Məhkəmə qərarları › İş №e-2(011)-3165/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3165/2022

04.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3165/2022 04.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1714,8 manat əsas, 511,2 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 93 manat əsas, 28 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1120 manat əsas, 333 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1968 manat əsas, 590 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 405 manat əsas, 121 manat dəbbə pulunun cəmi 6884 manat pulun və 88,84 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Lenova” markalı notebukun nisyə alqı-satqısı barədə 22097415 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1714,80 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 142,9 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Samsung Galaxy A30s” markalı mobil telefonun satılması barədə 20058854 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 583,8 manat, ilkin ödəniş 9 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 47,9 manat müəyyən edilmişdir Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Samsung LED” markalı televizorun satılması barədə 21068597 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 1358,6 manat, ilkin ödəniş 14 manat, ödəniş müdəti 18 ay olmaqla, aylıq ödəniş 74,7 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “İPhone 11” markalı mobil telefonun satılması barədə 20273581 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 3257,8 manat, ilkin ödəniş 304 manat olmaqla ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 164,1 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Samsung LED” markalı televizorun satılması barədə 20161424 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən əşyanın ümumi dəyəri 972 manat, ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 81 manat müəyyən edilmişdir. Müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 0 manat, qalıq borcu 1714,8 manat, dəbbə pulu 511,2 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 490,8 manat, qalıq borcu 93 manat, dəbbə pulu 28 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 238,6 manat, qalıq borcu 1120 manat, dəbbə pulu 333 manat, dördüncü müqavilə üzrə ödədiyi pul məbləği 1289,8 manat, qalıq borcu 1968 manat, dəbbə pulu 590 manat və beşinci müqavilə üzrə ödədiyi pul məbləği 567 manat, qalıq borcu 405 manat, dəbbə pulu 121 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 5 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “Lenova” markalı notebook üçün qalıq borcu 1714,8 manat, dəbbə pulu 511,2 manat, ikinci müqavilə üzrə “Samsung Galaxy A30s” markalı mobil telefon üçün qalıq borcu 93 manat və dəbbə pulu 28 manat, üçüncü müqavilə üzrə “Samsung LED” markalı televizor üçün qalıq borcu 1120 manat, dəbbə pulu 333 manat, dördüncü müqavilə üzrə “İPhone 11” markalı telefon üçün qalıq borcu 1968 manat, dəbbə pulu 590 manat və beşinci müqavilə üzrə “Samsung LED TV” markalı televizor üçün qalıq borcu 405 manat, dəbbə pulu 121 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2586,20 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı zamanı iddia tələbini qismən qəbul edərək, əsas borcla razı olsa da, cərimə borcu ilə razı olmadığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını, iddia ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 5 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilələrin hissə-hissə ödənilməsi müddəti və məbləği müqavilələrə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq dəbbə pulunun birinci müqavilə üzrə 30 manat, ikinci müqavilə üzrə 5 manat, üçüncü müqavilə üzrə 30 manat, dördüncü müqavilə üzrə 35 manat olmaqla, beşinci müqavilə üzrə 15 manat, cəmi 115 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, dövlət rüsumu iddia tələbinin təmin edilməsi nisbətində (iddia tələbinin təmin edilməsi hissəsi təqribən 89%-ə bərabərdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci tarixli müqaviləyə əsasən 1714,8 manat əsas, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il il tarixli müqaviləyə əsasən 93 manat əsas, 5 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1120 manat əsas, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1968 manat əsas, 35 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 405 manat əsas, 15 manat dəbbə pulu olmaqla, cəmi 5415,80 manat borc və 79 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 9,84 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar