Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3077/2025 08.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 44400 manat əsas borc, 4986 manat əldən çıxmış fayda və ödənilmiş 239 manat dövlət rüsumu olmaqla, cəmi 49625 manat məbləğində pulun tutulub iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 3M-01- 2657 №-li, 23 may 2022-ci il tarixli faizsiz kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə “Borc verən”- İddiaçı “Borc alan”- Cavabdeh 44400 manat məbləğində pulu borc vermiş, “Borc alan” krediti 6 ay müddətində “Borc verənə” tam şəkildə olmaqla qaytarmağı öhtəsinə götürmüşdür. Müqavilə tərəflərin iştirakları ilə notariat ofisində təsdiq edilmiş, hamin pul məbləğləri “Borc verən” tərəfindən notariusun bank depozit hesabına qoyulmuş, “Borc alana” muvafiq qəbz və məktub verilmişdir ki, onun əsasında qeyd olunan pul məbləğləri notariat əməliyyatından sonra istənilən vaxt həmin bank hesabından götürə bilər. Müqavilələr tərəflərin könüllü razılığı ilə bağlanmış, notarius tərəflərə nəyə imza etdikləri ilə yanaşı bütün hüquqlarını ətraflı izah etmiş və göründüyü kimi notariat əməliyyatı hər-hansı qanun pozuntusu olmadan aparılmışdır. Müqavilə üzrə müəyyən olunmuş müddət başa çatdıqdan sonra “Borc verən” tərəfindən Cavabdeh müqavilə üzrə olan öhtəliyin yerinə yetirərək pulun qaytarılması tələbinə dair dəfələrlə müraciət etməklərinə baxmayaraq hazırki vaxta qədər hər-hansıməbləğ qaytarılmamışdır. Göründüyü kimi, öhdəliyin müəyyən olunmuş müddətdə ödənilməməsi hazırki vaxta qədər iddiaçının adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum etmişdir. 5:12=0.416, 0.416x27=11.23%, 444000x11.23%=4986 manat. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ilə onun arasındakı faizsiz kredit müqaviləsi 23 may 2022-ci il tarixində bağlanılmışdır, o, krediti 6 ay müddətində, yəni 23 noyabr 2022-ci il tarixinədək iddiaçıya tam şəkildə olmaqla qaytarmağı öhdəsinə götürmüşdür.Təqribən 10 ay sonra iddiaçı məsələni məhkəmədən kənar həll etmək fikrində olmuş, bu məqsədlə İddiaçı Bakı şəhəri 18 saylı Notariat Ofisinə müraciət etmiş, 44425 manat məbləğində pulun ondan tutularaq iddiaçıya ödənilməsi barədə icra qeydi verilmişdir. Əgər cavabdeh tərəfindən pul iddiaçıya ödənilməmişdirsə, iddiaçı niyə 10 ay gözləmişdir, onunla iddiaçının anası Firuzə xanımla aralarındakı münasibət pozulduğundan iddiaçı bu yola əl atmışdır, iddiaçı özü də çox gözəl bilir ki, cavabdeh borcunu tam ödəmişdir. O, bundan narazı qalaraq Bakı şəhəri 18 saylı Notariat Ofisinə və Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu “icra qeydi”nin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir, Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5858/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iş üzrə Xətai rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilmiş, icra qeydi ləğv edilmişdir. Xətai Rayon Məhkəməsində icra qeydinin ləğvi ilə bağlı iş üzrə gedən məhkəmə prosesində, Bakı Apellyasiya məhkəməsində olan məhkəmə prosesində və xx.xx.2023-cü il tarixdə Xətai Rayon İcra Şöbəsində vermiş olduğu izahatlarda onun İddiaçı qeyd etdiyi qədər borcu qalmamışdır. Eyni zamanda izahatında qeyd etmişdir ki, o, iddiaçıdan notariat ofisində 44000 manat borc almış, oradan çıxdıqdan sonra iddiaçı pulun 10000 manatını geri almış, ona 34000 manat pul vermişdir, notarius xərclərini də özü qarşılamış, faizləri ödəmiş, ümumilikdə iddiaçıya 25000 manat civarında pul ödəmişdir, iddiaçının iddia ərizəsində yanlış yazdığı pulun yerdə qalan hissəsini hal-hazıradək geri ödəməmişdir, o, qalan borcunun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Cavabdeh Bakı Apellyasiya Məhkəməsində vermiş olduğu izahatda İddiaçı anası ilə yaxın münasibətdə olduğunu, ondan faizlə pul götürdüyünü, sonuncu dəfə 20000 dolları götürüb, 6 ay ərzində 10000 manat faiz olduğunu ona bildirmiş, o da müəyyən vaxtlarda pulu qaytarmışdır, maşınını sataraq ona 17000 manat vermiş, 25000 manat vermiş olduğunu bildirərək, qalan pulu da ödəmək istədiyini bildirmişdir, pulu qaytarması barədə qəbzləri olmasa da şahidləri vardır. Cavabdeh iddiaçının anası ilə yaxşı münasibətləri olduğundan nə zaman pul lazım olsa onun anasından ayda 10 faiz ödəməklə pul almışdır, iddiaçı ilə 44000 manat alması ilə bağlı müqaviləni iddiaçının anasının iştirakı ilə Yasamal rayonu ərazisində yerləşən notariat ofisində bağlamışlar,müqavilə bağlanan gündən 10 faiz təşkil etməklə möəyyən vaxtlarda faiz ödəmişdir, yaşadığı ünvanın həyətində görüşərək 10000 ABŞ dolları, 800 ABŞ dolları, 500 manat, 1200 ABŞ dolları, 2000 ABŞ dolları, 400 ABŞ dolları vermişdir, onun xatırlamadığı, lakin ödəmiş olduğu məbləğlər də vardır, faiz ödənən zaman heç bir sənədə imza etməmiş,aralarında inam olduğundan iddiaçıdan heç bir imzalı sənəd tələb etməmişdir.Yaranmış problemlərlə bağlı son zamanlar faiz ödəyə bilməmiş, aralarında narazılıq yaranmışdır, iddiaçının anası Firuzə xanım onun anasının və həyat yoldaşının xəstə olduğunu, cavabdehin də səhhətində problemlər yarandığını bilir, Firuzə xanımla söhbət zamanı cavabdeh ona bildirmişdir ki, bir otaqlı evi var, onu satıb pulunu ödəyəcəkdir, cavabdeh hər dəfə iddiaçının anası ilə görüşəndə oğlu İddiaçı və cavabdehin həyat yoldaşı iştirak etmişdir, bunları, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 saylı,xx.xx.2024-cü il tarixli qətnaməsini və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5858/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, izahatında göstərmişdir ki, 2022-ci ilin may ayında o, iddiaçının anası Firuzə xanımdan pul istəmiş və o, etiraz etməmişdir, ondan 20000 dollar pul istəmiş, o isə, manatla verə biləcəyini söyləmişdir. Firuzə xanım ona, notariatda 44000 manat pul verəcəyini bildirməmişdir. Onlar notariusda sənədləşmə işini aparanda 44000 manat qeyd olunduğunu görmüşdür. Firuzə xanım notariusa oğlu İddiaçı gətirmiş və ona bildirmişdir ki, öz adında müqavilələr çoxdur, o da müqavilənin Səyyahla bağlanmasına etiraz etməmişdir. Əlavə olaraq 400 manat da rüsum ödəmişlər. 44000 manat pulu kassadan o götürmüş və notariusun qarşısında Firuzə xanım 10000 manatı götürərək, bu məbləğin faizə hesablandığını bildirmişdir. Onların arasında inam-etibar olduğuna görə o da razılaşmışdır. Onlar aralarında pulu 10%-lə razılaşmışlar. Onlar banka yaxınlaşanda 44000 manat qeyd olunmasının səbəbini soruşmuş, Firuzə xanım həmin məbləğin faizin pulu olduğunu bildirmişdir. Evdə xəstəsi olduğu üçün bu şərtlərlə razılaşmağa məcbur olmuşdur. Onların arasında pulla bağlı heç vaxt mübahisə olmamışdır. Firuzə xanımla onu yaxını Təranə xanım tanış etmişdir. Onlar razılaşmışlar ki, 34000 manat pulu o, faizlə götürür və bu səbəbdən faiz ödəyəcəkdir. 2022-ci ilin noyabrında o, öz avtomobilini satmış, 17000 manat pul düzəldərək, rəfiqələri Zema xanım, Könül, həyat yoldaşı Şahinin yanında həmin məbləği Firüzə xanıma vermişdir. Axşam vaxtı idi, Firuzə xanım oğlu Səyyahla yaşadıqları binadan aşağı düşmüşdür. Həmin gün cavabdehin mərhum həyat yoldaşı Şahin Firuzə xanıma əvvəlcədən zəng vurub, gələcəklərini bildirmişdir. Təxminən noyabr ayının ortaları olardı. Pulu əvvəl özü, sonra yoldaşı saymışdır. Şahin maşından düşərək, pulu bir-bir saymış Firuzə xanıma vermişdir. Şahin pulu özü saymağına baxmayaraq, Firüzə xanım özü də saymışdır. Hətta Şahin ondan həmin məbləğin faizdən, yoxsa əsas borcdan çıxacağını da soruşmuş, Firuzə xanım “baxarıq” demişdir. Anası xəstə olduğuna görə ordan çıxıb, bağa getməli idilər. İkinci dəfə Firuzə xanıma 800 dollar məbləği 2023-cü ilin mart ayında vermiş, həmin vaxt Şahin xəstə olmuş, rayonda olduğundan onun yanına gedirmişlər, ailəvi dostları Əbdülə zəng vurmuş, borca 1000 dollar pul istəmiş, 800 dolları Firuzə xanıma verəcəyini, 200 dollarla isə Şahini rayondan gətirəcəyini bildirmişdir. Əbdül etiraz etməmiş, onlara gətirib 1000 dollar vermişdir. Təxminən mart ayının 15,16 və ya 17-si olardı, yaınında Zenfira və Könül olmuşdur, rayona Şahini Bakıya gətirməyə gedirmişlər. Hətta Firuzə xanım məbləğin az olduğunu bildirmiş, onu başa düşməsini, Şahinin vəziyyətinin ağır olduğunu ona demişdir. Bu dəfə Firuzə xanım tək olmuş, gündüz vaxtı olduğundan oğlu işdə olmuş, yanında olmamışdır. Aprel ayının əvvələrinə yaxın isə yoldaşı Şahin Əbdüllə 1200 manat pulu Firuzə xanıma vermişlər. Cavabdeh həmin vaxt işdə olmuş, Şahin tək gedə bilmədiyindən maşını Əbdül sürmüş, birlikdə getmişlər. 1200 manat pul da Firuzə xanımın evinin qarşısında verilmişdir. Firuzə xanım tək olmuş, oğlu yanında olmamışdır. Firuzə xanım pulu alandan sonra Şahin onu Firüzə xanımla telefonla danışdırmış, Firuzə xanım pulu aldığını bildirmişdir. 2023-cü ilin aprel ayında 600 dollar Firuzə xanıma verilmişdir, həmin vaxt yenə də Əbdüllə, həyat yoldaşı orada olmuşdur. Firuzə xanım tək olmuş, oğlu yanında olmamışdır. Yenə də Firuzə xanım pulu alandan sonra Şahin onu telefonla danışdırmış, Firuzə xanım pulu aldığını bildirmişdir. Bundan sonra o özü Firuzə xanıma 500 manat, 1000 manat pul vermişdir. Həmin vaxt yoldaşı da onun yanında olmuşdur, Firuzə xanımın yanında isə oğlu olmuşdur. Həmin vaxt may ayı olmuş, ondan sonra yoldaşı xəstə olduğundan o daha Firuzə xanıma pul verə bilməmişdir. Ümumilikdə, Firuzə xanıma 34000 manatdan 25000 manat pul vermişdir. O, borcundan imtina etmədiyini, pulların Firuzə xanıma məxsus olduğunu, Səyyahın o qədər pulu olması mümkün olmadığını bildirmiş, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri 53 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 44400 manat məbləğində borc vermiş, borc alan 6 ay ərzində borcu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən banka 44400 manat mədaxil edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər 18 saylı Notariat Ofisinə və 53 saylı Notariat Ofisinə qarşı İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunduğu icra qeydinin ləğv edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qətnamədə Cavabdeh Xətai rayon İcra şöbəsində verdiyi izahata istinad edilmiş və həmin izahatda qeyd edilmişdir ki, İddiaçı ilə 44000 manat pul ilə bağlı Firuzə xanımın iştirakı və razılığı ilə Yasamal rayonu ərazisində notarial qaydada müqavilə bağlamışdır. Müqavilə bağlanan gündən 10 faiz təşkil etməklə ona müəyyən vaxtlarda faiz ödəmişdir Belə ki, yaşadığı ünvanın həyətində görüşərək 10000 ABŞ dolları, 800 ABŞ dolları, 500 manat, 1200 ABŞ dolları, 2000 ABŞ dolları, 400 ABŞ dolları vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5858/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3810/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, 18 saylı Notariat Ofisi tərəfindən verilmiş icra qeydi ləğv edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, Vəzirə xanımın iddiaçının anasından bir neçə dəfə pul götürdüyü barədə məlumatı var idi. Onun yanında isə 17000 manat pul qaytarılmışdır. Onlar Yasamal rayonu polis bölməsinin yanına getmiş, Vəzirə xanımın yoldaşı, Vəzirə xanım və Könül xanım da orada olmuşdur, başqa heç kim olmamışdır. Vəzirə xanımın yoldaşı pulu bir neçə dəfə saymış və demişdir ki, pul sayılmağı sevir. Onlar maşında oturmuş, Vəzirə xanımın yoldaşı maşından düşmüş, pulu vermiş və qayıtmışdır. Firuzə xanımın yanında oğlu olmuş və xanım ev paltarında olmuşdur. Firuzə xanım da pulu sayıb götürmüşdür. Bu hadisə təxminən 2022-ci ilin oktyabr-noyabr aylarında olmuşdur. İkinci dəfə isə 2023-cü ilin mart ayı idi, Vəzriə xanımın yoldaşı Şahin rayona getmişdir, xəstə idi, onun yanına getməli idilər. Vəzirə xanım zəng vurub kimdənsə təcili 1000 dollar pul götürmüşdür. İkinci dəfə pul veriləndə o, Könül xanım və Vəzirə xanım orda olmuşdur, başqa şəxs yox idi. Üçü bir yerdə 800 dollar xanıma vermiş, 200 dollarla rayona getmişlər. Bu dəfə gündüz vaxtı olmuş, pul götürülən zaman xanım tək olmuş, yanında heçkim olmamışdır. Onlar yenə də maşında oturmuşdur. Vəzirə xanım 800 dolları xanıma vermişdir. Bundan sonra Vəzirə xanım kimə nə qədər pul verib o bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Vəzirə xanım çox yaxın rəfiqəsidir. İki dəfə onun yanında pul qaytarılmışdır. Xanımı 3 dəfə görmüşdür, birinci oktyabr-noyabr aylarında idi. Onda Vəzirə xanımın yoldaşı da yanlarında idi. Firuzə xanım oğlu ilə aşağı düşmüşdür. Yalnız Şahin müəllim, Zema, Vəzirə və o, orda olmuşdur. Onlar maşında oturmuşdur. Pulu onun yanında saymamışdılar, o, pulun sayıldığını görməmişdir. Vəzirə yoldaşıyla birgə pulu aparıb vermişdir. O, Vəzirə xanım və yoldaşının bardaçokdan 17000 manat pul götürdüyünün şahidi olmuşdur. İkinci dəfə pulun verilməsi rayona gedəndə olmuşdur. Bu dəfə Şahin müəllim yanlarında olmamış, o, Vəzirə və Zema olmuşdur. Vəzirə bu dəfə 800 dollar pul vermişdir. Həmin vaxt 2023-cü ilin martın ortaları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, Vəzirə xanımla ailə dostudurlar. Bu məsələ 2022-2023-cü illərdə olmuşdur. Vəzirə xanım ondan 1000 dollar borc istəmişdir. Vəzirə xanım ona demişdir ki, yoldaşının xəstəliyi ilə bağlı faizə pul götürmüşdür və bununla bağlı hər ay ödənişlər edir. Hətta 1 dəfə də Vəzirə xanımın yoldaşı onun yanında polis bölməsinin yanında maşından düşmüş və bir xanıma pul vermişdir. Bu zaman maşını o idarə etmişdir. Pul veriləndə o maşında olmuş, maşından düşməmişdir, başqa heç kəs olmamışdır. Həmin qadına 800 dollar pul vermişdir. O, ancaq 800 dollar pulun qaytarılmasına şahid olmuş, digər məbləğin, 1200 manat məbləğin qaytarıldığını isə yalnız eşitmişdir, bu, Novruz Bayramından təxminən 1 ay sonra olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 448.1.Əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarında olan notarial qaydada bağlanmış kredit müqaviləsi ilə İddiaçı tərəfindən Cavabdeh 6 ay ərzində qaytarılmaq şərti ilə 44400 manat məbləğində faizsiz borc verildiyi təsdiq olunur. Odur ki, həmin məbləğin qaytarılması ilə bağlı sübuetmə yükü cavabdehin üzərinə düşmüşdür. Cavabdeh 44400 manat borc məbləğindən 400 manatın müqavilənin bağlanması üçün onun tərəfindən rüsum kimi ödənilən məbləğ olduğunu, 10000 manatı isə pulu kassadan götürdükdən sonra borcun faizi kimi iddiaçının anası Firuzə xanıma ödədiyini bildirmişdir. Lakin, qeyd edilən faktlarla bağlı cavabdeh tərəfindən heç bir sübut təqdim edilməmişdir. Əksinə, kredit müqaviləsindən görünür ki, tərəflər arasında borc müqaviləsi faizsiz bağlanmışdır. Daha sonra cavabdeh qeyd etmişdir ki, 34000 manat borcdan 25000 manatı qaytarmış, onun iddiaçıya cəmi 9000 manat borcu qalmışdır. Cavabdeh həmçinin, borcun qaytarılmasını təsdiq edən ödəniş qəbzlərinin olmadığını, həmin məbləğin qaytarılmasının yalnız şahid ifadələri ilə təsdiq edildiyini bildirmişdir. Borcu qaytaran zaman qəbz almamasının səbəbi kimi isə qeyd etmişdir ki, tərəflər arasında yüksək inam-etimad olduğu üçün yazılı qəbz almağa ehtiyac görməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 44400 manat pul məbləği tərəflər arasında olan etibara əsaslanaraq müqaviləsiz deyil, məhz notarial qaydada bağlanmış müqavilə əsasında cavabdehə verilmişdir, cavadeh isə tərəflər arasında qeyd etdiyi kimi yüksək etimad mövcud olmuşdursa, məbləğin nə üçün notarial qaydada bağlanmış müqavilə əsasında ona verildiyini aydınlaşdırmamışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında olan yüksək etimad səbəbindən borcun qaytarılmasını təsdiq edən yazılı sübutların mövcud olmaması ilə bağlı cavabdehin bildirdikləri inandırıcı olmamışdır. Bundan başqa qaytarılan məbləğlə bağlı cavabdehin özünün izahatı ziddiyyətli olmuşdur. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddiaçıya ayrı-ayrı vaxtlarda ardıcıllıqla 17000 manat, 800 ABŞ dolları, 1200 manat, 600 ABŞ dolları, 500 manat və 1000 manat qaytardığını bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, həmin məbləğlər toplandıqda 25000 manat təşkil etmir. Digər tərəfdən cavabdeh məhkəməyə təqdim etdiyi yazılı izahatında, eləcə də, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsində istinad olunan Xətai rayon İcra şöbəsində verdiyi izahatında qaytarılan pulların məbləğini və valyutasını tamamilə fərqli (10000 ABŞ dolları, 800 ABŞ dolları, 500 manat, 1200 ABŞ dolları, 2000 ABŞ dolları, 400 ABŞ dolları) qeyd etmişdir. İş materiallarında cavabdeh tərəfindən idiaçıya pulun qaytarılmasının sübutu kimi yalnız şahid ifadləri mövcuddur ki, həmin ifadələr də pulun sayılması, kim tərəfindən, nə zaman sayılması, qaytarılan məbləğlərlə bağlı hissələrdə ziddiyyətlidir. Cavabdeh ödədiyini bildirdiyi sonuncu ödənişlərlə bağlı ümumiyyətlə heç bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hər üç şahid ifadəsində pulun qaytarılmasında onlardan başqa ya cavabdehin və ya cavabdehin yoldaşının iştirak etdiyini, əlavə heç kimin iştirak etmədiyini bildirmişdir, cavabdeh özü də eyni məzmunlu izahat vermişdir. Lakin məhkəmə iclasında İddiaçı bildirmişdir ki, icra qeydinin ləğvi ilə bağlı məhkəmə işində Cavabdeh pulun qaytarılmasında hazırki şahidlərin içərisində olmayan, tamamilə başqa şəxsin iştirak etdiyini bildirirək, həmin şəxsin şahid qismində dindirilməsi ilə bağlı vəsatət vermişdir. Məhkəmə belə qənaətə gəlir ki, bu fakt da, şahid ifadələrinin mötəbər olmadığını göstərmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 444000 manat borc məbləğinin cavabdeh tərəfindən qaytarılması təsdiq olunmur və öhdəliyin icra vaxtı başa çatdığından iddaçı həmin məbləği tələb etməkdə haqlı olmuşdur. Eləcə də, əsas borc məbləğinin ödənilməsi gecikdirildiyindən, gecikdirilmiş 27 ay üçün (xx.xx.2022 - xx.xx.2025) illik beş faiz ödənilməsi (44400 x (5 :12 x 27) : 100 = 4995) hissəsində də iddia tələbi əsaslıdır. Mülki qanunvericiliyə əsasən zərərin ödənilməsi tələbinin təmin olunması üçün sübutetmə yükü iddiaçının üzərinə qoyulsa da, Məcəllənin 447.5-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, istinad olunan maddə kreditoru gecikdirilmiş vaxt üçün illik beş faizədək zərərə məruz qaldığını sübut etmək yükündən azad etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 44400 manat əsas borc, 4986 manat gecikdirilmiş vaxt üçün faiz borcu və 239 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 49625 manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №e-2(011)-3077/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3077/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver