Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3112/2025 13.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19673 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 1691 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 1691 ABŞ dolları) Appleipad MacBook Air 256GB markalı 1 ədəd planşeti ödəniş qrafikinə əsasən nisyə satmışdır.
2. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 282 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2024-cu il tarixdə 0,59 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 46,98 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 8,81 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Ödəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh ilə xx.xx.2024-ci il tarixdə bağlanmış HHA 19673 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1352,62 ABŞ dolları (ekvivalentı ödəniş gününə Mərkəzi, bankın kursuna müvafiq olaraq manaria) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1%-i həcmində 338 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 1690,62 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 49 manat pulun İddiaçı MMC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
5. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bildirmişdir ki, hazırda maddi cəhətdən problemləri vardır. İddiaçı tərəfi tanıdığını və ondan möhlət istədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, müqavilə üzrə müəyyən qədər ödənişlər etmişdir. Məhkəmə iclasında ona borcun ödənilməsi üçün vaxt verilməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. İddiaçı MMC tərəfindən verilmiş malın nisyə alınması sifarişi.
8. xx.xx.2024-cü il tarixli, HHA 19673 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, satıcı tərəfindən alıcıya “Appleipad MacBook Air 256GB” nisyə satılması və alıcı tərəfindən razılaşdırılmış formada satıcıya malın dəyərinin ödənilməsindən irəli gələn məsələlərin tənzimlənməsini təşkil edir.
9. İddiaçı MMC tərəfindən verilmiş xx/xx-18924 nömrəli maliyyə arayışına əsasən, borclu Cavabdeh xx.xx.2024-cü il tarixdə bağlanmış, HHA 19673 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1352,62 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1%-i həcmində 338 ABŞ dolları cərimə, cəmi 1690,62 ABŞ dolları borcu vardır.
10. İddiaçı MMC tərəfindən verilmiş arayışa əsasən, kredit 12 ay müddətinə, aylıq 117 USD olmaqla müəyyən edilmişdir. Kreditin ümumi məbləği 1691 USD, ilkin ödəniş 282 USD olmuşdur.
11. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən, Cavabdeh xx.xx.2024-cü tarixli, HHA19673 №-li borc müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə bu günə ümumilikdə ABŞ dolları qalıq borcu vardır. Borcun 3 gün müddətində icra etməyi tələb edilmiş, əks halda həmin məbləğin və əlavə olaraq ödənilmiş məhkəmə xərclərinin məcburi qaydada tutulması üçün məhkəməyə müdaciət ediləcəyi bildirilmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi:
14. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
15. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
16. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
17. Məhkəmə qeyd ki, iddiaçı iddia ərizəsində 338 ABŞ dolları cərimə borcunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə cərimə məbləğlərinin əsas borca mütənasib olmadığı qənaətinə gələrək, cərimə məbləğinin əsas borca mütənasib olaraq azaldılaraq 135,20 ABŞ dolları məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.
18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, HHA 19673 saylı alqı-satqı müqaviləsinə əsasən 1352,62 ABŞ dolları əsas borc, 135,20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 1487,82 ABŞ dolları borc məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
21. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh xx.xx.2024-cü il tarixli, HHA 19673 saylı alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi günün məzənnəsinə uyğun olaraq 1352,62 ABŞ dolları əsas borc, 135,20 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə, 1487,82 (min dörd yüz səksən yeddi ABŞ dolları səksən iki sent) ABŞ dolları əsas borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 45,30 (qırx beş manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. İddia qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova