Məhkəmə qərarları › İş №e-2(011)-311/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-311/2024

19.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-311/2024 19.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, kreditor "xxxx" KB ASC ilə borclu Rəhimov Vaqif Şəkərəli oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 12 ay müddətinə, illik 28% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Sorğu ilə bağlı Bakı şəhəri, 36 saylı notariat ofisinin xx.xx.2016-cı il tarixli şəhadətnaməsinə əsasən X2 və Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 799,56 manat əsas, 10,67 manat faiz olmaqla cəmi 810,23 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə iddiaçı "xxxx" KB ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə nümayəndənin iştirakı olmadan baxılıb, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" KB ASC ilə Rəhimov Vaqif Şəkərəli oğlu arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli, 10098nkahm/14 nömrəli kredit müqaviləsindən məlum olur ki, cavabdehə 12 ay müddətinə illik 28% olmaqla 1500 manat məbləğində kredit verilmişdir. İş materialında olan "xxxx" KB ASC tərəfindən verilmiş 04 avqust 2023-cü il tarixli, UB- BANK/PİKMD/1121378 nömrəli arayışdan görünür ki, Rəhimov Vaqif Şəkərəli oğlunun kredit müqaviləsi üzrə banka 04 avqust 2023-cü il tarixinə 799,56 manat əsas, 10,67 manat faiz borcu vardır. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 745089 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Rəhimov Vaqif Şəkərəli oğlu 21 aprel 2015-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İş materiallarında 22 fevral 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 aprel 2015-ci il tarixdə vəfat etmiş Rəhimov Vaqif Şəkəralı oğlunun vərəsəsi arvadı X1r, miras əmlakdan ½ hissədə pay almalıdır. İş materiallarında 22 fevral 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 aprel 2015-ci il tarixdə vəfat etmiş Rəhimov Vaqif Şəkəralı oğlunun vərəsəsi qızı Cavabdehdır, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" QSC-nin Xaqani fialilının xx.xx.2016-cı il tarixli 131 saylı məktubuna əsasən AZ83ACAB******************** saylı hesabda olan əmanətdən və ona hesablanmış faizlərdən ibarətdir. İş materiallarında 30 mart 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 aprel 2015-ci il tarixdə vəfat etmiş Rəhimov Vaqif Şəkəralı oğlunun vərəsəsi qızı Cavabdehdır, miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.14 kv/m olan 2 otaqlı mənzildən ibarətdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 may 2023-cü il tarixli 2(011)-3134/2023 saylı qərardadından görünür ki, "xxxx" KB ASC-nin cavabdehlər X2 və Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiaya dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə üzrə mülki işin icraatına xitam verilmişdir. Həmin qərardan görünür ki, cavabdeh X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Əgər birgə borclulardan birinin bir neçə vərəsəsi vardırsa, onlardan hər biri tələbi öz miras payına mütənasib surətdə icra etməyə borcludur. Əgər tələb bölünməzdirsə, bu qayda tətbiq edilmir. (Maddə 507) Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. (Maddə 1306.1.) Beləliklə, məhkəmə hesab edir ki, Rəhimov Vaqif Şəkəralı oğlu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, onun vəfat etməsi səbəbindən miras əmlakı qəbul etmiş vərəsəsi Cavabdeh onun kreditoru qarşısında öhdəliyini icra etməli olduğu üçün, "xxxx" KB ASC ilə Rəhimov Vaqif Şəkəralı oğlu arasında bağlanmış 03 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə tələb olunan 799,56 manat əsas, 10,67 manat faiz, cəmi 810,23 manat borc müştərək qaydada cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 799,56 manat əsas, 10,67 manat faiz, cəmi 810,23 manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar