Məhkəmə qərarları › İş №e-2(011)-3287/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3287/2023

21.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3287/2023 21.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “aliment məbləğinin artırılması və cavabdehin əlavə xərclərə cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının himayəsində olan 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu və 20 noyabr 2010-cu il təvəllüdlü X1 üçün yaşayış minimumuna uyğun olaraq bir uşaq üçün 220 manat məbləğində, cəmi 440 manat məbləğində alimentin mənim iddiaçının xeyrinə tutulması, 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun saxlanılması üçün əlavə xərclərə görə Cavabdeh ayda 502.52 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması, Mediasiya prosesi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-4528/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 29 oktyabr 2006-cı il il tarixdə Bakı şəhəri Səadət Sarayında 3299 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu və 20 noyabr 2010-cu il təvəllüdlü X3 anaları İddiaçı yanında saxlanılmaları qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu və xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçının Cavabdeh ilə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu sağlamlıq imkanı məhdud olan şəxs kimi tanınmışdır. Belə ki, Fuada “uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyasının spesifik pozğunluğu” diaqnozu qoyulmuşdur. Uşağın ambulator kartasından çıxarışdan da göründüyü kimi, diaqnoz “Yüngül dərəcəli kəmağıllılıq, qulluq müalicə tələb edən ciddi davranış pozuntusu, uşaq autizmi Kanner sindromu”dur. Hazırda uşaq fasiləsiz müalicə alır. Həmçinin, onun loqoped məşğələlərinə və psixoloqa getməsi zəruridir. Bu xidmətlər isə ərazi üzrə uşaq poliklinikasında olmadığından, iddiaçı məcburən ödənişli şəkildə xidmətdən yararlanır. Hər seans üçün 20 manat məbləğində pul ödəyir. Uşağı həftədə iki dəfə loqoped və iki dəfə psixoloq seanslarına aparır. Ay ərzində psixoloq və loqoped üçün ümumilikdə 320 (160+160) manat ödənilir. Həmçinin, Fuada hər il iki dəfə EEQ müayinəsi edilməlidir. EEQ (elektron ensefaloqrafiya) müayinəsinin bir senası 180 manatdır. Hər il bu müayinəyə 360 (180+180) manat pul xərclənir. Bu məbləği 12 aya böləndə, bir ay üçün 30 manat təşkil edir. Uşaq fasiləsiz olaraq Epinex 500mq preparatını qəbul edir. Həmin dərmanın qutusu 37.10 manatdır, bir qutuda 50 ədəd dərman var. Fuad həmin dərmanın gündə iki ədədini qəbul edir. Odur ki, həmin dərmanın bir qutusu uşağa 25 gün üçün bəs edir. Bir ay ərzində Fuadın ehtiyacı olan həmin dərmanın dəyəri 44.52 manat edir. Fuad daha öncə hərəkətli çıxan ortodontik aparat taxıb (breket). Lakin maddi vəsait olmadığından müəlicə yarımçıq qalmışdır. Hal-hazırda distal dişləmi var, 13 və 23-cü dişlərinin distopiyası var, diş qövslərinin anomaliyası tam müalicə olunmayıb və olunmasa gələcəkdə dişlərin kökü sorulub dişlərini itirə bilər. Fuadın təkrar ortodontik müəlicəyə ehtiyacı var, professional gigiyenik müalicə mütləqdir. Breketin taxılması İcbari Sığortanın Pulsuz Xidmətlər zərfinə daxil deyildir. Xidmətlər Zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısında Angle CL İ ortodontik müalicə (estetik breket) 600, Angle CL İİ ortodontik müalicə (estetik breket) 700, Angle CL İİİ ortodontik müalicə (estetik breket) 800 manat məbləğində müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, breketlərə görə siyahıda qeyd edilən qiymətlər minimumdur və klinikalar reallıqda həmin məbləğdən qat-qat artıq ödənişlər alır. Lakin nəzərə alınsa ki il ərzində Fuad üçün minimum iki breket tələb olunacaq, bu zaman bir il üçün bu vəsait 1.300 manat, bir ay üçün isə təxminən 108 manat təşkil edəcəkdir. İşin hallarından da göründüyü kimi, iddiaçı və cavabdehin övladı Fuadın müalicəsi üçün mütəmadi vəsait xərci tələb olunur. Buna görə də hesab edir ki, Cavabdeh əlavə xərclərin tutulmasına cəlb edilməlidir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə araşdırması zamanı cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirdi ki, cavabdehin gəlirləri aliment məbləğinin artırılmasına imkan vermir, belə ki, cavabdeh ölkə xaricində işləyir, aylıq gəlirindən vergilər çıxıldıqdan sonra qalan 502 avro (903 manat) pulun 386 manatını aliment olaraq ödəyir. Həmçinin, iddiaçının ərizədə 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu üçün tələb etdiyi müayinələr dövlət tərəfindən pulsuz həyata keçirilir, diş müalicəsi üçün tələb olunan vəsait qeyri-müəyyəndir və bunu zəruri edən sübutlar məhkəməyə təqdim edilməmişdir. 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun saxlanılması üçün iddiaçının həm özünə, həm də uşağa dövlət tərəfindən vəsait ayrılmışdır. Qeyd olunlara əsasən, iddia əsassız olduğundan rədd edilməlidir. Məhkəmə araşdırması zamanı mütəxəssis qismində dindirilmiş Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyinin tibbi sığorta departamentində sığorta işinin təşkili şöbəsinin müdiri X4 bildirmişdir ki, stomotoloji xidmətlər dövlət sosial sığorta paketinə daxil deyildir. Həmçinin, Epinex 500 mq preparatı dövlət tərəfindən pulsuz təmin edilən dərmandır. EEQ (elektron ensefaloqrafiya) müayinə paketinə isə həm iki, həm dörd, həm də daha artıq saatı əhatə edən xidmətlər daxildir. Loqoped xidmətləri ilə bağlı hissədə isə qeyd edir ki, sahə üzrə poliklinikalarda loqoped yoxlanışı pulsuzdur. Uzunmüddətli müayinə isə sığorta paketinə daxil deyildir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdehin nikahı 20 fevral 2020-ci il tarixində pozulmuşdur. Onların birgə nikahından 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu və 20 noyabr 2010-cu il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2(011)-4528/2019 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş 22 avqust 2007ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 analarının yanında qalması qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutalaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşin faktiki hallarından görünür ki, tərəflərin birgə nikahından olan 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlu “uşaq autizmi, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, nitq artikulyasiyasının spesifik pozğunluğu” xəstəliyindən əziyyət çəkir. İddiaçı uşağın müalicəsi üçün xəstəliyin müalicəsi protokoluna uyğun prosedurların həyata keçirilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət edib. Eyni zamanda məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi və vəkili iddiaya etiraz mövqeyindən çıxış edərək iddiaçının ərizədə xəstə uşaq üçün tələb etdiyi müayinələrin dövlət tərəfindən pulsuz həyata keçirildiyini, diş müalicəsi üçün tələb olunan vəsaitin qeyrimüəyyən olmasını və bunu zəruri edən sübutların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Əlavə olaraq cavabdeh tərəf xəstə uşağın saxlanılması üçün iddiaçının həm özünə, həm də uşağa dövlət tərəfindən vəsait ayrıldığını bildirmişdir. İş üzrə mübahisənin obyektiv həll edilə bilməsi üçün dövlət orqanlarına sorğular verilmiş və gəlmiş cavablar əsasında müəyyən edilmişdir ki, dövlət proqramı çərçivəsində xəstələrə pulsuz verilən dərmanların siyahısına Epinex 500 mq preparatı daxildir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı ərazisi üzrə yerləşən, Sabunçu və Nərimanov rayonlarında 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər uçun Sosial Reabilitasiya Mərkəzləri xidmət göstərir. Mərkəzdə əlilliyi olan uşaqlara loqopedik, psixoloji, sosial pedaqoji xidmətlər ödənişsiz əsaslarla göstərilir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 42-ci maddənin 2-ci bəndinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda, uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasının tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı: 3.1. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər təcili və təxirəsalınmaz tibbi yardım, ilkin səhiyyə xidməti, ixtisaslaşdırılmış ambulator yardım, stasionar tibbi yardım növlərini əhatə edir. 3.2. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tibbi xidmətlərin tarifləri bu Sənədin əlavəsinə uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Tədqiq edilmiş iş materialları və tərəflərin verdiyi izahatlar əsasında məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İlkin olaraq məhkəmə iddia tələbinin alimentin artırılması hissəsinə qiymət veərək hesab edir ki, iddia tələbi o hissədə əsaslı olmaqla təmin edilməlidir. Belə ki, məhkəmə Cavabdeh iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşağın yaş həddini və diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın həmin hissədə təmin edilərək, cavabdehdən hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Cavabdeh tərəfin alimentin artırılmasına etiraz kimi bildirdiyi dəlillərə qiymət verərək məhkəmə hesab edir ki, ananın və uşağın dövlət tərəfindən hər hansı vəsait alması atanı valideyn olaraq uşağı saxlamaq vəzifəsindən azad etmir. Atanın gəlirlərinin kifayət qədər yaxşı olmamasını məhkəmə alimentin artırılmaması üçün kifayət dəlil saymır. Məhkəmə iddia tələbinin Epinex 500 mq dərmanı üçün 44.52 manat vəsaitin tutulması hissəsinə qiymət veərək hesab edir ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, uzun müddət 8 nömrəli uşaq poliklinikasının rəhbərliyinin vəzifələrini lazımınca icra etməməsi nəticəsində iddiaçı uşaq üçün dərmanı əvəzli şəkildə əldə etmişdir. Lakin aidiyyatı orqanların məhkəmə sorğusuna verdiyi cavabla müəyyən edilmişdir ki, istinad olunan dərman əvəzsiz şəkildə xəstə olan vətəndaşa təqdim edilməlidir. Odur ki, iddia tələbi hazırkı hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin EEQ (elektron ensefaloqrafiya) müayinəsinə görə hər ay 30 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, həm məhkəməyə mütəxəssis qismində cəlb edilmiş Tibbi Ərazi Bölmələrini İdrəetmə Birliyinin tibbi sığorta departamentində sığorta işinin təşkili şöbəsinin müdiri X2 izahatından, həm məhkımə sorğusuna gələn cavabdan görünür ki, müvafiq həkim göstərişi mövcud olduqda bu prosedur da dövlət sosial sığorta paketinə daxildir və pulsuz həyata keçirilir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin psixoloq və loqoped üçün ödənilən 320 manatın cavabdedən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iş materiallardakı sənədlərdən və tərəflərin izahatından 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun loqoped xidmətlərindən istifadə etməsi üçün zərurət olduğu müəyyən edilmişdir. Lakin bu zərurətin hansı həddə olması, yəni müalicənin hansı qaydada aparılmalı olmasını nə iş materiallarından, nə də digər sübutlarla müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə tərəfindən uşağın loqoped xidmətlərindən dövlət tərəfindən pulsuz təşkil edilən hədlərdə və yaxud ondan artıq tələb olunmasının müəyyən edilməsi mümkün deyil. İddiaçı uşağı loqoped yanına aparmasını, müəyyən bir loqopedə öyrəşdiyi üçün loqopedin dəyişə bilməməsini, hər seans üçün 20 manat ödəməsini qeyd etsə də, istinad etdiyi halları sübuta yetirə biləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia tələbi bu hissədə də təmin edilə bilməz. Məhkəmə iddia tələbinin breket üçün hər ay 108 manatın cavabdehdən tutulması ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iş materialları və tərəflərin verdiyi izahatlarla uşağın stomotoloji problemlərinin olduğu və bunun aradan qaldırılması üçün breket taxılmasına ehtiyac olduğu görünür. Məhkəmə araşdırması zamanı stomotoloji xidmətlərin dövlət sosial sığorta paketinə daxil olmadığı müəyyən edilmişdir. Cavabdeh tərəf iddiaçının dəqiqliyi ilə hansı həcmdə vəsaitin tələb edilməsini əsaslandıran sübutlarının olmamasına istinad etmişdir. Lakin məhkəmə hazırkı etirazı iddianın təmin edilməməsi üçün əsas saymır. Belə ki, uşağın breket taxmasına zərurət olduğu iş materiallarından aşkar görünür. Məhkəmə araşdırma apararaq TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən sığorta olunmayan şəxslər üçün göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri, sığortaolunan şəxslər üçün İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin siyahısında qeyd olunan qiymətləri müşahidə edərək belə qənaətə gəlir ki, iddia ərizəsində və saytda minimal qiymət olaraq müəyyən edilən 600 manatın yarısı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı breketlərin ildə 2 dəfə dəyişilməsinə zərurət olduğunu qeyd etsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, eyni zamanda 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun ortodontik müalicəsi (estetik breket) üçün tələb edilən 600 manat məbləğində vəsaitin yarısı olan 300 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, Cavabdeh 50 manat mediasiya xərci alınaraq İddiaçı Əjdərovanaya və 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7238/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi əsasında 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Əjdərovananın xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun və 20 noyabr 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı Əjdərovananın xeyrinə hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. 22 avqust 2007-ci il təvəllüdlü Ağarəhimli Fuad Emin oğlunun ortodontik müalicəsi (estetik breket) üçün tələb edilən 600 manat məbləğində vəsaitin yarısı olan 300 (üç yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh 50 (əlli) manat mediasiya xərci alınaraq İddiaçı Əjdərovanaya və 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar