Məhkəmə qərarları › İş №e-2(011)-3248/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3248/2024

27.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3248/2024 27.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun Cavabdeh ilə rəsmi nikahları 28 oktyabr 2008-ci il tarixdə Xətai Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X5,xx.xx.2014-cü il təvəllüdlü X8 və 10 yanvar 2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Onunla Cavabdeh arasında olan rəsmi nikah Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2008-ci il tarixdə 1519 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 17 mart 2011-ci il təvəllüdlü X2, 6 iyul 2014-cü il təvəllüdlü X4 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anaları - İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 660 manat sabit pul məbləğində aimentin cavabdehin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Hal-hazırda alimentin artırılmasına ehtiyyac vardır, çünki cavabdeh həddindən artıq stabil yüksək əmək haqqı alır və aliment qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulmalıdır. Belə ki, Cavabdeh SOCAR tərəfindən yaradılmış X6 Ltd MMC şirkətində “anbardar təhcizatçı” vəzifəsində işləyir və aylıq əmək haqqı olaraq 3,216.58 ABŞ dolları maaş alır (5467 manat təşkil edir). Göründüyü kimi, cavabdeh həddindən artıq yüksək maaşa sahibdir. İddiaçı göstərilənləri nəzərə alaraq, xx.xx.2011-ci il təvəllüdlü X2,xx.xx.2014-cü il təvəllüdlü X4 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh qazancın (başqa gəlirlərin) yarısı qədərində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o, hazırkı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən 28 oktyabr 2008-ci il tarixdə 1519 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 17 mart 2011-ci il təvəllüdlü X5, 16 iyul 2014-cü il təvəllüdlü X8 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 nikah pozulduqdan sonra anaları - İddiaçı yanında saxlanaraq onun himayəsinə verilməsi, 17 mart 2011-ci il təvəllüdlü X2, 16 iyul 2014-cü il təvəllüdlü X4 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 fevral 2023-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat, cəmi 660 (altı yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X7 LTD tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli HA- 066/2023 nömrəli məktubdan görünür ki, Cavabdeh SOCAR tərəfindən yaradılmış X6 LTD MMC şirkətinə 01 sentyabr 2010-cu il tarixdə qəbul olunmuş və hal-hazırda burada Anbardar-Təchizatçı vəzifəsində çalışır. Əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılacaqdır. Onun əmək haqqı gəlir vergisindən əvvəl 3216.58 $ qədərdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.3-cü maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunu məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehin qazancı ilə bağlı zəruri sübutları məhkəməyə təqdim etdiyi üçün, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün iddia təmin edilməli Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 17 mart 2011-ci il təvəllüdlü X2, 16 iyul 2014-cü il təvəllüdlü X4 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2038/2023 saylı, 03 aprel 2023-cü il tarixli qətnaməsinə əsasən 17 mart 2011-ci il təvəllüdlü X2, 16 iyul 2014-cü il təvəllüdlü X4 və 10 yanvar 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləği dəyişdirilərək, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh 50 manat dövlət rüsumu dövlət büdcəsinə tutulsun. Alimentin yeni məbləğdə tutulması qətnamə qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar