Məhkəmə qərarları › İş №e-2(011)-3200/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3200/2022

19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3200/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 Murtuza oğlunun iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı QSC-si cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 021L**********38 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 05 fevral 2020-ci il tarixli, 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09 aprel 2020-ci il tarixli, 021R**********S saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05 avqust 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2159.6 manat ödəniş etmiş və onun 2840.4 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06 aprel 2022-ci il tarixə 244 gün üçün hesablanmış faiz borcu 490.73 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarılmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 06 aprel 2022-ci il tarixə 244 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə borcu 690.21 manat təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh1 Murtuza oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 Murtuza oğlu ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. İddiaçı iddia ərizəsini MM-nin 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2 və 501-ci maddələri ilə əsaslandıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 021R********** saylı kredit razılaşması üzrə 2840.04 manat məbləğində kredit borcu, 490.73 manat məbləğində faiz borcu və 690.21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4021.34 manat məbləğində borcun və ödənilmiş 60.21 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 Murtuza oğlu ona qarşı irəli sürülmüş iddia tələbini qismən, yəni əsas və faiz hissəsində qəbul etdiyini, cərimə hissəsində isə qəbul etmədiyini bildirmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı QSC-si ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 021L**********38 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 50000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı QSC-si ilə Cavabdeh1 arasında bağlanmış 05 fevral 2020ci il tarixli, 021R********** saylı kredit razılaşmasından görünür ki, cavabdeh 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 5000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 09 aprel 2020ci il tarixli, 021R**********S saylı razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan İddiaçı QSC-si ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın bankla arasında olan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı QSC-si tərəfindən verilmiş arayışa əsasən məlum olur ki, Cavabdeh1 021R********** saylı kredit razılaşması üzrə 2840.04 manat məbləğində kredit borcu, 490.73 manat məbləğində faiz borcu və 690.21 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4021.34 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı QSC-nin cavabdehlərə ünvanladığı xəbərdarlıqlara əsasən məlum olur ki, bank tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.(maddə 470.1) Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.(maddə 472.1) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (maddə 472.2) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə qismən sübut olunduğundan, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduğu üçün, cavabdehlərdən müştərək qaydada 021R********** saylı kredit razılaşması üzrə 2840.04 manat məbləğində kredit borcu, 490.73 manat məbləğində faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan kredit müqaviləsi əsasında hesablanmış cərimənin məbləği 10%-dək azaldılaraq cavabdehlərdən ümumilikdə 69 manat cərimə tutulmalıdır. Beləliklə, bilavasitə məhkəmə iclasında tədqiq olunmuş sübutlara və yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq, məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, eyni zamanda zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borca zamin durduğuna görə cavabdehlə birlikdə öhdəliyi icra etməli olduqları üçün iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 2840.04 manat məbləğində kredit borcu, 490.73 manat məbləğində faiz borcu, 69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3399.77 manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada kredit razılaşması üzrə 2840.04 manat məbləğində kredit borcu, 490.73 manat məbləğində faiz borcu, 69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3399.77 manat məbləğində pul vəsaiti İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 60.21 manat dövlət rüsumunun 85 %, yəni 51 manat cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin, qalan 15%, yəni 9.21 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar