Məhkəmə qərarları › İş №e-2(011)-3284/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3284/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3284/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi Bayramova Nərmin Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsitələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********04 saylı müqaviləyə əsasən xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 9664.54 manat, faiz borcu üzrə 1921.58 manat olmaqla, cəmi 11586.12 manat məbləğində kredit borcunun və 125 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,ddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********04 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında xx.xx.2018-ci il tarixli, BPM**********04 saylı zaminlik müqaviləsi imzalanmışdır. Qeyd olunan xx.xx.2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsinə əsasən, xx.xx.2022-ci il tarixinə cavabdehin əsas borc üzrə 9664.54 manat, faiz borcu üzrə 1921.58 manat olmaqla, cəmi 11586.12 manat borcu mövcuddur.Eyni zamanda iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 125 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixində 22-3155\2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı"xxxx" ASC AR MPM-in 53-cü maddəsinin tələbinə əsasən,iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 9664.54 manat, faiz borcu üzrə 3023.33 manat olmaqla, cəmi 12687.87 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 125 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 24% dərəcəsi ilə hesablanmaqla, 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********04 nömrəli zaminlik müqaviləsinə görə, zamin Cavabdeh2, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********04 nömrəli kredit müqaviləsinə əsasən,15000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalanla birgə qaydada cavabdehlik daşımağı öhdəsinə götürür. Borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 05.10..2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 qeyd edilən müqavilə üzrə xx.xx.2022-ci il tarixinə əsas borcu 9664.54 manat, faiz borcu 3023.33 manat, ümumilikdə 12687.87 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı bildirişlərdən görünür ki, cavabdehdən borcunu bildiriş məktubunu aldığı vaxtdan etibarən 5 gün müddətində "xxxx" ASC-yə ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5613 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 9655.65, faiz borcu üzrə 1920.05 manat məbləğində müəyyən olunur. Qeyd edilən ekspertizanın dəyəri 100 manat təşkil edir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 125 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, cavabdehdən əsas və faiz borcun tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına görə əsaslı olsa da, həcminə görə tam əsaslı deyildir. Belə ki, ekspert rəyindən görünür ki, iddiaçının kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 9655.65 manat, faiz borcu 1920.05 manat təşkil edir. Belə olan halda, iddia üzrə cavabdehdən əsas borca görə 9664,54 manat deyil, 9655,65 manat, faiz borcu üzrə isə 3023,33 manat deyil, 3021,8 (3023,33-(1921,58-1920,05) manat məbləğində pul tutulmalıdır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Məhkəmə həmçinin, iddia tələbinin 125 (bir yüz iyirmi beş) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş zaminlik müqavilələrinin şərtlərinə əsasən zamin və borclu Bank qarşısında birgə cavabdehdirlər, zaminlik icrasını təmin etdiyi kredit müqaviləsinin qüvvəyə mindiyi gündən qüvvəyə minir və kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-cimaddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli, BPM**********04 saylı kredit müqaviləsi üzrə 9655.65 (doqquz min altı yüz əlli beş manat, altmış beş qəpik) manat məbləğində kredit borcu, 3021,8 ( üç min iyirmi bir manat, səksən qəpik) manat məbləğində faiz borcu, ümumilikdə 12677,45 (on iki min altı yüz yetmiş yeddi manat, qırx beş qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna və bank xidmət haqqına görə 125,4 (bir yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar