Məhkəmə qərarları › İş №e-2(011)-3069/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3069/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3069/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9.514,16 manat əsas, 881.88 manat faiz, cəmi 10.396,04 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 121.59 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Paşayev Elşad Şirağa oğluna şəxsi (istehlak) məqsədləri üçün 36 ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 11.000 manat məbləğində krеdit vеrilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Paşayev Elşad Şirağa oğlu arasında 14 aprel 2022-ci il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Paşayev Elşad Şirağa oğlunun 05 fevral 2024-cü il tarixinə əsas borcu 9.514,16 manat, faiz borcu 881.88 manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ № 277258 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Paşayev Elşad Şirağa oğlu 17 noyabr 2022-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilən məlumata əsasən Paşayev Elşad Şirağa oğlunun vəfatından sonra Tərtər rayon Notariat ofisində vərəsəlik işinin açılması aşkarlanmışdır. Bankın 04 dekabr 2023-cü il tarixdə qeyd olunan notariat ofisinə ünvanladığı sorğusuna cavab olaraq, 18 may 2023-cü il tarixində vərəsəlik işi açılmışdır və Paşayev Elşad Şirağa oğlunun vərəsəsi – ünvan 1 ünvanında qeydiyyata olan Cavabdehdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehin vərəsəsinə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Paşayev Elşad Şirağa oğlunun vərəsəsi Cavabdeh bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehin vərəsəsinə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubu da cavabsız qalmışdır. 14 aprel 2022-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununlа dа cavabdehin vərəsəsindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehin İddiaçı Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 10.396,04 manat təşkil еdir ki, bu bоrcun dа cavabdehin vərəsəsi tərəfindən ödənilməsi təmin еdilməlidir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə cavabdehin mərhum əri Paşayev Elşad Şirağa oğlu arasında bağlanmış 14 aprel 2022-ci il tariхli, ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 15% dərəcəsi ilə 11.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, 05 fevral 2024-cü il tarixinə borcalan Paşayev Elşad Şirağa oğlunun 14 aprel 2022-ci il tariхli müqavilə üzrə banka olan borcu 9.514,16 manat əsas, 881.88 manat faiz borcu olmaqla, ümumilikdə 10.396,04 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehin mərhum əri Paşayev Elşad Şirağa oğlu 17 noyabr 2022-ci il tarixində vəfat etmişdir. Cavabdeh Paşayev Elşad Şirağa oğlundan qalmış miras əmlakı qəbul etmiş və ona 18 may 2023-cü il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 24 fevral 2023cü il tarixdə verilmiş 3-17-1/2-37739/2023 nömrəli sənədə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Paşayev Elşad Şirağa oğlunun vərəsələrinə çatası 11.000 manat icbari sığorta ödənişindən; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən 14 yanvar 2023-cü il tarixdə verilmiş 3-17-1/2-6497/2023 nömrəli sənədə əsasən Paşayev Elşad Şirağa oğluna təqaüdü üzrə ödənilməyən 845.33 manat pul məbləğindən və 033 saylı Hərbi hissənin maliyyə xidməti idarəsi tərəfindən 31 yanvar 2023-cü il tarixdə verilmiş 1 nömrəli arayışa əsasən mərhum Paşayev Elşad Şirağa oğluna ödənilməyən əşya əmlakının əvəzinə 2.079,05 manat pul kompensasiyasından ibarətdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, borcalan həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanunu: 2.1.5-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxs – bu Qanunla müəyyən edilmiş qaydada sığorta ödənişini almaq hüququ olan sığortaolunan və ya onun vərəsəsidir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı: “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5 və 4-1.3cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur; “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun 2022ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Paşayev Elşad Şirağa oğlu kredit müqaviləsi üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Nə qədər ki, Paşayev Elşad Şirağa oğlu vəfat etmiş və hazırkı iş üzrə Cavabdeh onun vərəsəsi kimi tanınmışdır, E.Paşayevin müqavilə üzrə öhdəlikləri cavabdehə keçmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Nə qədər ki, qanunvericilik vərəsənin qəbul etdiyi miras həcmində miras qoyanın öhdəliklərinə görə cavabdeh olduğunu təsbit etmişdir, hazırkı iş üzrə miras qalmış əmlakın nədən ibarət olmasını müəyyən etmək zəruridir. Vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə verilən əmlak – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 24 fevral 2023-cü il tarixdə verilmiş 3-17-1/2-37739/2023 nömrəli sənədə əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Paşayev Elşad Şirağa oğlunun vərəsələrinə çatası 11.000 manat icbari sığorta ödənişindən; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən 14 yanvar 2023-cü il tarixdə verilmiş 3-17-1/2- 6497/2023 nömrəli sənədə əsasən Paşayev Elşad Şirağa oğluna təqaüdü üzrə ödənilməyən 845.33 manat pul məbləğindən və 033 saylı Hərbi hissənin maliyyə xidməti idarəsi tərəfindən 31 yanvar 2023-cü il tarixdə verilmiş 1 nömrəli arayışa əsasən mərhum Paşayev Elşad Şirağa oğluna ödənilməyən əşya əmlakının əvəzinə 2.079,05 manat pul kompensasiyasından ibarətdir. Lakin Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Plenum qərarına əsasən, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil deyildir. Bu o deməkdir ki, 11.000 manat pul vəsaiti miras əmlak olaraq qəbul edilə bilməz. Belə olan halda cavabdeh 845.33 manat və 2.079,05 manat (cəmi 2.924,38 manat) həcmində Paşayev Elşad Şirağa oğlunun öhdəlikləri üzrə məsuliyyət daşıyır. Odur ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 14 aprel 2022-ci il tariхli, ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə 845.33 manat və 2.079,05 manat, cəmi 2.924,38 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 121.19 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 121.19 manat məbləğində dövlət rüsumunun 33.93 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 87.26 manatı iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14 aprel 2022-ci il tariхli, ******* nömrəli fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi üzrə 845.33 manat və 2.079,05 manat, ümumilikdə 2.924,38 (iki min doqquz yüz iyirmi dörd manat otuz səkkiz qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 33.93 (otuz üç manat doxsan üç qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 87.26 (səksən yeddi manat iyirmi altı qəpik) manatı İddiaçı ASC-nin özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar