Məhkəmə qərarları › İş №e-2(011)-3296/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3296/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3296/2022 24.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" ASC-nin cavabdeh Qasımova Valeriya Vitalyevnaya qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «Bank VTB (Azərbaycan)» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Qasımova Valeriya Vitalyevna arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2000 AZN məbləğində əsas borc, 226.66 AZN məbləğində faiz üzrə borcu, 159.20 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2385.86 AZN pul məbləğinin, həmçinin “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyəti ilə Qasımova Valeriya Vitalyevna arasında bağlanmış xx.xx.2021- ci il tarixli 333575-OVR-16771saylı “Kredit xətti müqaviləsi” üzrə 450 AZN məbləğində əsas borc, 49.66 AZN məbləğində faiz üzrə borcu, 135.18 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 634.84 AZN pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 50.21 AZN dövlət rüsumunun Qasımova Valeriya Vitalyevnadan tutularaq “Bank VTB (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən V.V.Qasımova illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2000 AZN məbləğində kredit (müqavilənin 3.8-ci bəndinə əsasən cavabdehin kart hesabına köçürülməklə) verilmişdir, həmçinin Bank ilə V.V.Qasımova arasında bağlanılmış xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı “Kredit xətti müqaviləsi”nə əsasən V.V.Qasımova illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 450 AZN məbləğində kredit verilmişdir, lakin borclu şəxs V.V.Qasımova öz üzərinə götürdüyü kredit öhdəliklərini icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2021- ci il tarixli 333575-CNS-27919 saylı “Nağd pul krediti müqaviləsi” üzrə 2000 AZN məbləğində əsas borc, 226.66 AZN məbləğində faiz üzrə borcu, 159.20 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2385.86 AZN məbləğində borcu, eləcə xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı “Kredit xətti müqaviləsi” üzrə 450 AZN məbləğində əsas borc, 49.66 AZN məbləğində faiz üzrə borcu, 135.18 AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 634.84 AZN məbləğində borcu qalmışdır, tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən V.V.Qasımova dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı “Nağd pul kredit müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Qasımova Valeriya Vitalyevnaya «Bank VTB (Azərbaycan)» ASC tərəfindən illik 24% olmaqla 36 ay müddətinə istehlak məqsədilə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı “Nağd pul kredit müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən Qasımova Valeriya Vitalyevnaya «Bank VTB (Azərbaycan)» ASC tərəfindən illik 25% olmaqla 36 ay müddətinə 450 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki Qasımova Valeriya Vitalyevnanın xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı müqavilə üzrə banka əsas borc məbləği 450 manat, faiz borcu 49,66 manat, dəbbə borcu 135,18 manat olmaqla, ümumilikdə, cəmi borcu 634,84 manat təşkil edir, müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci il tarixdən icra etmir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki Qasımova Valeriya Vitalyevnanın xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı saylı müqavilə üzrə banka əsas borc məbləği 2000 manat, faiz borcu 226,66 manat, dəbbə borcu 159,20 manat olmaqla, ümumilikdə, cəmi borcu 2385,86 manat təşkil edir, müqavilə üzrə öhdəliyini xx.xx.2021-ci il tarixdən icra etmir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə Qasımova Valeriya Vitalyevnaya borcunu 3 iş gün müddətində ödəməsi ilə əlaqədar bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 50,21 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «Bank VTB (Azərbaycan)» ASC ilə Qasımova Valeriya Vitalyevna arasında bağlanmış xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı və 333575-OVR-16771 saylı kredit müqavilələri əsasında sonuncuya bank tərəfindən illik 24 faiz hesablanması şərti ilə 36 ay müddətinə 2000 AZN və illik 25 faiz hesablanması şərti ilə 36 ay müddətinə 450 AZN manat kredit verilmişdir, cavabdeh həmin müqavilələr üzrə müəyyən edilmiş müddətdə əsas borcu, hesablanmış faizləri qaytarmaq və cərimə ödəmək barədə öhdəlik götürmüş, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hal-hazırda həmin müqavilələr üzrə iddiaçıya əsas, faiz və cərimə borcu qalmışdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələrini öz riski ilə bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı müqavilə üzrə isə 40 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Qasımova Valeriya Vitalyevnadan xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı müqavilə üzrə 2000 manat əsas borc, 226,66 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2326,66 manat, xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı müqavilə üzrə isə 450 manat əsas borc, 49,66 manat faiz borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 539,66 manat ümumilikdə 2866,32 manat məbləğində alınaraq iddiaçı «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu iddianın təmin edilmiş (2866,32 manat) hissəyə mütənasib olaraq cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 48,66 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Qasımova Valeriya Vitalyevnadan xx.xx.2021-ci il tarixli 333575-CNS-27919 saylı müqavilə üzrə 2000 manat əsas borc, 226,66 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 2326,66 manat, xx.xx.2021-ci il tarixli 333575-OVR-16771 saylı müqavilə üzrə isə 450 manat əsas borc, 49,66 manat faiz borcu və 40 manat cərimə borcu olmaqla, cəmi 539,66 manat, ümumilikdə 2866 (iki min səkkiz yüz altmış altı) manat 32 (otuz iki) qəpik və dövlət rüsumuna görə ödənilmiş 48 (qırx səkkiz) manat 66 (altmış altı) qəpik alınaraq «Bank VTB (Azərbaycan)» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar