Məhkəmə qərarları › İş №e-2(011)-3180/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3180/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3180/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilədən irəli gələn öhdəlik üzrə Cavabdeh əsas borc kimi 15 000 (on beş min) manat və cavabdeh ödəniş edən günədək hesablanaraq xx.xx.2023-cü il tarixindən başlayaraq hər gün üçün 75 (yetmiş beş) manat cərimə tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında, 10 aprel 2023-cü il tarixində, dövlət qeydiyyat nişanı ** AV *** olan, HYUNDAİ İX-35 markalı nəqliyyat vasitəsinin alqı-satqısına dair 0206-ASM-100423/002 №-li müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən satıcı olan İddiaçı MMC yuxarıda qeyd edilən avtomobili 25 000 (iyirmi beş min) manata alıcı Cavabdeh satmışdır. Cavabdeh isə öz növbəsində, qeyd edilən müqavilənin 2.1-ci bəndinə uyğun olaraq xx.xx.2023-cü il tarixinədək 5 000 (beş min) AZN, xx.xx.2023-cü il tarixinədək 10 000 (on min) AZN və xx.xx.2023-cü il tarixinədək 10 000 (on min) AZN İddiaçı MMC-yə ödəməliydir. Lakin, bu günə kimi, cavabdeh tərəfindən yalnız, 10 000 (on min) manat ödənilib. Beləliklə, Cavabdeh İddiaçı MMC qarşısında 15 000 (on beş min) manat ödənilməmiş borcu yaranmışdır. Sözügedən nəqliyyat vasitəsinin iddiaçı tərəfindən cavabdehə verilməsinə dair tərəflər arasında imzalanmış təhvil-təslim aktı mövcuddur. Yuxarıda qeyd edilən müqavilənin 4.2-ci bəndinə əsasən əgər alıcı bu müqavilədə nəzərdə tutulmuş müddətlər ərzində ödənişi həyata keçirməzsə, hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,5% həcmində cərimə ödəyir. Beləliklə, xx.xx.2023-cü il tarixindən, yəni ödəniş tam şəkildə tamamlanmış olası gündən cavabdehin iddiaçı qarşısında 15 000 (on beş min) manat borcu yaranmışdır və müqaviləyə əsasən bu borc hər gecikdirilmiş gün üçün 75 (yetmiş beş) manat təşkil edir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəmə iclasına gəlməmişlər. cavabdeh məhkəmə iclaısna gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçının nümyəndəsi məhkəməyə elektron ərizə təqdim edərək, məhkəmə iclaısının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağğlanmış xx.xx.2023-cü il tarixli 0206-ASM-100423/002 saylı müqavilədən görünür ki, müqaviləyə əsasən İddiaçı alıcıya “HYUNDAİ İX-35” minik markalı **-AV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini cəmi 25000 manata satmış, alıcı isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən, tərəflər təsdiq edirlər ki, Mal Satıcının mülkiyyətindədir və üçüncü şəxslərin hüquqlarından azaddır. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə ödəniş xx.xx.2023-cü il tarixinədək 5000 AZN, xx.xx.2023-cü il tarixinədək 10 000 AZN və 30.05. 2023-cü il tarixinədək 10 000 AZN olmaqla hissələrlə həyata keçirilir. İş materiallarında olan 0206-ASM-100423/002 saylı xx.xx.2023-cü il təhvil-təslim aktından görünür ki, satıcı şəxsi mülkiyyətində olan “HYUNDAİ İX-35” minik markalı **-AV- *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh təhvil verilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC, Cavabdeh müqavilə üzrə borcunu xx.xx.2023-cü il tarixinədək ödəməsinə dair xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı MMC-nin mülkiyyətində hər hansı nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 135,60 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında “HYUNDAİ İX-35” minik markalı **-AV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsininin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır, təhvil-təslim aktına əsasən iddiaçı nəqliyyat vasitəsini cavabdehə təhvil vermişdir, müqavilədə, Malın, yəni “HYUNDAİ İX-35” minik markalı **-AV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Satıcı İddiaçı MMC-nin mülkiyyətində olması və üçüncü şəxslərin hüquqlarından azad olması göstərilmişdir. Bununla belə alqı-satqı müqaviləsi əsasında İddiaçı MMC tərəfindən Cavabdeh satılmış “HYUNDAİ İX-35” minik markalı **-AV-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin iddiaçının mülkiyyətində olması halları müəyyən edilməmişdir. Əksinə, EMİS əsasında məhkəmə tərəfindən İddiaçı MMC-nin mülkiyyətində hər hansı, 0 cümlədən mübahisələndirilən nəqliyyat vasitəsinin olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür və satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Lakin iş materiallarından, malı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürən tərəfin – İddiaçı MMC-nin mülkiyyətində müqavilə üzrə nəzərdə tutulan nəqliyyat vasitəsinin olması, həmin nəqliyyat vasitəsinin dəyəri ödənildikdən sonra alıcının mülkiyyətinə veriləcəyinə dair üçüncü şəxslərin öhdəlik götürməsi, eləcə də, müqavilə üzrə üçüncü şəxslərin olması və onların hər hansı öhdəlik götürməsi, iddiaçının nəqliyyat vasitəsi üzərində sərəncam verilməsinə əsas olan hallar müəyyən edilməmişdir. Başqa cür desək, İddiaçı MMC nəqliyyat vasitəsinə dair heç bir hüququ olmadan onun barəsində müqavilə bağlamışdır ki, bu da onun həmin avtomobilə dair tələb hüququ irəli sürməsini, subyektiv hüquq baxımdan, istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından və bütövlükdə isə tərəflər arasında hər hansı bir hüquq münasibəti yaranmadığından, iddiaçı cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır (subyektiv hüquq baxımından) və buna görə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “müqavilədən irəli gələn öhdəlik üzrə Cavabdeh əsas borc kimi 15 000 (on beş min) manat və cavabdeh ödəniş edən günədək hesablanaraq xx.xx.2023-cü il tarixindən başlayaraq hər gün üçün 75 (yetmiş beş) manat cərimə tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu da iddiaçının özünə aid edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “müqavilədən irəli gələn öhdəlik üzrə Cavabdeh əsas borc kimi 15 000 (on beş min) manat və cavabdeh ödəniş edən günədək hesablanaraq xx.xx.2023-cü il tarixindən başlayaraq hər gün üçün 75 (yetmiş beş) manat cərimə tutularaq İddiaçı MMCnin xeyrinə ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar