Məhkəmə qərarları › İş №e-2(011)-3114/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3114/2025

25.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3114/2025 25.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC “Xalq” Bankı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/100N05A00839622 №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalana 72 ay müddətinə, illik 10 % (on faiz) ödənilməsi şərtilə 118000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli DKM/100N05A00839622/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən zamin borcalanın kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh1 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh1 kreditor qarşısında gecikdirilmiş borcu 72061,79 manat təşkil edir ki, bunun da 71458,56 manatı vaxtı keçmiş əsas borcdan, 603.23 manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinə bu məbləğ 27,51 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 (borcalan) tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh2 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2024-cü il tarixli BO-XO-xx.xx.2024-006 №-li xəbərdarlıq məktubunun və xx.xx.2024-cü il tarixli BO-XOxx.xx.2024-007 №-li öhdəliklərin yerinə yetirilməsi haqqında tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış Kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2022-ci il tarixli DKM/100N05A00839622 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 71458,56 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 603,23 manat məbləğində adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 27,51 manat məbləğində penya, cəmi 72089,30 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixdən qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və iddia ərizəsinin verilməsinə görə 306.30 (üç yüz altı manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/100N05A00839622 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 67776,65 manat məbləğində əsas borc, xx.xx.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 580,84 manat məbləğində məbləğində adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 2958,70 manat məbləğində penya, cəmi 71316,19 manat məbləğində pul vəsaiti və xx.xx.2025-ci il tarixdən (iddia tələbinin həcminin azaldılması barədə ərizənin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 10% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penyanın birgə qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər hazırkı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin çıxışını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli DKM/100N05A00839622 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 72 ay müddətinə, illik 10 % (on faiz) ödənilməsi şərtilə 118000 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan ASC “Xalq” Bank ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2022-ci il tarixli, DKM/100N05A00839622 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan ASC “Xalq” Bankı tərəfindən verilmiş 21 iyun 2025-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh1 13 yanvar 2022-ci il tarixli DKM/100N05A00839622 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankına 67776,65 manat məbləğində əsas borc, 21 fevral 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 580,84 manat məbləğində məbləğində adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 2958,70 manat məbləğində penya, cəmi 71316,19 manat məbləğində borcu vardır. İş materiallarında olan ASC “Xalq” Bankının cavabdehlərə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamami ilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada 13 yanvar 2022-ci il tarixli DKM/100N05A00839622 nömrəli kredit müqaviləsi üzrə 67776,65 manat məbləğində əsas borc, 580,84 manat faiz, 2958,70 manat məbləğində cərimə olmaqla, cəmi 71316,19 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13 yanvar 2022-ci il tarixli DKM/100N05A00839622 nömrəli kredit müqaviləsi üzrə 67776,65 manat məbləğində əsas borc, 580,84 manat faiz, 2958,70 manat məbləğində cərimə olmaqla, cəmi 71316,19 manat kredit borcu və ödənilmiş 306,30 manat dövlət rüsumu iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar