Məhkəmə qərarları › İş №e-2(011)-3054/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3054/2023

25.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3054/2023 25.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçının mülkiyyətində olan “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BB185252 seriyalı, 2021-ci il buraxılışlı, Ban: XWBTF69V9NA019686, ağ rəngli avtomobil) aralarında bağlanılmış icarə müqaviləsi əsasında etibarnamə ilə idarə olunması üçün Cavabdeh istifadəsinə verilmişdir.

2. Cavabdeh avtomaşını idarə edərkən xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri İ.Səfərli və Vidadi küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş və xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında TP_5136115 nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 60 manat cərimə edilmə haqqında tənbeh verilmişdir.

3. Cavabdeh hərəkətləri nəticəsində avtomaşına zərər dəymişdir. Belə ki, avtomaşın təmir olunması üçün “RS Avtoservis”ə aparılmış və sonuncu tərəfindən verilən qüsur aktına əsasən avtomaşının təmir bərpası üçün 3011 manat tələb olunmuşdur. Lakin cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmiş, buna görə də İddiaçı həmin vaxt avtomobili “RS Avtoservis”də 3011 manat ödəyərək öz hesabına təmir etdirmişdir.

İddiaçının tələbi:

4. Cavabdeh 3011 manat məbləğində maddi ziyan, hüquqi yardımla əlaqədar ödənilmiş 100 manat məbləğində xidmət haqqı, 52 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 3163 manat pul vəsaitinin əvəzinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

6. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçının maşınını idarə edən zaman qəza törətmiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

8. xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən, “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı, 2021-ci il buraxılışlı, ağ rəngli avtomobilə dəymiş zərərin həcmi 3110 manat məbləğində hesablanmışdır;

9. 08.06.202-ci il tarixli nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı etibarnamə üzrə Cavabdeh nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir;

10. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı nəqliyyat vasitəsini icarəyə verməyi, Cavabdeh isə ona etibar edilmiş nəqliyyat vasitəsini istifadəetmə məsuliyyətini öz üzərinə götürməklə müqavilə şərtlərinə əməl etməyi öz öhdəliyinə götürmüşdür;

11. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən, Cavabdeh öz imzasi ilə təsdiq etmişdir ki, “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxımdan saz vəziyyətdədir, heç bir qüsuru yoxdur və bütün ləvazimatları yerindədir;

12. xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndinə əsasən tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəmişlər;

13. xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, İ.Səfərli-Vidadi küçələrinin kəsişməsində xx.xx.2022-ci il tarixində, saat 23:30-da “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir;

14. İnzibati tənbeh vermə haqqında TP_5136115 nömrəli qərara əsasən, Yarıyev X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanə törətdiyinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir;

15. 038091 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışa əsasən, 15.07.022ci il tarixində saat 23:30-da İ.Səfərli-Vidadi küçələrinin kəsişməsində “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsininin ön hissəsi əzilmişdir;

16. xx.xx.2022-ci il tarixli 484440 nömrəli qəbzə əsasən, ehtiyat hissələri üçün 1581 manat, zəhmət haqqı üçün isə 1430 manat olmaqla, ümumilikdə 3011 manat məbləğində pul ödənilmişdir;

17. xx.xx.2023-cü il tarixli qəbzə əsasən, İddiaçı tərəfindən 100 manat 14 saylı Vəkil Bürosunun hesab nömrəsinə ödənilmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Zərərlə bağlı müddəalar Mülki Məcəllənin ümumi hissəsinin digər normalarında da nəzərdə tutulmuşdur.

Məhkəmənin mövqeyi: 21.Məhkəmə işin hallarını, tərəfin izahatını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

22. Məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində cavabdehə “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verdiyini, Cavabdeh isə yol nəqliyyat hadisəsi törədərək avtomobilə ziyan vurmasına istinad etmiş və istinad etdiyi halları, faktları təsdiq edən sübutları – İddiaçı ilə Cavabdeh arasında bağlanılmış nəqliyyat vasitəsinin istifadə edilməsinə dair icarə müqaviləsini, inzibati xəta haqqında protokolu, nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışı məhkəməyə təqdim etmişdir. İnzibati xəta haqqında protokol ilə Cavabdeh yol nəqliyyat hadisəsi törətməsi, nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışa əsasən həmin yol nəqliyyat hadisəsi nəticəsində “X2” markalı **- DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin zədələnməsi, xx.xx.2022-ci il tarixli 484440 nömrəli qəbz ilə nəqliyyat vasitəsinə dəymiş zərərin 3011 manat məbləğində olması öz təsdiqini tapmışdır. Belə ki, tərəflər öz razılıqları ilə icarə müqaviləsini imzalamış, bu müqavilə ilə Cavabdeh ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanması və təhlükəsizliyini təmin etməyi, nəqliyyat vasitəsinin sıradan çıxmış tam hissələrini rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyi, eləcə də müqavilə ilə nəzərdə tutulmuş digər şərtlərə əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanılmış təhviltəslim aktına əsasən Cavabdeh öz imzası ilə nəqliyyat vasitəsini təhvil alarkən onda heç bir qüsur olmadığını, bütün ləvazimatların yerində olduğunu təsdiq etmişdir. İnzibati xəta haqqında protokola əsasən Səfərli-Vidadi küçələrinin kəsişməsində xx.xx.2022-ci il tarixində, saat 23:30-da “X2” markalı **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi, 038091 saylı nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışa əsasən isə nəqliyyat vasitəsininin ön hissəsinin əzilməsi faktı öz əksini tapmışdır.

23. Həmçinin Mülki Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin 20-ci bəndinə əsasən tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı bir məhkəmə mübahisəsinə icarəyə verənin qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişdirlər. Bu səbəbdən də işə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalıdır.

24. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3011 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir.

Məhkəmə xərcləri:

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. İddia ərizəsinin tərtib edilməsinə görə çəkilmiş 100 manat əlavə xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı iddiaçı çəkdiyi xərci təsdiq edən sənədi (qəbzi) mülki iş materiallarına əlavə etmişdir. Odur ki, məhkəmə çəkilmiş əlavə xərc olan 100 manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlir.

27. MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 (əlli iki) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia tələbi təmin edilsin.

2. Cavabdeh maddi ziyana görə 3011 (üç min on bir) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin.

3. İddiaçı tərəfindən ödənilmiş hüquqi yardıma görə 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin.

4. İddiaçı tərəfindən ödənilmiş 52 (əlli iki) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

6. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar