini təsdiq edən sənədlərlə təsdiq edilməlidir. Belə sənədlər isə işdə yoxdur. Həmçinin, iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsinin 1.3-cü bəndində kreditin təyinatı kimi ünvan 1 ünvanında yerləşən binanın A blokunda 37 saylı mənzilin alışı olaraq göstərilmişdir. Odur ki, cavabdeh iddiaçının guya ona köçürdüyü kredit vəsaitinə dair heç bir sərəncam verməmişdir. Buna görə də həmin vəsaitin aqibəti naməlumdur. Bundan əlavə mənzil alışı zamanı bank tərəfindən ayrılmış kredit vəsaiti cavabdehin sərəncamına deyil birbaşa "xxxx" MTK-nın hesabına köçürülməli idi və bununla "xxxx" MTK tərəfindən dərhal cavabdehə mənzil üzrə borcunun olmamasını təsdiq edən “Maliyyə Arayışı” təqdim olunmalı idi və ya iddiaçı cavabdehin iddia tələbində qeyd edilmiş pul vəsaitini götürməsini təsdiq edən sənədləri, kassa məxaric orderini təqdim etməli idi. Lakin, cavabdeh mənzilin alışına dair müqavilənin 3-cü bəndində nəzərdə tutulmuş vəsaiti 22 aprel 2014-cü il tarixdə ödəyib bitirdikdən sonra "xxxx" MTK tərəfindən cavabdehə 24 iyun 2014-cü il tarixdə mənzilin dəyərinin tam ödənilməsinə dair “Maliyyə Arayışı” təqdim edilmişdir. Burdan da cavabdehin, iddiaçının və "xxxx" MTK-nın hərəkətlərindən görünür ki, mənzil ipoteka və ya kredit müqaviləsi üzrə deyil, şifahi razılaşdırılmış beş il ərzində mənzil üzrə 100000 manat borcun hissə-hissə ödənilməsi şərtilə satılmışdır. Bundan əlavə cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh tərəfindən sonuncu ödəniş 22 aprel 2014-cü il tarixdə edilmiş və bundan sonra hər hansı ödənişlər edilməmişdir, lakin bu qədər uzun müddətin keçmiş olmasına baxmayaraq bank tərəfindən cavabdehə hər-hansı pretenziya və ya iddialar göndərilməmişdir, hətta cavabdehin həmin kreditin mövcudluğu ilə bağlı iddiaçı tərəfindən pretenziya verilməyədək məlumatı belə olmamışdır. Bu isə bir daha kredit müqaviləsinin saxtakarlıq, etibardan sui-istifadə yolu ilə bağlanmasını və kredit müqavilə üzrə ayrılmış vəsaitə dair cavabdeh tərəfindən hər-hansı əməliyyatların olunmamasını və sözügedən vəsaitin aqibətinin naməlum olmasını sübür edir. Bu baxımdan, tərəflər arasında MM-in 739.1 və 739.2-ci maddələrinin tələblərinə uyğun kredit müqaviləsinin bağlanılması və cavabdehə həmin kredit müqaviləsi üzrə borcun verilməsi sübut olunmadığına görə tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Bank Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinin tələblərini pozmuşdur. Buna görə də ilk növbədə borcun yaranma əsası (pul verilmişdirmi? hansı sənəd əsasında və nə qədər verilmişdir?) müəyyən edilməlidir. Beləliklə, 09 dekabr 2009-ci il tarixli kredit və ipoteka müqavilələri əhəmiyyətsiz (etibarsız) əqddir. Bundan əlavə iddia tələbinin predmeti olan saxta kreditin rəsmiləşdirilməsi sənədlərində Cinayət Məcəlləsinin 308 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri üzrə cinayətlərin tərkibi mövcuddur. Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə Məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməsi hakimin vəzifəsidir. Ali Məhkəmədə oxşar mübahisələr üzrə çıxarılmış qərarlarda MPM-in 77.1-ci maddəsinə əsasən, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşıdığı müəyyən edilmişdir. Kredit müqaviləsindən irəli gələn tələblər üzrə iddiaçı tərəfindən məhkəməyə həmin kredit müqaviləsi (əsli və ya lazımi qaydada təsdiq edilmiş surəti) və kredit məbləğinin cavabdehə verilməsini təsdiq edən sənədlər (kassa məxaric orderi və s.) təqdim edilməyibsə və təqdim edilmiş ödəniş qəbzlərindən onların hansı müqavilə üzrə ödənildiyi müəyyən olunmursa, öhdəliyin mövcudluğu sübuta yetirilmədiyindən bankların bu kateqoriya tələbləri rədd edilir. Bankın təqdim etdiyi hesabdan çıxarış və maliyyə arayışı isə birtərəfli qaydada tərtib edilmiş sənədlər olduğundan həmin halı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmir (Ali Məhkəmənin 2(102)-1113/2021, 2(102)-2906/2021, 2-2(102)-239/2021, 2-2(102)- 402/2022 və 2(102)- 546/2023 nömrəli işlər üzrə qərarları). Məhkəmə iclasında cavabdehin nümayəndəsi əlavə olaraq bildirmişdir ki, "xxxx" MTK, ilə İddiaçı ASC eyni şəxsə məxsus olmuşdur, həmin şəxs hal-hazırda cəzaçəkmə müəssisəsindədir. Həmin şəxslə cavabdeh arasında tanışlıq münasibətləri olmuş, mənzil cavabdehə satılan zaman MTK-nın rəhbəri Nadir İsmayılov mənzilə görə ödəniləcək pulu kredit müqaviləsi kimi cavabdehə imzalatdırmış, lakin bank tərəfindən cavabdehə heç bir pul vəsaiti veilməmişdir. Cavabdeh mənzilin dəyərini 2014-cü ildə ödəmiş və bununla bağlı maliyyə arayışı da almışdır. Hazırda 10-15 il keçəndən sonra iddiaçı bu cür iddia qaldırmışdır. Cavabdehə kreditin verilməsini təsdiq edən kassa məxaric orderi məhkəməyə təqdim edilməmişdir. Cavabdehlə müqavilə bağlanıla bilər, lakin onun kredit öhdəliyinin olması üçün həmin vəsait cavabdehə təhvil verilməli idi. Hazırda sübutetmə yükü iddiaçının üzərində düşür. Cavabdehin ödədiyi məbləğlər "xxxx" MTk-dan aldığı mənzilin alınmasına görə olmuşdur. Mənzil ipoteka ilə yüklü olsa idi, cavabdehin adına çıxarış verilən zaman qeyd edilərdi. Mənzil cavabdehə faizsiz, 100000 manat məbləğinə satılmışdır. MTK-nın rəhbərinin məhkumluğu ilə bağlı hökmdən də görünür ki, şəxs hazırkı iş üzrə oxşar əməllərinə görə azadlıqdan məhrum edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli, 104 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 15%-lə 180 ay müddətinə 100000 manat məbləğində kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın A blokunda 37 saylı mənzilin alınmasına verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh bankla arasında olan 09 dekabr 2009-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 37 saylı mənzil bankın xeyrinə girov qoyulmuşdur. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 12 iyul 2024-cü il tarixli maliyə arayışdan görünür ki, Cavabdeh əsas borcu 57423,88 manat, 65469,53 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 122893,41 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan "xxxx" MTK ilə Cavabdeh arasında bağlanılmış 09 dekabr 2009-cu il tarixli 140/R nömrəli müqavilənin surətindən görünür ki, bu müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir. Satışa qəbul edilmiş mənzilin ünvanı, dəyəri və ödəniş qaydaları icraçı və alıcı ilə tikintisini razılaşdığı mənzil Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binasının A blokunda 15 mərtəbəsində 37 saylı mənzilində yerləşməklə ümumi sahəsi 109 kv.m olmaqla 2 otaqdan ibarət olacaqdır. Mənzilin qiyməti ümumi sahəsi ilə hesablanmaqla hər bir kv.m üçün 917 manat, cəmi 100000 manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən Cavabdeh verilmiş 24 iyun 2014-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli 140/R saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə ünvanında inşa edilmiş 2 yaşayış binasının 15 mərtəbəsində ümumi sahəsi 109 kv.m olmaqla 37 saylı mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən Cavabdeh verilmiş 24 iyun 2024-cü il tarixli 06/37 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh ilə "xxxx" MTK arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli 140/R saylı müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə ünvanında inşa edilmiş 2 yaşayış binasının 15ci mərtəbəsində ümumi sahəsi 109 kv.m olmaqla 37 saylı mənzilin dəyəri tam olaraq ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, məhəllə 1130, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 99.9 kv/m olan 37 saylı mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 21 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASCnin hesabına 09 dekabr 2009-cu il tarixdən 22 aprel 2014-cü il tarixədək ümumilikdə 100100 manat ödəniş edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/10443 saylı, 06 may 2025-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlər, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 09 dekabr 2009cu il tarixli, 104 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh İddiaçı ASC-yə 09 dekabr 2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə olan əsas borcu – 57189,39 manat, 91193,24 manat faiz borcu vardır. Hazırkı ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış 09 dekabr 2009-cu il tarixli, 104 nömrəli kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat (cərimə hesabı üzrə silinmələri özündə əks etdirən çıxarış) olmadığı üçün 09 dekabr 2024-cü il (kredit müqaviləsinin müddətinin bitdiyi) tarixə Cavabdeh cərimə borcu hesablamamışdır. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-80/2022 saylı 04 fevral 2022-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı ASC-nin təsisçisi və Müşahidə Şurasının sədri vəzifəsində işləmiş X9 Azərbaycan Respublikası CM-nin 178.3.2, 179.3.2, 308.2 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, X5 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyəbank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndam məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 179.3.2-ci maddəsi ilə CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndam məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 308.2-ci maddəsi ilə 02 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 66.3 və 64-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə X5 qəti olaraq 03 il müddətə dövlət və yerli özünüidarə orqanlarında maliyyə-bank sektorunda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 14 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Həmin hökmdən görünür ki, X9 bankın Müşahidə şurasının sədri vəzifəsinə seçilməklə həmin vəzifədə işləyərkən təşkilati sərəncamverici funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, istintaqla şəxsiyyətləri araşdırılan həmin bankın vəzifəli şəxslərinin, adlarına kredit vəsaitinin ayrılması üçün şəxslərin müəyyən edilməsi və həmin şəxslərin iştirakı ilə kredit rəsmiləşdirilməsinin həyata keçirilməsinə dair məsləhətləri və məlumatları, habelə maneələri aradan qaldırmaqla etdikləri yardımda ifadə olunan köməkçilikləri ilə qulluq mövqeyindən istifadə etməklə, ona etibar edilmiş həmin banka məxsus əmlakı mənimsəmə yolu ilə talamışdır. X1 qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binada X2 109 m2 sahəli 43 nömrəli mənzil satın alması üçün həmin bank tərəfindən xx.xx.2012-ci il tarixli 158 saylı kredit və 158/1 saylı ipoteka müqavilələri üzrə götürdüyü 98.100 manat məbləğində kredit vəsaitindən ödənilməmiş qalan 30.000 manat məbləğində əsas borcun həmin banka ödənilərək mənzil borcunun olmamasına dair qeyd olunan mənzili sonradan başqa şəxsə satılması məqsədilə alan şəxsin adına maliyyə arayışı verilməsinə dair özünə müraciəti ilə əlaqədar Ceyhun İsmayılova kredit üzrə təxminən 30.000 manat əsas borcunun olmasını, 30.000 manat məbləğində pul ödədiyi təqdirdə həmin kreditlər üzrə borcun olmamasına dair maliyyə arayışı verəcəyi barədə sonuncuya yalandan vəd verməklə onu aldadıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 2015-ci il tarixdə bankın Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən baş ofisindəki xidməti otağında Ceyhun İsmayılovdan 30.000 manat məbləğində pul vəsaitini şəxsən alıb, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə köməkçi qismində ona yardım edən bankın səlahiyyətli vəzifəli şəxsləri tərəfindən qanunsuz olaraq hazırlanmaqla əsas borcun bağlanması üçün qeyd edilən məbləğin ödənilməsi barədə qəbzi sonuncuya verib, ondan aldığı həmin məbləği banka ödəməməklə şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Ceyhun. İsmayılova məxsus 30.000 (otuz min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla tərkarən dələduzluq etmiş, biləbilə hüquq verən saxta rəsmi sənəddən istifadə etmişdir. X1 qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə, İddiaçı ASC-nin Bakı filialının müdiri vəzifəsində işləmiş X4, faktiki olaraq özünün idarəçiliyində olan "xxxx" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilmiş binada 170 m2 sahəli 52 nömrəli mənzil satın alınması üçün həmin bank tərəfindən xx.xx.2011-ci il tarixli 149 saylı kredit və 149/1 saylı ipoteka müqaviləri üzrə götürdüyü 136.000 manat məbləğində kredit vəsaitindən ödənilməmiş qalan 119.657 manat məbləğində əsas borcun, habelə, 27 aprel 2011-ci il tarixli müqavilə üzrə Elşən Şirinova təqdim edilmiş plastik kredit kartı üzrə istifadə edilmiş 15.000 manat məbləğində pul vəsaitindən ödənilməmiş qalan 10.366 manat əsas borcun həmin banka ödənilərək mənzilin borcunun olmamasına dair qeyd olunan mənzili sonradan satın alan X3 adına maliyyə arayışı verilməsinə dair 2019-cu ilin fevral ayının 12-də özünə müraciəti ilə əlaqədar Elşən Şirinova 2 kredit üzrə cəmi 130.023 manat əsas borcunun olmasını, 145.000 manat məbləğində pul ödədiyi təqdirdə həmin kreditlər üzrə həm əsas, həm də faiz borcunu Azərbaycan Respublikasının Əmanətlərin Sığortalanması Fondunda təsis edilmiş Kredit Komitəsinin qərarına əsasən sildirəcəyinə və "Lalə” MTK-nın qeyd edilən məzmunda maliyyə arayışını verəcəyinə dair yalandan vəd verməklə aldadıb, özü barəsində formalaşdırdığı inam və etibardan sui-istifadə edərək, həmin adla 12 fevral 2019- cu il tarixdə Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi məhəllə 1130 ünvanında yerləşən Ləğvetmə prosesində olan İddiaçı ASC-nin baş ofisindəki xidməti otağında Elşən Şirinovdan 145.000 manat məbləğində pul vəsaitini şəxsən alıb, inandırmaq üçün istintaqla müəyyən edilməyən şəraitdə qanunsuz olaraq hazırlanmaqla məzmununa Yusif Abdurahmanov tərəfindən "xxxx" MTK-da olan 52 nömrəli mənzilin dəyərinin tam ödənilməsi və həmin mənzilə görə borcunun olmamasına dair bilə-bilə yalan məlumatlar daxil edilmiş həmin Kooperativin adından sədr tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.2019-cu il tarixli bilə-bilə saxta maliyyə arayışından istifadə etməklə Elşən Şirinova verərək, sonuncudan aldığı həmin məbləği Əmanətlərin Sığortalanması Fonduna ödəməməklə şəxsi ehtiyaclarına sərf edib, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Elşən Şirinova məxsus 145.000 (bir yüz qırx beş min) manat məbləğində pul vəsaitini ələ keçirərək ona külli miqdarda ziyan vurmaqla tərkarən dələduzluq etmiş, bilə-bilə hüquq verən saxta rəsmi sənəddən təkrarən istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 406.3-ci maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 307.6-cı maddəsinə əsasən ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. 89.3-ci maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Beləliklə, mülki işdə olan sübutlardan və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı tərəflər arasında bağlanmış 09 dekabr 2009-cu il tarixli, 104 saylı kredit müqaviləsinə istinad edərək, bank tərəfindən cavabdehə illik 15%-lə 180 ay müddətinə 100000 manat məbləğində kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın A blokunda 37 saylı mənzilin alınması məqsədi ilə verildiyini və həmin kredit müqaviləsi üzrə ödənilməli olan cəmi 122893,41 manat, bundan 57423,88 manat əsas, 65469,53 manat faiz borcunun cavabdehdən tutulmasını və tələbin ipoteka predmetinə yönəldilməsini tələb etmişdir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanında yerləşən binanın A blokunda 37 saylı mənzilin alınması üçün 100000 manat məbləğində kreditin verilməsinə dair kredit müqaviləsi bağlansa da, həmin vəsaitin cavabdehə təqdim edilməsini təsdiq edən kassa məxaric orderi və ya vəsaitin cavabdehin hesabına köçürülməsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmiş, iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin sənədin məhv edildiyini bildirmişdir. Kredit müqaviləsinin əslinin məhkəməyə təqdim edildiyi halda, yalnız kassa məxaric orderinin məhv edilməsi ağlabatan hesab edilmir. Eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri, Ə.Quliyev küçəsi, 1130-cu məhəllədə 2-ci yaşayış binanın A blokunda 37 saylı saylı mənzilin ipotekaya qoyulması barədə Bank ilə Cavabdeh arasında imzalanmış xx.xx.2009-cu il tarixli 104/1 ipoteka müqaviləsi notarial qaydada təsdiq edilməmişdir, həmçinin hal-hazırda həmin mənzil üzərində ipoteka yüklülüyü mövcud deyil. Eyni zamanda iş materiallarında olan hökmdən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə "xxxx" MTK-nın rəhbəri eyni şəxs - X11 olmuş, həmin şəxslə cavabdeh arasında tanışlıq münasibətləri olduğundan "xxxx" MTK ilə cavabdeh arasında Bakı şəhəri, Xətai rayonu, Ə.Quliyev küçəsi, 1130-cu məhəllə ünvanında inşa edilmiş 2 yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 109 kv.m olmaqla 37 saylı mənzilin alınmasına dair 09 dekabr 2009-cu il tarixli 140/R nömrəli müqavilə imzalanmış, həmin müqaviləyə əsasən alıcı aldığı mənzilin dəyəri olan 100000 manat pul vəsaitini müəyyən edilmiş müddətdə MTK-ya ödəməli olmuş, cavabdeh həmin məbləği tamamilə ödəmişdir. Cavabdeh X6 göstərişi ilə mənzilə görə aylıq ödənişlərini 09 dekabr 2009-cu il tarixdən 22 aprel 2014-cü il tarixədək ümumilikdə 100100 manat pul vəsaitini İddiaçı ASC-də olan hesaba ödəmişdir. Mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı "xxxx" MTK tərəfindən 24 iyun 2014-cü il tarixdə arayış verilmiş, həmin mənzil Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəli reyestr nömrəsi ilə 21 dekabr 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Təqdim edilmiş çıxarışda mənzilin ipoteka ilə yüklü edilməsi müəyyən edilməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada təsdiq edilməmişdir. Eyni zamanda iddiaçının tələb etdiyi kredit vəsaiti mənzilin alınması üçün verilsə də, həmin vəsaitin MTK-nın hesabına köçürülməsini təsdiq edən mötəbər sübut da məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan hökmlə təsdiq edilir ki, İddiaçı ASC ilə "xxxx" MTK-nın rəhbəri eyni şəxs - X11 dəfələrlə analoji əməllərə yol verdiyi üçün məhkum olunmuşdur. Bununla bağlı olaraq məhkəmə cavabdeh tərəfin izahatında verdiyi məlumatı ağlabatan hesab edir. Beləliklə, məhkəmə işin faktiki hallarına və təqdim edilmiş sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə cavabdehin arasında kredit müqaviləsi imzalansa da, həmin müqavilədə qeyd edilmiş pul vəsaitinin nə cavabdehə verilməsi, nə mənzilin satışını həyata keçirən MTK-ya köçürülməsi sübut edilmədiyindən, həmin kreditin təminatı olaraq ipoteka müqaviləsi imzalansa da, notarial qaydada təsdiq edilmədiyindən, ipoteka predmeti olan mənzilin dəyəri tam olaraq ödənildiyindən və hazırda həmin mənzil üzərində ipoteka yüklülüyü mövcud olmadığından, beləliklə də cavabdehin iddiaçı bank qarşısında öhdəliyinin olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar