Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-33/2024 01.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi ziyana görə 4.500 manat pulun, həmçinin iddiaçıya dəymiş mənəvi zərərə görə 400 manat məbləğin, o cümlədən 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F, 11-ci mərtəbə, mənzil 48 tam mülkiyyət hüququ üzrə iddiaçının adına 29 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda iddiaçının mülkiyyətindədir. İddiaçı 2017-ci ildən etibarən ailə üzvləri ilə birlikdə göstərilən ünvanda yaşayır. Həmin mənzil satın alındıqdan sonra böyük məbləğdə vəsait xərclənərək təmir edilmişdir. İstər təmirdən sonra, istərsə də təmirdən əvvəl evin divarlarında nəmişlik olmamışdır. Lakin sonradan 13-cü mərtəbədə qonşu olaraq yaşayan Cavabdeh özünə məxsus ünvan 1 ünvanında yaşamağa başladıqdan sonra dəfələrlə onun mənzilindən suyun sızması nəticəsində iddiaçının yaşadığı mənzil yararsız hala düşmüşdür. Cavabdehin mənzilindən suyun axıdılması və zərərin meydana gəlməsi barədə iddiaçı cavabdehə dəfələrlə narazılığını bildirsə də, suyun axıdılması davam etmişdir. Belə ki, cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində neçə illərdir ki, iddiaçının yaşadığı mənzilin sanitar qovşağına, dəhlizinə, tavanına cavabdeh tərəfindən su sızması nəticəsində evi su başmaqdadır, əşyalar və döşəmələr islanmış, divar boyaları qopmuşdur, mənzilin dəhliz, hamam və mətbəx hissələrində divarlar korlanmış, döşəmələr çürümüş, mənzildə olan xalçalar yararsız hala düşmüşdür. Həmçinin, suyun sızması nəticəsində mənzilin işıq sistemi sıradan çıxmış, mənzildə olan elektrik naqillərində qısaqapanma baş verməsi nəticəsində elektrik naqilləri yararsız vəziyyətə düşmüşdür. Cavabdeh, mənzilin mülkiyyətçisi kimi qonşuların hüquqlarına və qanuni mənafelərinə, eləcə də yaşayış sahəsindən istifadə qaydalarına riayət etməyə borclu olduğu halda, buna lazımınca əməl etməmiş və nəticədə onun təqsiri nəticəsində iddiaçıya 4.500 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, mənzilə dəymiş zərərin aradan qaldırılması üçün, divarların yenidən suvanması, parket döşəmənin müəyyən hissələrinin yenidən qurulması, elektrik və rəng-yağ işlərinin görülməsi zərurəti yaranmışdır, bunun üçün də 4.500 manat pul vəsaiti gərəkdir. Həmin pul vəsaiti qanunsuz hərəkətləri ilə vurduğu zərərə görə cavabdeh tərəfindən ödənilməlidir. Bundan başqa, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənzilinin divarları nəm çəkmiş, evin abu-havası korlanaraq mənzildə nəmişlik və rütubət yaranmışdır. Evdə yaranmış rütubət iddiaçının səhhətinə ciddi təsir göstərmiş, iddiaçının xəstəliyi daha da kəsinləşmişdir. Eyni zamanda, binada yaşayan qonşuların şahidliyi və "xxxx" MMC-nin direktorunun imzası və möhürü ilə təsdiq edilmiş 27 iyul 2022 və 27 sentyabr 2022-ci il tarixli aktlarda iddiaçının mənzilinə (binanın 11-ci mərtəbəsində) cavabdehin yerləşdiyi 13-cü mərtəbədəki mənzilindən suyun 12-ci mərtəbəyə, oradan da iddiaçıya məxsus mənzilə suyun sızdırılması nəticəsində zərərin dəyməsi öz əksini tapmışdır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tələbinin maddi ziyan hissəsinin “cavabdehin təqsiri üzündən iddiaçıya dəymiş maddi ziyana görə 4.459 manat pulun, o cümlədən 70 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulması” kimi qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və onun vəkili iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etmişlər. İşin faktiki halları: İşin mübahisə edilməyən halı ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F, mənzil 48-də yaşayır. Həmin mənzil binanın 11-ci mərtəbəsində yerləşir. Cavabdeh isə eyni ünvanda, 13-cü mərtəbədə yerləşən 58 saylı mənzildə yaşayır. İddiaçı cavabdehin yaşadığı 13-cü mərtəbədə yerləşən mənzildən özünün yaşadığı 11-ci mərtəbədəki mənzilə su axıdıldığını, bunun nəticəsində ona ziyan dəydiyini bildirmişdir. Məhkəmə qeyd edilən halı araşdırmaq üçün ekspertiza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli rəydən görünür ki, 48 saylı mənzilin mətbəx və dəhliz tikilisinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllədə inşa edilmiş 39F saylı binanın, 11-ci mərtəbəsində yerləşən 48 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 58 saylı mənzildən su axıdıldığı və nəticədə 48 saylı mənzilin mətbəx və dəhliz tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 58 saylı mənzilin qapısı bağlı olduğundan 48 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 48 saylı mənzilə su sızması 58 saylı mənzildə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllədə inşa edilmiş 39F saylı binanın, 11-ci mərtəbəsində yerləşən 48 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 4.459 manat məbləğində müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi təqdim edilmiş ekspert rəyi ilə razılaşmayaraq təkrar ekspertiza keçirilməsini xahiş etmiş, iş materialları təkrar rəy verilməsi üçün ekspertiza mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli rəydən görünür ki, hazırki iş üzrə təyin edilmiş ilkin ekspertizanın aparılması zamanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F 53 və 58 saylı mənzillərə baxış keçirilməsi mümkün olmadığından təqdim edilmiş iş materiallarında olan məlumatlar ("xxxx" MMC-nin əməkdaşlarının tərtib etdiyi xx.xx.2022-ci il tarixli akt) əsasında nəticə verilmişdir. İş üzrə təyin edilmiş əlavə ekspertiza zamanı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi, 2324-cü məhəllə, bina 39F 58 saylı mənzilə baxış zamanı su sızmasını özündə əks etdirən faktiki hallar, yəni su-kanalizasiya xətləri üzərində hər hansı qüsur aşkar edilməmişdir. Həmin ünvanda yerləşən 53 və 63 saylı mənzillərin qapıları bağlı olduğundan mənzillərə baxış keçirməklə iş üçün əhəmiyyət kəsb edən məlumatların əldə edilməsi, bu səbəbdən dəymiş 48 saylı mənzilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə, təqdim edilmiş ekspert rəylərinin bir-biri ilə ziddiyyət təşkil etdiyi qənaətinə gələrək iş üzrə rəyi vermiş ekspert İsa Eyvazzadəni məhkəmə iclasına dəvət etmiş, bundan sonra sözügedən ünvandakı mənzillərə yerli baxış keçirmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21-ci maddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi və mənəvi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Keçirilmiş məhkəmə araşdırması zamanı həm ekspert rəyi ilə, həm məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçının evinə su sızma nəticəsində ziyanın dəydiyi aşkar edilmişdir. Keçirilmiş məhkəmə iclaslarında iştirak edən cavabdeh su sızmanın onun evindən olmadığını, yalnız 1 dəfə onun evinin mətbəxində borunun partlaması nəticəsində 12-ci mərtəbəyə su axdığını, daha sonra sözügedən su xəttinin onun tərəfindən təmir edildiyini, həm 12, həm də 11-ci mərtəbələrin dəhlizində mövcud olan su sızmanın yaranmasında onun təqsiri olmadığını bildirmiş və dəhliz hissəsində özünün də evində su sızmanın izləri olduğunu qeyd etmişdir. Dəhliz hisəssinə axan suyun onun qapı qonşusunun evindən olduğunu bildirmişdir. Cavabdehin istinad etdiyi halı araşdırmaq üçün məhkəmə yerli baxış zamanı 13-cü mərtəbədə yerləşən cavabdehə məxsus 58 saylı mənzilə baxış keçirmiş, mənzilin dəhlizinə və mətbəxinə 14-cü mərtəbədən su sızma izlərinin olub-olmaması araşdırılarkən müəyyən edilmişdir ki, dəhlizin divarının tavan hissəsindən axan su izi aşkar edilməmiş, yalnız divarın ortasından döşəmə istiqamətində su sızma izlərinin olduğu müəyyən edilmişdir. Cavabdehə məxsus 58 saylı evin qonşuluğunda yerləşən mənzilə baxış keçirildikdə mənzildə yaşayan sakinlər cavabdehlə aralarında su sızma ilə bağlı hər hansı mübahisənin olmamasını, onların mənzilindən 1 dəfə mətbəx hissəsindən (hazırkı araşdırılan ərazinin tam əksi istiqamətində yerləşir) su axdığını, lakin tezliklə aradan qaldırıldığını bildirmişlər. Daha sonra məhkəmə tərəfindən iddiaçının mənzilinin üzərində və cavabdehin mənzilinin altında, yəni 12-ci mərtəbədə yerləşən 53 saylı mənzilə də baxış keçirilmiş, mənzilin həm dəhlizinə tavan hissəsindən döşəməyə qədər, həm də mətbəx hissəsində su sızma nəticəsində yarana biləcək izlərin (ziyanın) olduğu müşahidə edilmişdir. 12-ci mərtəbədə yerləşən digər qonşunun evinə baxış keçirilən zaman su sızma ilə bağlı hər hansı bir mübahisənin olub-olmaması müəyyənləşdirilmiş, 12-ci mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi tərəfindən su sızma ilə bağlı hər hansı problemin olmadığı müəyyən edilmişdir. Daha sonra məhkəmə tərəfindən 11-ci mərtəbədə yerləşən iddiaçıya məxsus 48 saylı mənzilə baxış keçirilmiş və mənzilin dəhliz (tavandan yerə qədər divarda) və mətbəx hissələrinə su sızmaya xarakterik olan izlər aşkar edilmişdir. Məhkəmə birinci ekspert rəyində ziyan dəyməsinə istinad olunan yerlərə baxış keçirərək mənzilin nə dəhlizinin, nə də mətbəxinin döşəməsində su sızma nəticəsində yarana biləcək hər-hansı zərər aşkar etməmişdir. Belə ki, məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı iddiaçı izahatında döşəmənin çox hissəsində olan zərərin özü tərəfindən aradan qaldırıldığını bildirmişdir. Lakin iddiaçı mənzilinin döşəməsinə dəymiş zərərin və həmin zərərin aradan qaldırılmasına dair görülmüş işlərin nədən ibarət olmasını təsdiq edəcək hər-hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə ekspert rəyini bu hissədə (yararsız hala düşmüş parketin sökülməsi və yenisinin vurulması, döşəməyə vurulmuş metlağın sökülməsi və yenisinin vurulması) mötəbər hesab etmir. Əlavə olaraq məhkəmə araşdırması zamanı izahatı alınmış cavabdehin mövqeyindən görünür ki, cavabdeh ondan tələb edilən zərərin məbləğindən narazı olmuşdur. O, bildirmişdir ki, iddiaçının mənzilinə ziyan dəymiş olsa da, tavanın bir hissəsinə dəymişdir ki, bunun da dəyəri ekspert rəyində göstərilən məbləği əks etdirmir. Cavabdeh iddiaçının mənzilinin tavanına dəymiş zərəri usta olaraq özü də aradan qaldıra bilər. Məhkəmə araşdırması zamanı tərəflərə mübahisəni məhkəmədənkənar barışıq yolu ilə tənzimləmək təklif edilmiş, lakin iddiaçı tərəf bundan imtina etmişdir. Odur ki, araşdırma zamanı iddiaçının evinin dəhlizinin və mətbəxinin divar və tavan hissəsinə ziyanın dəyməsi işin aşkar halıdır. Məhkəmə, 27 aprel 2023-cü il tarixli ekspert rəyində təqdim edilmiş smetanın 1-ci, 2ci, 5-ci və 6-cı bəndlərində aparılmış hesablamalarla razılaşaraq iddiaçıya dəymiş ziyanın smeta əsasında hesablanmasını zəruri hesab edir və iddia tələbinin qismən təmin edilərək 2.317 manat məbləğində maddi ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanunauyğun hesab edir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının mənzilinə cavabdehin təqsirli hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Ziyan nəticəsində iddiaçı qorxmuş, həyəcan və sarsıntı keçirmiş, bu da onun mənəvi iztirab keçirməsinə, şüurunda və səhhətində mənfi psixoloji reaksiya yaranmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə yuxarıda sadalananlara qiymət verərək, vurulmuş mənəvi ziyana görə cavabdehdən iddiaçının xeyrinə 50 manat mənəvi zərərin tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi zərərə görə 2.317 manat, mənəvi zərərə görə 50 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 70 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddia tələbinin təmin edilmiş hissəsinə müvafiq olaraq cavabdehdən 70 manat dövlət rüsumunun 35.70 manatı alınıb iddiaçıya ödənilməli, qalan 34.30 manat isə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərcləri olan 100 manatın 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərə görə 2.317 (iki min üç yüz on yeddi) manat, mənəvi zərərə görə 50 (əlli) manat və ödənilmiş 35.70 (otuz beş manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan 34.30 (otuz dörd manat otuz qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza xərcinin 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-33/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-33/2024
01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver