Məhkəmə qərarları › İş №e-2(011)-3246/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3246/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3246/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızı iddiaçı “ABC-Telecom“ MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbi barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “ABC-Telecom“ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, 21121925 saylı müqaviləyə əsasən, İMEİ kodu **********20335 X1 9 Pro üçün 657 (altı yüz əlli yeddi) manat ödənilməmiş hissə, 65 (altmış beş) manat cərimə, xx.xx.2020-ci il tarixli, 20118836 saylı müqaviləyə əsasən LG musiqi mərkəzi üçün 210,20 (iki yüz on manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 21,8 (iyirmi bir manat, səkkiz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli, 01049802 saylı müqaviləyə əsasən Samsung Aspirator üçün 130 (yüz otuz) manat ödənilməmiş hissə, 13 (on üç) manat cərimə və xx.xx.2019-cu il tarixli, 00946391 saylı müqaviləyə əsasən HP notebook üçün 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat, xx.xx.2020ci il tarixli, 20106910 saylı müqaviləyə əsasən İMEİ kodu **********81498 Samsung Galaxy A10 markalı telefon və Xiaomi qulaqlıq üçün 301,8 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, 30,2 (otuz manat, iki qəpik) manat, cərimə, ümumilikdə 1839 (min səkkiz yüz otuz doqquz) manat borc və 38.39 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “ABC-Telecom“ MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, X1 9 Pro, LG musiqi mərkəzi, Samsung Aspirator, HP notebook, Samsung Galaxy A10 markalı telefon və Xiaomi qulaqlıq almış və nəticədə 1839 (bir min səkkiz yüz otuz doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 788,4 (yeddi yüz səksən səkkiz manat, dörd qəpik) manat (yəni 18 ay x 43.8 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********20335 X1 9 Pro üçün ümumilikdə 722 (yeddi yüz iyirmi iki) manat olmaqla, ondan 657 (altı yüz əlli yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 65 (altmış beş) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 421,2 (dörd yüz iyirmi bir manat, iki qəpik) manat (yəni 18 ay x 23,4 manat + 0 manat ilkin ödəniş) LG musiqi mərkəzi üçün ümumilikdə 232 (iki yüz otuz iki) manat olmaqla, ondan 210,2 (iki yüz on manat, iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 21,8 (iyirmi bir manat, səkkiz qəpik) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 468 (dörd yüz altmış səkkiz manat) manat (yəni 18 ay x 26 manat + 0 manat ilkin ödəniş) Samsung Aspirator üçün ümumilikdə 143 (yüz qırx üç) manat olmaqla, ondan 130 (yüz otuz manat) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13 (on üç) manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 818 (səkkiz yüz on səkkiz) manat (yəni 24 ay x 34 manat + 2 manat ilkin ödəniş) HP notebook üçün ümumilikdə 410 (dörd yüz on) manat olmaqla, ondan 373 (üç yüz yetmiş üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 604,8 (altı yüz dörd manat səkkiz qəpik) manat (yəni 12 ay x 114.2 manat + 0 manat ilkin ödəniş) Samsung Galaxy A10 markalı telefon və Xiaomi qulaqlıq üçün ümumilikdə 332 (üç yüz otuz iki) manat olmaqla, ondan 301,8 (üç yüz bir manat, səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30,2 (otuz manat, iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1428,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “müştəri” mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, cavabdehə ona qarşı yönəldilmiş iddia ərizəsinin Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən icraata qəbul edildiyinə dair bildiriş göndərilərək iddiaya qarşı əsaslandırımış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sübutları məhkəməyə təqdim etmək təklif olunmuşdur. Buna baxmayaraq cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21121925 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 43,8 manat ödəmək şərti ilə 788,4 manat məbləğində X1 9 Pro verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20118836 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 23,4 manat ödəmək şərti ilə 421,2 manat məbləğində LG musiqi mərkəzi verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 01049802 saylı müqaviləyə əsasən borcluya 18 ay müddətinə, aylıq 26 manat ödəmək şərti ilə 143 manat məbləğində Samsung Aspirator verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 00946391 saylı müqaviləyə əsasən borcluya 24 ay müddətinə, aylıq 34 manat ödəmək şərti ilə 373 manat məbləğində HP notebook verilmiş, ilkin ödəniş kimi cavabdeh 2 (iki) manat ödəniş etmişdir. İş materiallarından müəyyən olunmuşdur ki, “ABC-Telecom“ MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 20106910 saylı müqaviləyə əsasən borcluya 12 ay müddətinə, aylıq 114,2 manat ödəmək şərti ilə 604,8 manat məbləğində Samsung Galaxy A10 markalı telefon və Xiaomi qulaqlıq verilmiş, ilkin ödəniş kimi cavabdeh ödəniş etməmişdir. İş materiallarında olan 09 aprel 2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə bağlanmış 21121925 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 131,4 manat məbləğində ödəniş etmiş, lakin qalan 657 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 65 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 722 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə bağlanmış 20118836 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 211 manat məbləğində ödəniş etmiş, lakin qalan 210,2 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 21,8 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 232 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixdə bağlanmış 01049802 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində 338 manat məbləğində ödəniş etmiş, lakin qalan 130 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 13 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 143 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixdə bağlanmış 00946391 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 445 manat məbləğində ödəniş etmiş, lakin qalan 373 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 37 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 410 manat məbləğində borc müəyyən olunmuşdur. xx.xx.2020-ci il tarixdə bağlanmış 20106910 saylı müqavilə bağladıqdan sonrakı müddət ərzində isə 303 manat məbləğində ödəniş etmiş, lakin qalan 301,8 manat məbləğində borcu ödəməmişdir. Cavabdehə ödəniş etmədiyi üçün müəyyən olunan 30,2 manat məbləğində cərimə ilə birlikdə, ümumilikdə 332 manat məbləğində borc müəyyən olunmuşdur. Beləliklə cavabdeh qeyd edilən müqavilələr üzrə ümumilikdə 1428,4 manat məbləğində ödəniş etmiş, 1672 manat məbləğində ödənilməmiş hissə və 167 manat məbləğində cərimə ilə birlikdə ümumilikdə 1839 manat məbləğində borc müəyyən olunmuşdur. İş materiallarında olan iddiaçı “ABC-Telecom“ MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, iddiaçı cavabdehdən əşyaların tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi tələb etmiş, əks təqdirdə iddiaçı tərəfindən aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38,39 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəmək vəzifəsini yerinə yetirməmişdir. Odur ki, iddiaçı müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında həmin malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan nisyə mal almasına dair hüququndan istifadə etmiş, malın dəyərini razılaşdırılmış şərtlərlə və müddətə ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimələrin ödənilməsi barəsində hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki hallarını və əsas borc məbləğlərini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimələrin məbləği əsas borc məbləğlərinə mütənasib olmadığından, tələb edilən cərimələrin məbləği azaldılaraq xx.xx.2020-ci il tarixli, 21121925 saylı müqavilə üzrə 45,99 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 20118836 saylı müqavilə üzrə 14,7 manat məbləğində, xx.xx.2019-cu il tarixli, 01049802 saylı müqavilə üzrə 9,1 manat məbləğində, xx.xx.2019-cu il tarixli 00946391 saylı müqavilə üzrə 26,11 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 20106910 saylı müqavilə üzrə 21,12 manat məbləğində, ümumilikdə 117.02 manat məbləğində cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin iddianın 38.39 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat +1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu tutulur. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 21121925 saylı müqavilə üzrə əsas borca görə 657 (altı yüz əlli yeddi) manat, cərimə borcuna görə 45,99 (qırx beş manat, doxsan doqquz qəpik) manat, xx.xx.2020-ci il tarixli, 20118836 saylı müqavilə üzrə əsas borca görə 210,20 (iki yüz on manat, iyirmi qəpik) manat, cərimə borcuna görə 14,7 (on dörd manat, yeddi qəpik) manat, xx.xx.2019-cu il tarixli, 01049802 saylı müqavilə üzrə əsas borca görə 130 (yüz otuz) manat, cərimə borcuna görə 9,1 (doqquz manat on qəpik) manat, xx.xx.2019-cu il tarixli 00946391 saylı müqavilə üzrə əsas borca görə 373 (üç yüz yetmiş üç) manat, cərimə borcuna görə 26,11 (iyirmi altı manat, on bir qəpik)manat, xx.xx.2020-ci il tarixli, 20106910 saylı müqavilə üzrə 301,8 (üç yüz yetmiş üç) manat, cərimə borcuna görə 21,12 (iyirmi bir manat, on iki qəpik) ümumilikdə 1789,02 (min yeddi səksən doqquz manat iki qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 38.39 (otuz səkkiz manat otuz doqquz qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “ABC-Telecom“ MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar