Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3060/2022 24.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 997,95 manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 23,01 manat, cəmi 1020,96 manat kredit borcunun və 30,02 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Şahlar oğlu arasında 11 sentyabr 2019-cu il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən ona illik 1 (bir) faiz dərəcəsi ilə 1000 (min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən Cavabdeh Şahlar oğlu məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək şərti ilə kredit verilir, Borcalan isə istifadə etdiyi krediti və hesablanmış faizləri müəyyən edilmiş vaxt ərzində Banka qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən Sizə kredit 60 (altmış) ay müddətinə verilir və həmin müqavilənin 2.3-cü bəndinə əsasən kreditin qaytarılması bu Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş cədvəl üzrə həyata keçirilir. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən faizlərin hesablanması kreditin Borcalan verildiyi gündən başlanır və kredit müddətinin bitməsindən asılı olmayaraq kredit tam ödənilənədək davam edir. Həmin müqavilənin 2.9-cu bəndinə əsəsan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün əsas borcun ödənilməmiş hissəsinə görə bu kredit müqaviləsinin 2.2-ci bəndində göstərilən dəbbə pulu hesablanır. Cavabdeh Şahlar oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə onun Banka əsas borc üzrə 997.95 (doqquz yüz doxsan yeddi manat, 95 qəpik) manat, xx.xx.2022-ci il tarixə faiz borcu üzrə 23.01 (iyirmi üç, 01 qəpik) manat, cəmi 1020.96 (bir min iyirmi manat, 96 qəpik) manat məbləğində borcu yaranmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ******* nömrəli “Problemli Kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi”ndən görünür ki, bankla borcalan arasında bağlanmış xx.xx.2014-cü il tarixli 100-44975/F nömrəli Kredit müqaviləsinə əsasən Borcalana verilmiş və vaxtı keçmiş kredit borcunun restrukturizasiya edilməsi üzrə şərtləri müəyyən edir və Banka Borcalan arasında yaranan münasibətləri tənzimləyir. Bank borcluya 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə, 1 il güzəşt müddəti tətbiq edilməklə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, borclu Cavabdeh xx.xx.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə əsas kredit borcu 997,95 manat, faiz borcu 23,01 manat, ümumilikdə 1020,96 manat məbləğində müəyyən edilir. İş materiallarında olan bildirişlərin surətlərindən müəyyən olunur ki, İddiaçı ASC-nin Cavabdeh banka olan borc məbləğini 10 iş günü müddətində ödəməyi təklif edərək, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə bildirmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30.02 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin və komissiya üzrə borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 30.02 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2019-cu il tarixli ******* nömrəli “Problemli Kreditin restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi” ləğv edilsin. Cavabdeh əsas borc üzrə 997.95 (doqquz yüz doxsan yeddi manat doxsan beş qəpik) manat, faiz borcu üzrə 23,01 (iyirmi üç manat, bir qəpik), cəmi 1020.96 (bir min iyirmi manat doxsan altı qəpik) manat və 30.02 (otuz manat iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3060/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3060/2022
24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver