Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3277/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı – Cavabdeh 49700 (qırx doqquz min yeddi yüz) manat borcun və 240 (iki yüz qırx) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya (İddiaçı) ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 2022-ci ildən tanıyır. Cavabdeh ilk dəfə 2022-ci ildə iddiaçıya məxsus lombarda qızıl qoyaraq pul götürmüş və sonradan ödəniş etmişdir. Bu qaydada tərəflər arasında inam yaranmışdır. Bundan sonra cavabdeh vəziyyətinin pis olmasını bildirirərək girov qoyulmuş qızıllarını ona verməsini və satıb pulunu gətirəcəyini bildirmişdir. Cavabdeh qızılları götürmüş lakin, sonradan müxtəlif bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Sonradan Cavabdeh ödəniş edəcəyini bildirmiş və bununla bağlı da 49700 (qırx doqquz min yeddi yüz) manat borcunun olmasını yazılı etiraf etmişdir. Bundan sonra cavabdeh tərəfindən heç bir ödəniş edilməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı tələbi məzmununda izahat verərək bildirmişdir ki, sonuncu dəfə borc qaytarılmadıqda polisə müraciət edilmişdir, lakin mülki qaydada baxılmalı olduğundan məhkəməyə müraciət edilmişdir. Cavabdeh ötən hazırlıq iclasında iddiaçı ilə razılığa gəldiklərini bildirərək borcun icra qaydasında mütəmadi olaraq ödənilməsinin təmin edilməsi üçün əmək haqqından tutulmasına razılığını qeyd etmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyindən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzdən görünür ki, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən 240 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2024-cü il tarixli əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 49700 manat dəyərində qızıl götürdüyünü və üstünə faiz gəlmədən 30 ay müddətində aylıq 1650 manat ödəyəcəyini öz imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, cinayət təqibinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.2.6 Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Ona görə ki, məhkəmə ilk növbədə, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd olunan məbləğdə vəsaitin götürməsini qeyd etdiyini nəzərə alaraq, iddiaçının cavabdehə pul verməsi, bunun müqabilində cavabdehin iddiaçıya borcunun yaranması ilə bağlı əlavə araşdırma aparmağı zəruri hesab etmir. Çünki, qeyd edildiyi kimi, bu xüsusat həm iddiaçı, həm də cavabdeh tərəfindən təsdiq olunmuşdur. Məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Belə ki, xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh vurduğu ziyanı qəbul etmiş və pulun ödənilməsi üçün əməkhaqqından tutulmaların aparılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Belə ki, cavabdeh iddiaçıdan 49.700 manat dəyərində qızılı götürmüş və onun dəyərini ödəməməklə iddiaçıya maddi ziyan vurmuşdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 49700 (qırx doqquz min yeddi yüz) manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş 240 (iki yüz qırx) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-3277/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3277/2025
06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver