Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3118/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 288 manat borc məbləği, 28 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun cəmi 346 manat tutularaq İddiaçı MMC-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddia tələbinin dəlilləri: İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 27 avqust 2016cı il tarixli 01-AGT000007677 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 328 ( üç yüz iyirmi səkkiz) manat olan Huawei Y220 (İMEİ **********10054) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 27-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 24 (iyirmi dörd) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 288 ( iki yüz səksən səkkiz) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3 –cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etməyə məcbur qalmışlar. Cavabdeh lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: 27 avqust 2016-cı il tarixli 01-AGT000007677 №-li əşyanın nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" MMC-dən 12 ay müddətinə ümumi nisyə dəyəri 328 manat olan Silikon Huawei Y220 (av) İMEİ: G14645; yaddaş mic 4gb (sar) İMEİ: G16096; Power bank alcatel 1800mah İMEİ: G14400; Huawei Y220 b/u (kamp) Black İMEİ: **********20996; Huawei Y220 b/u (kamp) Black İMEİ: **********10054 almışdır. xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsindən görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında faktorinq müqaviləsi imzalanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 288 manat ödənilməmiş əsas borcu, 28 manat cərimə borcu olmaqla, ümumilikdə 316 manat borcu yaranmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 01-AGT000007677 saylı girov müqaviləsi bağlanmışdır. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 444.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırma aparılmasına zərurətin olmaması qənaətinə gələrək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyaları Cavabdeh vermiş, lakin cavabdeh alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında ümumilikdə 316 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Faktorinq müqaviləsinə əsasən tələb hüquqlarını güzəşt edən - "xxxx" MMC borclular və digər şəxslər ilə aralarında bağlanmış olan bütün müqavilələrdən irəli gələn tələb hüquqlarını əldə edən - İddiaçı MMC -yə ötürməyi öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Eyni zamanda iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, 27 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, cəmi 288 manat məbləğində əsas borca münasibətdə cavabdehdən cəmi 28 manat cərimə pulunun tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə cəmi 14 manat cərimə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 288 manat əsas, 14 manat cərimə İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 288 (iki yüz səksən səkkiz) manat əsas, 14 (on dörd) manat cərimə olmaqla, cəmi 302 (üç yüz iki) manat tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sahibə Hacıyeva İş № e-2(011)-3118/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2025-ci il Bakı şəhəri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə sadələşdirilmiş icraat qaydasında işə təqdim edilən sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxdı. Prosessual hərəkət saat 10:30-da başladı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək kiçik iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 10:45-də başa çatdı. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3118/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3118/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver