Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3237/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Əliyev Asif Adil oğluna qarşı borcun ödənilməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə 2379 manat qalıq borcu və 362.56 manat cərimə borcu olmaqla, cəmi 2741.56 manat borcun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 47.41 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsinə (“müqavilə”) əsasən, borcluya 2549 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir, müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir, cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yertirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir, cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 2379 manat təşkil edir, müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür, cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 3625.60 manat təşkil edir (bax: əlavə olunan maliyyə arayışı), hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq etdiyimiz üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirik. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 362.56 manat təşkil edir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Əliyev Asif Adil oğlu arasında xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı alıcıya təhvil-təslim aktında göstərilən malı satır, aıcı isə həmin malı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. Müqavilənin 5.6-cı bəndinə əsasən, alıcı borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 %-i həcmində cərimə (dəbbə pulu) ödəməyi öhdəsinə götürmüşdür İş materiallarında olan "xxxx" MMC-nin nümayəndəsi Xaliq Qasımov və Əliyev Asif Adil oğlu tərəfindən imzalanmış xx.xx.2020-ci il tarixli Təhvil-təslim aktından görünür ki, LG 65UM7450PLA malı alıcı Əliyev Asif Adil oğluna təhvil verilmişdir, alıcı tərəfindən malın texniki göstəricilərinə və yararlığına dair iradlar bildirilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsinə 1 №-li əlavədən görünür ki, malın nisyə dəyəri 2549 AZN, müddəti 15 ay, aylıq ödəniş 170 manatdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, Əliyev Asif Adil oğlunun xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən qalıq borcun məbləği 2379 manat, gecikmə günlərinin sayı 508, hesablanmış cərimə məbləği 3625,60 manat, cəmi borcun məbləği 6004,60 manatdır. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən Əliyev Asif Adil oğluna borcunu 3 gün müddətində ödəməyi ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bildiriş məktubu göndərilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 47,41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Əliyev Asif Adil oğlu arasında bağlanmış xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqısatqı müqaviləsinə əsasən LG 65UM7450PLA malı Əliyev Asif Adil oğluna aylıq 170 AZN olmaqla, 15 ay müddətinə nisyə satılmışdır, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirərək malı alıcıya təhvil vermişdir, cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuş, nəticədə əsas və cərimə borcu yaranmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsi üzrə 120 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Əliyev Asif Adil oğlundan xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2379 manat əsas borc, 120 manat cərimə, ümumilikdə 2499 manat pul alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq alınmaqla, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Əliyev Asif Adil oğlundan xx.xx.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 2379 manat əsas borc, 120 manat cərimə borcu olmaqla, cəmi 2499 (iki min dörd yüz doxsan doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 (qırx beş) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3237/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3237/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver