Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3090/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı “X1” QSC-nin Cavabdeh Hüeynoviçə qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı “X1” QSC Cavabdeh Hüeynoviçə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan əsas məbləğ üzrə 643.91 manat borc və ödənilməmiş 74.96 manat faiz borcu, 38.70 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 9.75 manat borc, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat olmaqla, cəmi 770.72 manat məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2012-ci ildə “X1 Azərbaycan” QSC ilə Cavabdeh oğlu arasında Bank hesabı, debet karti, kredit karti və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə (maddə 4.26) Bank tərəfindən borcalan Cavabdeh oğluna istehlak yönümlü 600 manat məbləğində kredit kartı limiti ayrılmışdır. “X1 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə olan borcu: əsas məbləğ üzrə 643.91 manat, hesablanmış və ödənilməmiş faiz borcu 74.96 manat, cərimə borcu 38.70 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 9.75 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 3.40 manat olmaqla, cəmi 770.72 manat. Borcalan Cavabdeh oğlu müqavilə şərtlərinə əsasən ona ayrılmış 600 manat limitdən 43.91 manat məbləğində limiti aşmışdır (limitdən artıq istifadə etmişdir). Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 08 avqust 2023-cü il tarixli məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək, məhkəmədən cərimə borcuna etiraz edərək silinməsini və əsas borcu qismən qəbul edərək 600 manat məbləğində tutulmasını xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış 19 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi əsasında cavabdehə 600 manat kredit kartı limiti ayrılmışdır. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öhdəliyini vaxtında icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdehin banka cəmi 600 manat borcu yaranmışdır. Cavabdeh borc barədə xəbərdar edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yol verilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin əsas borc və faiz borcuna aid hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə ilkin olaraq iddia tələbinin əsas borcuna münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən 643 manat tələb etsə də, iş materiallarına əlavə edilmiş müqavilədən cavabdehə ayrılmış vəsaitin 600 manat olması görünür. Məhkəmə araşdırması zamanı iddiaçı verilmiş vəsaitin artırılmasına dair hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi əsas borca münasibətdə qismən təmin edilərək iddiaçıdan 600 manat pul tutulmalıdır. Daha sonra məhkəmə iddia tələbinin faiz borcunun tutulmasına dair hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, tərəflər arasında mövcud olan müqavilədə faizin tutulması şərti qeyd olunsa da, lakin faiz dərəcəsinin hesablanma mexanizmi və dərəcəsi şərtləndirilməmişdir. Odur ki, hazırkı faiz məbləğinin hansı əsaslarla tələb olunması müəyyən edilmədiyindən bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi barədə hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Məhkəmə, yuxarıda adı çəkilən müqavilə üzrə hesablanmış 38.70 manat məbləğində cəriməni tənasübsüz surətdə yüksək hesab edərək cərimənin 5 manat məbləğində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Hüeynoviçdən 600 manat məbləğində əsas borc, 5 manat məbləğində cərimə borcu, bildirişlərin göndərilməsi üçün 3.40 manat poçt xərcləri olmaqla, ümumilikdə 608.40 manat pul vəsaiti tutularaq iddiaçı “X1” QSC-nin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Hüeynoviçdən 600 (altı yüz) manat məbləğində əsas borc, 5 (beş) manat məbləğində cərimə borcu, 3.40 (üç manat qırx qəpik) bildirişlərin göndərilməsi üçün poçt xərcləri olmaqla, ümumilikdə 608.40 (altı yüz səkkiz manat qırx qəpik) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X1” QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kolleiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3090/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3090/2023
09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver