Məhkəmə qərarları › İş №e-2(011)-3344/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3344/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3344/2025 29.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixdə ACAM-15664-2403 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə Borcalana iddiaçıdan 24 ay müddətinə, illik 27% dərəcəsi ilə 3100 manat məbləğində kredit almışdır.

2. Eyni zamanda, iddiaçı ilə digər cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqaviləyə görə onlar iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış kredit müqaviləsi əsasında sonuncunun öhdəliyinin tam yerinə yetirməsinə görə iddiaçı (Bank) qarşısında öhdəlik götürmüşdür.

3. Cavabdeh3 tərəfindən kredit tam ödənilməmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə 1759,64 manat əsas borc, 69,97 manat faiz borcu və 10 manat dəbbə borcu olmaqla, cəmi 1839,61 manat məbləğində borcun və 38.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh3 ilə aralarında xx.xx.2023cüil tarixli ACAM-15664-2403 saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 27% faiz olmaqla 24 ay müddətinə 3100 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə iddiaçı və digər cavabdehlər arasında xx.xx.2023-cü il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafikinə əsasən hər ay 121 manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. xx.xx.2025-cü il tarixi üçün Cavabdeh3 verilmiş kredit üzrə 1759,64 manat əsas borc, 69,97 manat faiz borcu və 10 manat dəbbə borcu olmaqla, cəmi 1839,61 manat borcu mövcuddur

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazlarını və ona əlavə edilmiş sənədlərini göndərməsi barədə bildiriş göndərilsə də, onlar etirazını məhkəməyə təqdim etməmişdir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllə:

7. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

8. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

10. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

11. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

12. Maddə 472.2 Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

13. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

14. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

15. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

16. Maddə 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.

17. Maddə 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

18. Maddə 746-2.1. İstehlak krediti müqaviləsi yazılı formada kağız və ya digər davamlı daşıyıcıda tərtib edilir.

19. Maddə 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizəsinin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır.

24. İşin mübahisəsiz halları ilə də müəyyən edilir ki, iddiaçı ilə Borcalan arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, Bank müqavilə ilə razılaşdırılmış pulu cavabdehə müqavilədə qeyd edilən şərtlərlə kreditə vermişdir. Bank ilə cavabdeh arasında müqavilənin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil.

25. Yuxardıa qeyd edilən müddəalarda istehlak kredit müqaviləsinə və borc müqavilsinə verilən anlayışlardan görünür ki, istehlak kredit müqaviləsinin predmeti borc məqsədilə verilən pul vəsaitidir və borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (istehlakçıya) pul vəsaitini borc verməyi, yəni pula olan mülkiyyət hüququnu borcalana keçirməyi, borcalan isə aldığı borc pulu bağladığı müqavilə ilə müəyyən edilmiş şərtlər və faizlərlə və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür.

26. İş materialları ilə müəyyən edilir ki, iddiaçı istehlak məqsədilə veridiyi borc pulu, aralarında bağlanmış istehlak krediti müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdehə verməklə (onun mülkiyyətinə keçirmklə) özünün müqavilə ilə müəyyən edilmiş öhdəlyini icra etmişdir. Lakin cavabedeh istehlak krediti müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyini qismən icra etməklə, yəni aldığı krediti və ona hesablanmış faizləri iddiaçıya tam qaytarmamaqla öhdəlyini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsində də öhdəliyin icra edilməməsi onun lazımınca, yəni vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi anlamında təsbit edilmişdir.

27. İddiaçının verdiyi maliyyə arayışında da Cavabdeh1 müqavilə üzrə əsas borcunun 1759,64 manat, faiz borcunun 69,97 manat, dəbbə pulunun 64,15 manat olmaqla, cəmi 1893,76 manat borcunun olması qeyd edildir.

28. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh hüququndan istifadə edərək müqavilədə göstərilən pul vəsaitini iddiaçıdan borc almış, lakin həmin pul vəsaitini müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə qaytarılması ilə bağlı öhdəliyini pozduğundan iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

29. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdehlərə aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Borcalanın aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır.

30. Göstərilən müddəalara əsasən məhkəmə hesab edir ki, Borcalan kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər cavabdehlər (zaminlər) kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, Borcalanla bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

31. Məhkəmə həmçinin, iddianın 38,40 manat dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Ona görə ki, cavabdehlər müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış və bununla da dövlət rüsumu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də onlardan alınaraq iddiaçıya ödənilməlidir.

32. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehlərə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir.

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 1759,64 manat əsas, 69,97 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 1839,61 manat pul və 38,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" BOKT MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinetdə yerləşdirildiyi) gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar