Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-312/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ASC (Bundan sonra Bank) ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ********* saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% olmaq şərtilə, 6640 ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin Əlavəsi olan ödəniş qrafikinə əsasən aylıq ödəniş 260,55 manat müəyyən edilmişdir. Cavabdeh aldığı krediti qismən qaytarmışdır.
2. 17.03.2015-ci il tarixdə kredit müqaviləsi üzrə 1 saylı Əlavə saziş imzalanmış, sazişə əsasən Cavabdeh1 qalıq borcu 6048,96 ABŞ dolları, kreditin müddəti isə 40 ay, aylıq ödəniş 221,13 manat müəyyən edilmişdir. Həmçinin, xx.xx.2016-cı il tarixdə kredit müqaviləsi üzrə ikinci, 754 saylı Əlavə saziş imzalanmış, bu Sazişə əsasən cavabdehin qalıq əsas kredit borcu 2588,28 ABŞ dolları, faiz borcu 428,59 ABŞ dolları, cərimə məbləği isə 6,59 ABŞ dolları olmaqla, aylıq ödənişi 80 manat (aonuncu ay 1045,38 çamat) razılaşdırılmşdır. İkinci Əlavə sazişə görə kredit müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır.
3. Eləcə də, Bank ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə ZM290006516/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2014-cü-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşlər.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 1375,36 ABŞ dolları əsas, 2067,86 ABŞ dolları faiz, 1703,06 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 197,79 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 110,85 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, ləğv prosesində olan "Dəmir Bank” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bankla Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə ödəmək şərtilə 6640 (altı min altı yüz qırx dollar) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında, ZM290006516/14 nömrəli xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə Əlavə sazişlər imzalanmış, sonuncu dəfə Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalıq məbləği cəmi 3023,46 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti saziş imzalandığı tarixdən xx.xx.2019-cu il tarixinə kimi uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********473 saylı, xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.
b) Cavabdehlərin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.
7. Məhkəmə iclasında verilən izahatlar:
8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməsə də (vəsatətlə müraciət edərək təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir), nübahisənin uzun müddətdir icraatda olmasını, iş üzrə müvafiq araşdırmalar aparılmasını, ekspertiza keçirilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, işə cavabdehin iştirakı olmadan da baxıla bilər
9. Həmçinin, cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmlərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
10. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit və bank hesabına) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
13. Maddə 445.7 Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
14. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
15. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
16. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
17. Maddə 739.1 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2 Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit və bank hesabı müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, Bankla Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə ********* saylı kredit müqaviləsi bağlanmış, cavabdehə 36 ay müddətinə illik 24% dərəcəsi ilə 6640 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəfər arasında bağlanmış 754 saylı Əlavə Sazişlə cavabdehin əsas qalıq krediti 2588,28 ABŞ dolları, faiz borcu 428,59 ABŞ dolları, 6,59 ABŞ dolları müəyyən edilməklə, kreditin müddəti xx.xx.2019-cu il tarixədək uzadılmışdır.
25. Lakin Cavabdeh1 müqavilə şərlərini pozmaqla, öhdəlyini tam icra etməmişdir.
26. Məhkəmənin qənaətinə görə iddia əsas kredit borcunun tutulması hissəsində qismən əsaslıdır.
27. Belə ki, borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.
28. İşin mübahisəsiz halıdır ki, Bankla cavabdeh arasında kredit (borc) müqaviləsi bağlanmış, Bank müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin cavabdeh aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir.
29. İddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışında da xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 1375,36 ABŞ dolları, faiz borcu üzrə 2067,86 ABŞ dolları, 1703,06 ABŞ dolları cərimə, 197,79 ABŞ dolları gecikdirilmiş faiz məbləği olmaqla, cəmi 5344,07 ABŞ dolları kredit borcunun olması göstərilmişdir.
30. Məhkəmə qeyd edir ki, Bankla cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında Cavabdeh1 Bankdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə və şərtlərlə eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun qaytarılmasını tələb etməkdə haqlıdır.
31. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun, cərimənin və kredit müqaviləsi bitəndən sonra illik 5%-lə hesablanmış pulun tələb edilməsi hissəsində təmin edilməməlidir.
32. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir.
33. Məhkəmə, həmçinin hesab edir ki, iddia tələbi zaminə münasibətdə də təmin edilə bilməz.
34. Mülki məcəllənin 477-ci maddəsində zaminliyə xitam verilməsinin əsasları sadalanmışdır. Həmin maddəyə əsasən zaminliyə digər əsaslarla bərabər zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
35. Bankla zamin Cavabdeh2 ilə arasında bağlanmış zaminlik müqaviləsinin qüvvədə olduğu müddət göstərilmişdir. Belə ki, zaminlik müqaviləsinin 5.1.4-cü bəndində göstərilir ki, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir.
36. Bankla Cavabdeh2la arasında bağlanmış kredit müqaviləsinə sonuncu dəfə imzalanmış xx.xx.2016-cı il tarixli 754 nömrəli sazişə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2019-ci il tarixdək uzadılmışdır. Başqa sözlə, borclu Cavabdeh2 Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliyinin icra müddəti xx.xx.2020-ci il tarixdə başa çatmışdır. Göründüyü kimi, qeyd edilən qanunverilik normasına əsasən əsas öhdəliyin icra müddəti müəyyənləşdirilmiş müqavilələr üzrə öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmək hüququ vardır. İddiaçı isə hazırki mübahisə üzrə zamin Cavabdeh2 qarşı iddianı xx.xx.2020-ci ilə qədər irəli sürə biləcəyi halda, xx.xx.2023-cü il tarixdə həm əsas borcluya, həm də zaminə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zaminə qarşı iddia irəli sürmək hüququndan qanunda göstərilən müddət ərzində istifadə etməmişdir. Buna görə də, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi zamin Cavabdeh2 aid hissədə təmin edilə bilməz.
37. Məhkəmə hesab edir ki, 110,85 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 26%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
38. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. 1375,36 ABŞ dolları məbləğində əsas borc və ödənilmiş 28,82 manat dövlət rüsumu Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 75,35 manat hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə, habelə Cavabdeh2 aid hissədə təmin edilməsin. Ekspertiza xərcinin 74 manat hissəsi ləğv prosesində olan İddiaçı ASC-dən, 26 manat hissəsi isə tutularaq Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı