Məhkəmə qərarları › İş №e-2(011)-310/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-310/2024

15.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-310/2024 15.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı “X1” ASC-nin Cavabdeh qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Ümumi Oferta mqaviləsi əsasında elektron (SMS xidmətindən istifadə etməklə) qaydada kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 35 ay müddətinə, illik 27,6% olmaq şərtilə, 1000 manat kredit verilmişdir.

2. Həmçinin, cavabdeh tərəfindən imzalanmaqla xx.xx.2022-ci il tarixdə “ərizəanket və imza nümunələri” adlı sənəd təqdim edilmişdir, həmin sənədin 2, 3 və 5-ci bəndlərində cavabdeh ona azərbaycan manatı ilə cari vədepozit hesabının açılmasını, 62 təqvim günü müddətinədək güzəşt müddəti olan və mobil tətbqində göstərilən məbləğdə kredit xəttinin ayrılmasını xahiş etmiş, kredit xətti üzrə digər şərtləri ofertada qeyd edildiyi kimi qəbul etdiyini, kredit limitinin artırılması və azaldılması barədə Banka müraciət edəcəyi halda, Bankın verdiyi qəbul edəcəyi qərarla, habelə Bankın mülahizəsinə görə ona ayrılmış kredit xətt limitinin azaldılması və artırılmasına razılıq verdiyini, bütün bu məlumatların ona mobil əlavə vasitəsi ilə göndərilməsinə razı olduğunu bildirmidir.

3. Habelə, cavabdehə məxsus +**********22 saylı telefon nömrəsinə (FİN: xxxxxxx) göndərilmiş bildirişlərin tarixçəsindən müəyyən olunur ki, cavabdehə xx.xx.2022ci il tarixdə kredit limitinin 300 manata, xx.xx.2022-ci il tarixdə isə 1000 manata çatdırılması barədə məlumat göndərilmişdir

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı 700 manat əsas, 56,95 manat faiz olmaqla, cəmi 756,95 manat pulun və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli ərizəsi və onun ayrılmaz təkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Ümumi Oferta müqaviləsinin 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditn limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və fazilə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023, çərşənbə tarixinə iddiaçıya 1000 manat əsas, 158,33 manat faiz, 25 manat cərimə borcu olmaqla, cəmi 1183,33 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

9. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

19. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsi çərçivəsində cavabdehə 35 ay müddətinə illik 27,60% dərəcəsi ilə 1000 manat məbləğində kredit verilmişdir.

20. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhdəliyi isə borc predmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

21. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəliyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.

22. İddiaçı tərəfindən təqdim olunmuş sonuncu maliyyə arayışında da xx.xx.2024cü il tarixinə cavabdehin əsas borc üzrə 715,97 manat, faiz borcu üzrə 6,64 manat olmaqla, cəmi 722,61 manat kredit borcunun olması göstərilmişdir.

23. Eləcə də, sonuncu maliyyə arayışı verilənədək məhkəmə tərəfindən təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 9/9883 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən cavabdehin iddiaçıya əsas borc üzrə 1327,41 manat, faiz borcu üzrə 23,94 manat borcunun olması müəyyən edilmişdir.

24. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

25. Lakin məhkəmə qeyd edir ki, mübahisə məhkəmədə davam etdiyi müddətdə cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyindən, iddia tələbi iddiaçının təqdim etdiyi sonuncu maliyyə arayışına uyğun həddə qismən təmin edilməlidir.

26. Həmçinin, iddiaçının təqdim etdiyi sonuncu maliyyə arayışında hesablanmış cərimə məbləği olmadığından, məhkəmə hesab edir ki, iddia cərimənin tələb edilməsi hissəsində təmin edilməməlidir.

27. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu və ekspertiza xərci tərəflər arasında bölüşdürülməlidir (iddia tələbi təqribən 61% nisbətdə təmin edilmişdir).

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 715,97 manat məbləğində əsas, 6,64 manat faiz borcu olmaqla, cəmi 722,61 manat pul məbləği, həmçinin ödənilmiş 19,27 manat dövlət rüsumu Cavabdeh tutularaq “X1” ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 12,32 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza xərcinin 61 manat hissəsi Cavabdeh, 39 manat hissəsi “X1” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar