Məhkəmə qərarları › İş №e-2(011)-3294/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3294/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3294/2022 01.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********38999 olan X1 20 markalı telefon üçün 3028,80 manat ödənilməmiş hissə, 302 manat cərimə borcu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********06438 olan Samsung Galaxy A41 markalı telefon üçün 466 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu; 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********01097 olan Xiaomi Mİ 9T markalı telefon üçün 237,20 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu; 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********56898 olan Realme 6 markalı telefon üçün 215 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu olmaqla, ümumilikdə 4.339 manat borc və 63.39 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 16 iyun 2020-ci il, 06 avqust 2020-ci il, 25 sentyabr 2020-ci il və 01 dekabr 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh X1 20 markalı, Samsung Galaxy A41 markalı, Xiaomi Mİ 9T markalı və Realme 6 markalı telefonlar almış və nəticədə cavabdehin 4.339 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1023,60 manat olan Xiaomi Mİ 9T markalı telefon üçün ümumilikdə 260,20 manat olmaqla 237,20 manat ödənilməmiş hissə, 23 manat cərimə borcu; 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 627 manat olan Realme 6 markalı telefon üçün ümumilikdə 236 manat olmaqla 215 manat ödənilməmiş hissə, 21 manat cərimə borcu; 25 sentyabr 2020ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 3.342,80 manat olan X1 20 markalı telefon üçün ümumilikdə 3.330,80 manat olmaqla 3028,80 manat ödənilməmiş hissə, 302 manat cərimə borcu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 630.20 manat olan Samsung Galaxy A41 markalı telefon üçün ümumilikdə 512 manat olmaqla 466 manat ödənilməmiş hissə, 46 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.676,60 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh X1 20 markalı, Samsung Galaxy A41 markalı, Xiaomi Mİ 9T markalı və Realme 6 markalı telefonlar almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 14 aprel 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 16 iyun 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 23 manat cərimə məbləği azaldılaraq 5 manat məbləğində; 06 avqust 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 21 manat cərimə məbləği azaldılaraq 4 manat məbləğində; 25 sentyabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 302 manat cərimə məbləği azaldılaraq 100 manat məbləğində; 01 dekabr 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 46 manat cərimə məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 237.20 manat əsas borc, 5 manat cərimə borcu; 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 215 manat əsas borc, 4 manat cərimə borcu; 25 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 3028,80 manat əsas borc, 100 manat cərimə borcu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 466 manat əsas borc, 10 manat cərimə borcu olmaqla, cəmi 4.066 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 63.39 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 63.39 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 16 iyun 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 237.20 (iki yüz otuz yeddi manat iyirmi qəpik) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 06 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 215 (iki yüz on beş) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 25 sentyabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 3028,80 (üç min iyirmi səkkiz manat səksən qəpik) manat əsas borc, 100 (bir yüz) manat cərimə borcu; 01 dekabr 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 466 (dörd yüz altmış altı) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 4066 (dörd min altmış altı) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 63.39 (altmış üç manat otuz doqquz qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar