Məhkəmə qərarları › İş №e-2(011)-3079/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3079/2022

26.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3079/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2318 manat dəymiş zərər, 100 manat qüsur aktının çıxarılması üçün ödənilmiş məbləğ, 100 manat vəkil xidməti üçün ödənilmiş məbləğ, 46 manat ödənilmiş dövlət rüsumu olmaqla toplamda 2564 manat tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, Cavabdeh 2318 manat dəymiş zərər və 46 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsii xahiş etmiş, iddia tələbinin qalan hissəsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 23 fevral 2022-ci il tarixində saat 18-30 radələrində iş üzrə Cavabdeh idarə etdiyi “HYUNDAİ SANTAFE” markalı ** TN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsində manevr etmə nəticəsində iddiaçıya məxsus FAW marka T99 model ** KY *** dövlət qeydiyyat nişanlı avtomobillə, həmçinin iki başqa avtomobillə (“Nissan” markalı ** SU *** dövlət qeydiyyat nişanlı və “VAZ 07” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillərlə) toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir, Bakı şəhəri DYPİ-nin tərtib etdiyi xx.xx.2022-ci il tarixli inzibati xətalara dair protokol və qərarla Cavabdeh baş vermiş hadisədə xətalı olduğu müəyyən edilərək AR İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir, cavabdehin məsuliyyətinin sığortalandığı Xalq sığorta tərəfindən hər üç maşına dəymiş zərər müəyyən edilmişdir, Xalq sığortanın sifarişi üzrə AutoBox avtomobil servisində iddiaçıya məxsus FAW T99 avtomobilinə dəymiş zərər müəyyən edilmiş və zərər 6.035 manat müəyyən edilmişdir, Xalq sığortanın PXA 105373 saylı sığorta aktına əsasən maddi zərər 6035 manat müəyyən edilmiş, sığorta məbləği olan 5500 manat hər üç avtomobilin xəsarətinə uyğun olaraq qismən zərər qarşılanmaqla bölünmüşdür, iddiaçının avtomobilinə dəymiş zərər 6035 manat olduğu halda 3716 manat hissəsində zərəri qarşılanmışdır, avtomobilə dair 5 illik qarantiya müqaviləsi olan "xxxx" MMC-nin qüsur aktına əsasən avtomobilə dəymiş zərər 6035 manat hesablanmışdır, qalan məbləğ isə ödənilməmişdir, bu səbəbdən həmin zərərin ödənilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, 2318 manat dəymiş zərər və 46 manat dövlət rüsumu ödənilməsinə razı olduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili, cavabdehin səlahiyyətli nümayəndəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə yazılı ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki iş materiallarında olan PXA 105373 saylı Sığorta aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə R.Behbudov küçəsində baş vermiş hadisə üzrə 3716,13 Azn ödəniş edilmişdir. İş materiallarında olan İXP ******* saylı xx.xx.2022-ci il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, Əsədova X1 Santafe minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan TP 486981 saylı İnzibatı təhbeh vermə haqqında Qərarın surətindən görünür ki, Əsədova X1 Santafe minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat cərimə olunmuşdur. İş materiallarında olan AS N 873854 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** KY *** dövlət qeydiyyat nişanlı FAW|Bestune T99 minik markalı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan 151 №-li AutoBox Qiymətləndirmə aktından görünür ki, ** KY *** dövlət qeydiyyat nişanlı FAW|Bestune T99 minik markalı avtomobilə dəyən zərər yekun qiymətləndirmə üzrə 6035 manatdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, Vəkil Qəzənfər oğlu tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə 46 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə həmin Hyundai Santafe minik markalı **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iddiaçıya məxsus ** KY *** dövlət qeydiyyat nişanlı FAW|Bestune T99 minik markalı avtomobilə maddi ziyan vurmuşdur, sonuncuya vurulan zərər 6035 manat dəyərindədir, hadisə nəticəsində cavabdeh AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və o, inzibati tənbeh vermə haqqında Qərar ilə 40 manat cərimə olunmuşdur, sığortaçı tərəfindən iddiaçıya 3716,13 manat məbləğində sığorta ödənişi edilmişdir, hazırki iddia tələbi geriyə qalan məbləğin iddiaçıya ödənilməsi barədədir, cavabdeh iddia tələbini qəbul edir. Bununla belə, cavabdehin mülki hüquqi məsuliyyətini, həmçinin dəymiş zərərin ödənilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, maddi zərər kimi ümumilikdə 2318 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli, dövlət rüsumuna görə ödənilmiş 46 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 2318 (iki min üç yüz on səkkiz) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 46 (qırx altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar