Məhkəmə qərarları › İş №e-2(011)-3185/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3185/2022

14.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3185/2022 14.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı» ASC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 718.75 (yeddi yüz on səkkiz manat, 75 qəpik) AZN - bundan 267.76 (iki yüz altmış yeddi manat, 76 qəpik) əsas, 194.06 (yüz doxsan dörd manat 06 qəpik) AZN faiz, 214.69 (iki yüz on dörd manat, 69 qəpik) AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.24 (qırx iki manat 24 qəpik) AZNfaiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi H.F.Həsənli iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 avqust 2013-cü il tarixli KM021T09170064S01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə 300 AZN məbləğində kredit verilmişdir, xx.xx.2017-ci il tarixli Əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 281.60 AZN müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir, kredit müqaviləsinin 4.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır, borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər, bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir, halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi, xx.xx.2022-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 718.75 AZN təşkil edir. Bundan 267.76 əsas, 194.06 AZN faiz, 214.69 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.24 AZN faiz borcu təşkil edir. Sonda iddiaçının nümayəndəsi H.F.Həsənli iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında bildirdi ki, ilkin müqavilə 2013-cü ildə, ona əlavə olaraq 1 №-li Saziş isə 2017-ci ildə bağlanmışdır, müqavilənin icra müddətinin bitməsindən artıq uzun müddət keçmişdir, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu itirmişdir, bu səbəbdən iddia müddətinin tətbiq edilməsini xahiş edir. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, ona qarşı irəli sürülən iddiaya iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə Kredit kartının verilməsi və istifadəsi üzrə 057-AYK/13 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən müştəriyə 36 ay müddətinə illik 0%-lə 300 manat məbləğində kredit xətti açılmışdır. Kredit xətti xx.xx.2013-22.082016-cı il tarixinədək açılmışdır. İş materiallarında olan 22 sentyabr 2017-ci il tarixli 22 avqust 2013-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə Əlavə 1 №-li Sazişdən görünür ki, müqavilənin adında olan “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi kredit müqaviləsi ifadəsi ilə dəyişdirilmişdir, borcalanın kredit qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 281,60 manat əsas borc, 54,29 manat faiz və cərimə borcu təşkil edir, kreditin müddəti 18 ay təşkil edir. İş materiallarında olan Müqaviləyə Əlavədən görünür ki, Cavabdeh kredit məbləği 281,6 manat, müddət 18 ay, faiz 17, ödəniş tarixi 2210.2017-xx.xx.2019-cu ildir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə 281,60 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Hesabdan çıxarışdan görünür ki, Cavabdeh Fərmana əsasən 786,10 manat kompensasiya ödənişi edilmişdir. İş materiallarında olan 16 fevral 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 22 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 10 fevral 20222-ci il tarixinə yaranmış borcu müqavilə üzrə əsas borc 257,76 manat, müqavilə müddət üçün hesablanmış 194,06 manat faiz, gecikdirilmiş müddət üzrə 214,69 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanan 42,24 manat faiz borcu olmaqla, ümumi borc cəmi 718,75 manatdır. İş materiallarından görünür ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixdə Bildiriş məktubu göndərilərək, ondan 714,47 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Mədaxil Qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 iyun 2022-ci il tarixli 9/3970 saylı Ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-cci il tarixə İddiaçı ASC-yə olan borcu 423,1 manat məbləğində müəyyən edilir, o cümlədən 267,76 manat əsas borc, 116,74 manat faiz borcu, faiz borcu 5% ilə 38,6 manat. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən xx.xx.2013 – xx.xx.2016-ci il tarixədək kredit xətti açılmışdır, 22 sentyabr 2017-ci il tarixdə həmin müqaviləyə Əlavə 1 №-li Saziş bağlanmış, müqavilənin adında olan “Kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi kredit müqaviləsi ifadəsi ilə dəyişdirilmişdir, həmin kredit müqaviləsinə əsasən, kreditin müddəti 18 aydır (xx.xx.2017 - xx.xx.2019), müqaviləyə əsasən Cavabdeh kredit öhdəliyi 281,60 manat əsas, 54,29 manat faiz borcu təşkil etmişdir, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir, cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir, cavabdehin hazırda iddiaçıya olan əsas borcu 267,76 manat, 116,74 manat müqavilə müddəti üzrə faiz borcu 116,74 manat, gecikdirilmiş vaxt üzrə faiz borcu (5%) 38,6 manat olmaqla, cəmi 423,1 manat təşkil edir, həmin iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün son tarix xx.xx.2022-ci ildir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır. Bununla belə, iddia müddətinin ötürülməsinin üzrlü səbəblinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. Həmin Qərara əsasən, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009cu il tarixli qərarında formalaşdırdığı presedentə görə, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Belə olan halda məhkəmə qeyd edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2017-ci il tarixli kredit müqaviləsinin icra müddəti xx.xx.2019-cu il tarixə qədər müəyyən olunmuş, üç illik müddətin axımı xx.xx.2019-cu il tarixdə başlayaraq xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Bank tərəfindən iddia ərizəsi üzrlü səbəblər olmadan, iddia müddəti başa çatandan sonra, elektron formada xx.xx.2022-ci il tarixdə verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddia tələbi rədd edldiyindən və iddiaçıdan dövlət rüsumundan azad olunması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 50 manat iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “cəmi 718.75 AZN bundan 267.76 əsas, 194.06 AZN faiz, 214.69 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 42.24 AZN faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə” dair iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ləğv Prosesində olan İddiaçı ASC-dən məhkəmə-mühasibatlıq ekspertizasının dəyərini təşkil edən 50 (əlli) manat tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X1, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar