Məhkəmə qərarları › İş №e-2(011)-3292/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3292/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3292/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı (“ERA Electronics”-in) xeyrinə 558 (AZN) Azərbaycan manatı əsas və 50 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla, ümumilikdə 608 (AZN) Azərbaycan manatı məbləğində borcun və 30 (AZN) Azərbaycan manatı məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 638 (AZN) Azərbaycan manatı məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh ilə “ERA Electronics” mağazası arasında imzalanmış xx.xx.2020-ci il tarixli, 21549 saylı müqaviləsinə əsasən borclu “ERA Electronics”dən kreditlə 1299 (AZN) Azərbaycan manatı məbləğində məişət avadanlığını kreditlə aylar üzrə 72 manat Azərbaycan manatı məbləğ ödəmək şərtilə əldə etmiş və müqaviləyə əsasən üzərinə düşən borcu 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür, borclu ödəməli olduğu borcu ödəməkdən yayınmış və beləliklə “ERA Electronics”arasında bağlamış olduğu xx.xx.2020-ci il tarixli, 21549 saylı müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir, borclunun “ERA Electronics”-ə olan borcunun ödənilməsi barədə onlara dəfələrlə şifahi və bir dəfə də rəsmi xədərdarlıq edilməsinə baxmayaraq o “ERA Electronics”-ə olan borcunu 5 aydan çox müddətdir ki ödəməmişdir, borclu sonuncu dəfə xx.xx.2021 -cu il tarixdə 92 (AZN) manat məbləğ ödəniş etsə də, o vaxtdan bu günə qedər heç bir ödəniş etməmişdir, hazırda Borclunun yuxarıdakı müqavilə üzrə “ERA Electronics”ə olan borcu 558 (AZN) Azərbaycan manatı əsas və 50 (AZN) Azərbaycan manatı cərimə borcu olmaqla, ümumilikdə 608 (AZN) Azərbaycanmanatı təşkil edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış 21549 saylı xx.xx.2020-ci il tarixli Alqı-satqı və öhdəlik müqaviləsinə əsasən, satıcı müqavilə əsasında məişət əşyasını və texniki avadanlıqları alıcıya satmağı, alıcı isə alınan malın dəyərini (1299 manat) razılaşdırılmış şərtlər ilə və razılaşdırılmış müddətdə (18 ay) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 21549 saylı xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsinə əsasən, hissə-hissə ödəmək şərtilə 1299 manat dəyərində mal almışdır, borclu sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 92 manat olmaqla, ümumilikdə 741 manat ödəniş etmişdir, hazırda borclunun həmin müqavilə üzrə 558 manat əsas borc və 50 manat cərimə borcu olmaqla, cəmi 608 manat borcu qalmışdır. İş materiallarından görünür ki, Cavabdeh müqavilə üzrə borcunu ödəməsi, əks halda məhkəməyə müraciət olunacağına dair xx.xx.2021-ci il tarixli Pretenziya məktubu göndərilmiş, xx.xx.2021-ci il tarixdə “Salıfova” tərəfindən alınmışdır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 21549 saylı xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək əşyanı alıcıya təhvil vermiş, lakin alıcı Cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, cavabdehin hazırda iddiaçıya 558 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə 608 manat borcu qalmışdır, cavabdeh borcun ödənilməsi ilə bağlı iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəçə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 558 manat əsas, 50 manat cərimə olmaqla, ümumilikdə 608 manat borc alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 21549 saylı xx.xx.2020-ci il tarixli Alqı-satqı müqaviləsi üzrə 558 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, ümumilikdə 608 (altı yüz səkkiz) manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar