Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3286/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı Səlim-X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh sinif yoldaşı olmuşlar. Aralarında mübahisə yaranmamışdan əvvəl iddiaçının səhhətində problem yarandığı üçün cavabdehin fərdi qaydada yerinə yetirdiyi psixoloji terapiya xidmətindən istifadə etmişdir. Bu müddətdə cavadeh fərdi qaydada biznes qurmaq üçün pula ehtiyacı olduğunu iddiaçıya bildirmiş və iddiaçıdan 1 ay müddətinə tam qaytarmaq şəti ilə 15000 borc pul istəmiş və iddiaçı razılaşmışdır. 2024-cü ilin iyun ayında iddiaçı özünə məxsus “Coffee Nuestro” kafesində 15000 manat pulu cavadehə vermişdir.
2. İddiaçının mütəmadi tələbindən sonra cavabdeh aldığı pulun 2000 manat hissəsini 2024-cü ilin sentyabrında qardaşı Aqil vasitəsi ilə, 500 manat hissəsini isə iddiaçının şikayəti əsasında Xətai RPİ-nin TŞ-də araşdırma aparılarkən özü qaytarmışdır. 2024-cü ilin noyabr ayında isə cavabdehin borcundan Seymur adlı şəxs tərəfindən 3750 manat pul iddiaçıya qaytarılmışdır.
3. Həmçinin, iddiaçının şikayəti əsasında Bakı şəhəri Xətai RPİ-nin TŞ tərəfindən araşdırma aparılmış, cavabdeh verdiyi izahatında qeyd etmişdir ki, iddiaçı onun maddi sıxınıtda olduğunu bildikdə özü 15000 manat pul təklif etmiş, o, bununla razılaşmış, iddiaçının kafesində 15000 manat pulu ondan almış, lakin 1 ayın tamamında qaytara bilməyəcəyini görüb iddiaçıya bu barədə demiş, iddiaçı isə ona pulu hissə-hissə qaytarmasının təklif etmişdir. Bakı şəhəri Xətai RPİ-nin TŞ-nin baş təhqiqatçısının xx.xx.2025-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan cavabdeh barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı 6750 manat pulun və 3000 manat mənəvi zərərin cavabdehdən alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdır ki, cavabdehlə sinif yoldaşı olmuş, uşaqlıqdan tanımış, lakin uzun müddətdir ki, əlaqələri olmamışdır. Hazırda cavabdeh terapevt kimi fəaliyyət göstərir. 2024-cü ilin yaz aylarında onun səhhətində probləmlər olduğu üçün onun terapiya keçdiyi evinə getmişdir. Təxminən xx.xx.2024-cü tarixdə seansda olarkən cavabdeh travel şirkəti qurmaq istədiyini, onunla şərik olan şəxsin hazırda pul vermədiyini və çətin vəziyyətdə qaldığını bildirərək ondan 1 ay müddətinə 15000 manat pul verib-verə bilməyəcəyimi soruşmuşdur. Cavabdehi uşaqlıqdan tanıdığı və artıq bir neçə seans yanına getdiyi üçün ona güvənərək həmin günün axşamı özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov küçəsində yerləşən “Coffee Nuestro” kafesində pulu cavabdehə təqdim etmşdir. Pulu verdikdən 1 ay keçdikdən sonra cavabdehdən xəbər gəlmədiyi üçün onunla əlaqə saxlayaraq işlərii ilə əlaqədar pul lazım olduğunu, pulu verməyindən 1 ay keçməsinə baxmayaraq hələ də vermədiyini, pulu nə zaman qaytaracağını soruşmuş, cavabdeh isə yaxın müddətdə qaytaracağını bildirmişdir. Bundan sonra o, pulu qaytarmadığını görərək 2024-cü ilin oktyabr ayında özü cavabdehin həqiqətən də travel şirkəti açıb-açmaması ilə onu tanıyan digər şəxslərdən maraqlanmış, lakin cavabdehin heç vaxt travel şirkəti açmadığını, onu aldadaraq pulunu aldığını və ondann başqa bir neçə nəfərdən də müxtəlif bəhanələrlə müxtəlif məblığlərdə pul aldığını bildirmişlər. Bu səbəbdən dərhal cavabdehlə əlaqə saxladıqda sonuncu 1 həftə ərzində pulu qaytaracağını bildirdi. Təxminən 1 həftə sonra cavabdehin qardaşı Aqil adlı şəxs ona məxsus olan “Coffee Nuestro” adlı kafeyə o olmayan zaman gələrək kafenin işçisinə 2000 manat pul vermişdir. Cavabdehin pulu tam vermədiyini görərək yenidən onunla əlaqə saxladıqda gələn həftə tam məbləği verəcəyini bildirdi. Bundan sonra isə cavabdeh ona noyabrın 15-nə qədər heç bir ödəniş etmədi. Bu səbəbdən o, əlacsız qalaraq onun qardaşı Aqilə zəng edib bacısının etdiklərini dedikdə Aqil cavabdehin bir neçə dəfə başqa şəxsləri də bu formada aldadaraq pul aldığını, artıq onun heç bir problemində yanında olmadığını, ailəsinin belə artıq onun camaatı aldatmasına görə üz döndərdiyini və danışmadığını bildirdi. Bundan sonra cavabdehin sevgilisi Seymur adlı şəxsin nömrəsini tapıb onunla əlaqə saxlamış, Seymur isə borcu özü 1 həftə ərzində tam bağlayacağını bildirdi. Lakin 1 həftə sonar Seymur ona 3750 manat pul verdi və yerdə qalan 9250 manat pulu 10 gün ərzində verəcəyini dedidi. Seymurla son danışığından sonra təxminən 15 gün gözləmiş, dekabrın əvvəli onunla əlaqə saxlamaq istəyən zaman telefonlarına cavab vermədiyindən əlacsız qalaraq şikayət ərizəsi ilə Xətai rayon Polis İdarəsinə müraciət etmişdir. Xətai rayon Polis İdarəsinin Təhqiqat bölməsində araşdırma aparılan zaman cavabdeh borcunun olmasını etiraf etdi, araşdırma zamanı 500 manat pul ödədi və təhqiqatçının xidməti otağında 1 həftə ərzində qalan 8750 manatı da ödəyəcəyinə söz verdi. Lakin cavabdeh yenə də pulu ödəmədi və təhqiqatçı şikayət ərizəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək, mənə mülki qaydada məhkəməyə müraciət etməli olduğunu izah etdi.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
10. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
11. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər
12. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
13. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
15. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
16. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
17. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
22. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. İddiaçı cavabdehə 15000 manat borc pul verdiyini iddia edir. Məhkəmə hesab edir ki, bu halda birincisi, 15000 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi, borcun verilməsi sübuta yetirldiyi halda, borc müqaviləsinin etibarlı olub-olmaması akpektindən mübahisəyə hüquqi qiymət verilməlidir.
26. Birinci aspektlə bağlı məhkəmə qeyd edir ki, borc müqaviləsinin anlayışı qeyd edilən MM-nin 739.1-ci maddəsinin mənasından da göründüyü kimi, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüquqnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüquqnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana fiktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər.
27. Hazırkı mübahisədə də, iddiaçı pulun cavabdehə nağd qaydada verilməsini bildirir. Məhkəmə hesab edir ki, bu halda 15000 manat məbləğində pulun cavabdehə verilməsini iddiaçı sübut etməlidir. 15000 manat məbləğində pulun cavabdehə verilməsini təsdiq edəcək yazılı sübut yoxdur. Lakin Bakı şəhəri Xətai RPİ-nin TŞ cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, cavabdeh verdiyi izahatında iddiaçıdan 15000 manat məbləğində borc pul aldığını etiraf etmişdir.
28. 15000 manat məbləğində pulun borc verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, yuxarıda göstərilən müddəalarda əqdlərin etibarsızlığı anlayışı və əsasları göstərilmişdir. Qanunun etibarsız əqdlərə verdiyi anlayışdan görünür ki, etibarsızlıq üçün əsas şərt əqdin qanunda müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanılmasıdır. Əqdin etibarsızlığına səbəb olan şərtləri qanunvericiliyə əsasən, ümumi formada (şərti olaraq) subyektə (əqdin tərəflərinə) bağlı olan, iradə ifadəsinə bağlı olan və əqdin forma və məzmununa bağlı olan şərtlərə ayırmaq olar.
29. Əqdin yazılı formasına əməl edilməmə o halda etibarsızlığa səbəb olur ki, belə forma tələbi ya qanunda, ya da tərəflərin özlərinin razılaşmasında nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 740-cı maddəsində də borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin müddəada borc müqaviləsinin yazılı və ya şifahi formada bağlanmasının imperativliyi borcun məbləği və onun subyektlərin tərkibi ilə şərtləndirilmişdir. Belə ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
30. İşin şərh edilən hallarıdan da göründüyü kimi, 15000 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmişdir. Başqa sözlə, 15000 manat məbləğində pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 740-cı maddəsinin məzmunundan da göründyü kimi, borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Göründüyü kimi, qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 15000 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqavələsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
31. Mülki Məcəllənin 337.1-ci maddəsində əhəmiyyətsiz və mübahisələndirilən olmaqla əqdlərin iki növü göstərilmişdir. Aralarındakı əsas fərq isə ondan ibarətdir ki, mübahisələndirilən əqdlər bağlandıqdan sonra onlar barəsində mübahisə irəli sürülənə qədər etibarlı görünsələr də, əhəmiyyətsiz əqdlər bağlandıqları andan etibarsız olur və elə ilk andan heç bir hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmur. İddiaçı tərəfindən verilmiş pula dair müqavilə də əhəmiyyətsiz əqddir, tərəflər arasında həmin müqavilənin yazılı forma tələbinə əməl edilməmişdir.
32. Lakin məhkəmə qeyd edir ki, borc müqaviləsinin qanunla müəyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur.
33. Əhəmiyyətsiz əqdlər üzrə əldə edilənlərin geri qaytarılması ilə bağlı AR Konstutusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Plenum Qərarındakı hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər.... Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.
34. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə hazırkı mübahisə üzrə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə verdiyi 15000 manat məbləğində pul vəsaitinə münasibətdə cavabdeh heç bir hüquqi əsas olmadan varlanmışdır. Pulun verilməsinin hüquqi əsas yaratmaması ilə bağlı əsaslar isə yuxarıda ətraflı şərh edilmişdir. Odur ki, cavabdeh etibarsız əqdin nəticələrinə uyğun olaraq iddiaçıdan aldığı pulun qaytarılmamış hissəsini, yəni 8750 manat pulu qaytarmağa borcludur.
35. Məhkəmə iddiaçının mənəvi zərərlə bağlı tələbini qismən əsaslı hesab edir.
36. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.
37. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nı 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər.
38. İşdə olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçıdan borc məqsədilə aldığı pulu cavabdeh razılaşdıqları vaxtda qaytarmamış, bundan sonra iddiaçı dəfələrlə tələb etdikdən sonra pulun bir hissəsi ona qaytarılmış, lakin tam qaytamadığına görə iddiaçı cavabdeh barəsində polis orqanına şikayət etmiş, onun şikayəti əsasında Bakı şəhəri Xətai RPİ-nin TŞ-də araşdrıma aparılıraq xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilmişdir. Cavabehin bu hərəkətləri nəticəsində iddiaçı hələ də əmlakının (cavabdehə verdiyi pulunun) bir hissəsindən məhrum olmuş vəziyyətdə qalmış, bu müddət ərzində pulun ona qaytarılmaması qorxusu ilə yaşamışdır. Məhkəmə hesab edir ki, bütün bunlar, o cümlədən iddiaçının əmlakının (pulnun) qaytarılması üçün cavadehə, ona yaxın olan (cavabdehin qardaşı Aqil və Seymur adlı şəxs) digər şəxslərə dəfələrə zəng etməsi, onlarla danışması və.s hallar kimi hallar iddiaçıda stres, həyacan və ümidsizlik yatarmaya bilməzdi.
39. Lakin məhkəmə hesab edir ki, iddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği qismən təmin edilməlidir.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən Qərarında qeyd edilir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
41. Beləliklə, məhkəmə hesab edir ki, şərh edilən hallar iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində onun iztirab, psixoloji stress, sarsıntı və emosional gərginlik və s. formada mənəvi zərər çəkməsi barədə nəticəyə gəlməyə tam əsas verir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək 500 manat məbləğində mənəvi zərərin əvəzinin tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir.
42. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi nisbətində (iddia ümumi tələbin təqribən 79%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. 8750 manat məbləğində pul, 500 manat məbləğində mənəvi zərər və ödənilmiş 99,54 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 26,46 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı