Məhkəmə qərarları › İş №e-2(011)-3150/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3150/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3150/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı ASC ilə Cavabdeh qarşı cavabdeh Bağırzadə (Cabbarlı) Şirin Seymur qızından İddiaçı ASC-nin xeyrinə 4202,42 manat məbləğində əsas borcun, 543,66 manat məbləğində faiz borcunun, 672,88 manat məbləğində cərimə borcunun cəmi 5418,96 manat borcun və 76 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: Cavabdeh X2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə, illik 21% olmaqla 11900 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Tərəflərin izahatları: İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli CC/10349/85/1 saylı kredit sazişinin surətindən görünür ki, Cavabdeh illik 21 faiz dərəcəsi ilə 36 ay müddətinə 11900 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin şərtlərinin dəyişdirilməsinə dair razılaşmanın surətindən görünür ki, Müqavilənin 1 saylı Əlavəsində göstərilən ödəniş cədvəli dəyişdirilmişdir. xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 4202,42 manat əsas, 543,66 manat faiz və 672,88 manat məbləğində cərimə borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunların tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən arayışın surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 76 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə 4202,42 manat məbləğində əsas borca münasibətdə 672,88 manat cərimə borcunun hesablanmasını ağlabatan hesab etmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Odur ki, 4202,42 manat məbləğində əsas borca münasibətdə 672,88 manat cərimə borcu çox olduğundan azaldılaraq 210 manat cərimə borcu olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4202,42 manat məbləğində əsas borc, 543,66 manat məbləğində faiz borcu, 210 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4956,08 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 4956,08 manat olduğundan cavabdehdən 69,56 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 4202,42 (dörd min iki yüz iki manat qırx iki qəpik) manat məbləğində əsas borc, 543,66 (beş yüz qırx üç manat altmış altı qəpik) manat məbləğində faiz borcu, 210 (iki yüz on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4956,08 (dörd min doqquz yüz əlli altı manat sıfır səkkiz qəpik) manat borc məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69,56 (altmış doqquz manat əlli altı qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar