Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3282/2025 20.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Musayeva Aytəkin Bulud qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddia tələbi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7.605,23 (yeddi min altı yüz beş manat, 23 qəpik) manat -bundan 3.619,78 (üç min altı yüz on doqquz manat, 78 qəpik) manat əsas, 1.763,63 (bir min yeddi yüz altmış üç manat, 63 qəpik) manat faiz, 1.693,32 (bir min altı yüz doxsan üç manat, 32 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 528,50 (beş yüz iyirmi səkkiz manat, 50 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 96,06 (doxsan altı manat, 06 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 80007715 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədləri üçün 24 ay müddətinə illik 20.5% dərəcəsi ilə 5.000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında 80007715 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən kreditin qalıq məbləği 4.876,07 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği konvertasiya edilmiş (1 USD=1.40 AZN) 5.406,07 (beş min dörd yüz altı manat, 07 qəpik) manat hesablanmışdır. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 7.605,23 (yeddi min altı yüz beş manat, 23 qəpik) manat təşkil edir. Bundan 3.619,78 (üç min altı yüz on doqquz manat, 78 qəpik) manat əsas, 1.763,63 (bir min yeddi yüz altmış üç manat, 63 qəpik) manat faiz, 1.693,32 (bir min altı yüz doxsan üç manat, 32 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 528,50 (beş yüz iyirmi səkkiz manat, 50 qəpik) manat faiz borcu təşkil edir. Tərəflərin məhkəmənin baxış iclasında iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırkı məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 avqust 2015-ci il tarixli, 80007715 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 20.5% dərəcəsi ilə ödəmək şərtilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 28 sentyabr 2015-ci il tarixli kassa məxaric orderin surətindən görünür ki, 5000 ABŞ dolları Cavabdeh2 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı ASC ilə cavabdeh X4 arasında bağlanmış 28 sentyabr 2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, X4, yəni zamin borcalanın bankla arasında olan müqavilə üzrə öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 16 mart 2017-ci il tarixli Əlavə Sazişə əsasən məlum olur ki, borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 5406,7 manat təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 5209,11 manat əsas borcu, 162,06 manat faiz borcu və 35,53 manat cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 faiz ödənilir. Əlavə Sazişə əsasən X4 ilə zaminlik müqaviləsi bağlanılmışdır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 06 fevral 2025-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcu 3619,78 manat əsas, 1763,63 manat faiz, 1693,32 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 528,50 manat faiz borcu təşkil edir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə ünvanladığı bildirişə əsasən məlum olur ki, bank borcun 3 (üç) gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə cavabdehləri xəbərdar etmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. 429.1.3-cü maddəsinə əsasən əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin sussidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 28 sentyabr 2015-ci il tarixli, 80007715 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 24 ay müddətinə illik 20.5 faiz dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmiş, 16 mart 2017-ci il tarixdə kreditor qarşısındakı kreditin qalıq məbləği 5406,7 manat restrukturizasiya edilmiş, restrukturizasiya edilmiş kreditin müddəti 16 mart 2022-ci il tarixədək müəyyən edilmiş, X4 həmin kreditin qaytarılmasına zamin durmuşdur. İddiaçı iddia ilə məhkəməyə 05 mart 2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə hesab edir ki, öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində ləğv prosesində olan İddiaçı ASC tərəfindən zaminə qarşı iddia irəli sürülmədiyi üçün cavabdeh X1 zaminliyinə xitam verildiyindən iddia tələbi ona qarşı təmin edilməməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan cavabdehdən 3619,78 manat əsas, 1724,47 manat faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış cərimə məbləğinin 10%-dək azaldılaraq, cavabdehdən kredit müqaviləsi üzrə 361,78 manat məbləğində cərimə tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 27 fevral 2015-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 528,50 manat faiz borcunun tutulması hissəsində əsaslandırılmadığından və sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki iş üzrə məhkəmə xərcləri aşağıdakılardan ibarətdir: dövlət rüsumu olaraq 96,06 manat. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 96,06 manat dövlət rüsumunun 75%, yəni 72 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan 25%, yəni 24,06 manat iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh2 3619,78 manat əsas, 1724,47 manat faiz borcu, 361,72 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5705,91 manat məbləğində pul vəsaiti İddiaçıASC-nin xeyrinə tutulsun. İddia tələbi cavabdeh X3 qarşı təmin edilməsin. İddia qismən təmin edildiyi üçün İddiaçı ASC tərəfindən ödənilmiş 96,06 manat dövlət rüsumunun 75%, yəni 72 manat Cavabdeh2 tutularaq iddiaçıya ödənilsin, qalan 25%, yəni 24,06 manat iddiaçıya aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3282/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3282/2025
20.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver