Məhkəmə qərarları › İş №e-2(011)-3316/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3316/2024

15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3316/2024 15.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin və ona etirazın dəlilləri: İddia ərizəsinin dəlilləri İddiaçı “X2 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 879.19 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında 25 dekabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş, 04 iyun 2020-ci il tarixli, e-2(011)-2841/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. İddiaçı “X2 Azərbaycan” QSC “X1” MMC ilə bağlanmış 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini “X1” MMC-yə sifariş etmişdir. “X1” MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məhkəmə qətnaməsi üzrə ödənimlməmiş pul borcu, o cümlədən 12 mart 2021-ci il tarixindəki 288 manat, 07 may 2021-ci il tarixindəki 144 manat, 07 iyun 2021-ci il tarixindəki 144 manat, 06 iyul 2021-ci il tarixindəki 435.47 manat, 07 oktyabr 2021-ci il tarixindəki 144 manat, 10 noyabr 2021-ci il tarixindəki 144 manat, 09 dekabr 2021-ci il tarixindəki 288 manat, 04. fevral 2022-ci il tarixindəki 173 manat, 28 mart 2022-ci il tarixindəki 346 manat, 10 may 2022-ci il tarixindəki 173 manat, 06 iyun 2022-ci il tarixindəki 173 manat, 06 iyul 2022-ci il tarixindəki 173 manat, 21 iyul 2022-ci il tarixindəki 173 manat, 03 avqust 2022-ci il tarixindəki 173 manat, 06 oktyabr 2022-ci il tarixindəki 173 manat, 04 noyabr 2022-ci il tarixindəki 103.15 manat geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh tərəfindən ödənilən vəsait “X1” MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən “X1” MMC-yə 879.19 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqavilənin 5.1.1-ci bəndinə əsasən yerinə yetirilmiş xidmətlərə görə “X1” MMC-yə cavabdeh(lər) tərəfindən “X2 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 25% həcmində, yəni ümumilikdə 879.19 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış müqavilənin 5 və 6-cı bəndində “Borcvеrən”in hüquq və vəzifələri/Borcalanın hüquq və vəzifələrində (öhdəliklərində) qeyd edilmişdir ki: “Borcalan” tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yеrinə yеtrilmədikdə krеdit və ona hеsablanmış faiz borcunu, o cümlədən krеdit üzrə gеcikdirilmiş və/və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hеsablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hеsablanan cərimə məbləğlərini, krеditin gеri qaytarılması ilə bağlı çəkdiyi və/və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətlərlə bağlı çəkdiyi/çəkməli olduğu) bütün хərclərin (zərərin) əvəzinin, habelə əldən çıxmış faydanın ödənilməsini tələb еtmək (tutmaq/almaq); bu müqavilə üzrə öhdəliklərini lazımınca yеrinə yеtirmədikdə krеditin gеri qaytarılması ilə bağlı “Borcverənin” çəkdiyi və\və ya çəkməli olduğu bütün хərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidmətlərlə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin” əldən çıxmış faydasını ödəmək. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri: Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İşin faktiki halları: “X2 Azərbaycan” QSC ilə Cavabdeh arasında 12 sentyabr 2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi üçün bank məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli e-2(011)-2841/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 2.782,77 manat əsas, 366.02 manat faiz borcu, 65.43 manat cərimə olmaqla, 3.214,22 manat məbləğində borcun, 3.40 manat poçt xidməti xərclərinin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. “X2 Azərbaycan” QSC ilə “X1” MMC arasında bank qarşısında yaranan borcların alınması (qaytarılması) üçün hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 14 dekabr 2016cı il tarixli hüquqi xidmət haqqında müqavilə bağlanmışdır. 20 aprel 2021, 25 iyun 2021, 30 avqust 2021, 26 oktyabr 2021, 27 dekabr 2021, 26 yanvar 2022, 17 mart 2022, 21 aprel 2022, 30 iyun 2022, 19 iyul 2022, 14 noyabr 2022, 14 dekabr 2022-ci il tarixli təhvil aktlarına əsasən müxtəlif vaxtlarda ayrı-ayrı borclu müştərilər tərəfindən “X1” MMC vasitəsilə “X2 Azərbaycan” QSC-yə geri ödənilmiş məbləğlər və onlara mütənasib xidmət haqqı kimi hesablanmış 15% məbləğlər əksini tapmışdır. “X2 Azərbaycan” QSC verilmiş maliyyə arayışına əsasən, “X2 Azərbaycan” QSC ilə “X1” MMC arasında olan 14 dekabr 2016-cı il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əsasən Cavabdeh 3.247,62 manat ödətdirilməsi “X1” MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə “X2 Azərbaycan” QSC tərəfindən “X1” MMC-yə 879.19 manat xidmət haqqı ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının İcra haqqında Qanunu: 2.2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 78.1-ci maddəsinə görə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. 79.1-ci maddəsinə görə icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi əsassızdır. Belə ki, qətnamənin icra edilməsi onun icraya yönəldikdən sonra icra məmuru tərəfindən icraata başlanılaraq müvafiq icra tədbirlərinin görülməsindən ibarətdir. İcra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilər. Hazırkı iş materiallarından aydın olur ki, müvafiq qətnamə üzrə verilmiş icra vərəqəsinin icra edilməsi ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar tərəfindən şikayət verilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə bu hala istinadən qeyd edir ki, tələbkar qətnamənin icra vəziyyəti ilə bağlı hər hansı narazılığını bildirmək məqsədilə qanunda bunun üçün nəzərdə tutulmuş müvafiq hərəkətlər görməmiş, maraq və mənafelərinə toxunan və ya ona hər hansı formada ziyan vuran halın olub-olmamasının aydınlaşdırılmasını, belə bir hal mövcuddursa belə, buna səbəb olmuş hal və şəraitinin aradan qaldırılmasını tələb etməmişdir. Tələbkarın “X1” MMC adlı hüquqi şəxslə aralarında olan “Hüquqi xidmət haqqında” müqavilə əsasında müfaviq məhkəmə qərarı üzrə borcun tələb edilməsini ona sifariş etməsi, borcun təmin edilməsi müqabilində isə “X1” MMC-yə 15%-i həcmində xidmət haqqı ödəməsi onun müvafiq icra qurumu tərəfindən qətnamənin icrasının nəticəsini gözləmədən öz istəyi ilə həyata keçirdiyi tədbir sayılmalıdır. Tələbkarın bu xidmət qarşılığında ödədiyi xidmət haqqına münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə həm də icraat zamanı həyata keçirilmiş digər zəruri icra hərəkətlərinə sərf edilən vəsaitlər aiddir. Lakin tələbkar tərəfindən bu tədbirin həyata keçirilməsi zərurətini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Habelə müvafiq qətnamə üzrə verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir ki, bu da hazırda eyni bir qətnamənin icrası üçün eyni şəxsdən, yəni borcludan iki dəfə icra xərclərinin tutulmasına gətirib çıxarar. Bu isə öz növbəsində ədalətlilik prinsipinə ziddir. Bundan başqa məhkəmə qeyd edir ki, icra sənədinin icrasının icra məmuru tərəfindən həyata keçirilməməsi və ya hər hansı səbəbdən mümkün olmaması halında tələbkar zərurətdən irəli gələrək qətnamənin icrasının təmin etdirilməsini müqavilə əsasında hüquqi şəxsə həvalə etməsi və həmin borclunun məhz həmin hüquqi şəxsin vasitəsilə borc öhdəliyini yerinə yetirməsini sübut etmək vəzifəsi daşıyır. İş materiallarına təhvil aktları, müqavilələr əlavə edilsə də, borclu tərəfindən həmin sənədlərdə göstərilən məbləğlərin məhz “X1” MMC-yə və məhz həmin məbləğlərdə ödənilməsini təsdiq edən sübut növü təqdim edilmədiyindən bu hal da öz təsdiqini tapmamışdır. Qeyd edilənlərə əsasən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı “X2 Azərbaycan” QSC-nin Cavabdeh qarşı - Cavabdeh 879.19 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı “X2 Azərbaycan” QSC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar