Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3352/2023 31.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1, (Əliyeva) X3 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 11765.60 manat - bundan 6950.55 manat əsas, 3079.07 manat faiz, 744.64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.34 manat faiz borcu və iş üzrə ödənilmiş 125.30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Ə.X.Muradov iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahatında bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 18042017/137171 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə 9494 (doqquz min dörd yüz doxsan dörd) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2017-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli **********541 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 11765.60 (on bir min yeddi yüz altmış beş manat 60 qəpik) manat təşkil edir. Bundan 6950.55 (altı min doqquz yüz əlli manat 55 qəpik) manat əsas, 3079.07 (üç min yetmiş doqquz manat 07 qəpik) manat faiz, 744.64 (yeddi yüz qırx dörd manat 64 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.34 (doqquz yüz doxsan bir manat 34 qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də kredit ödənişlərini etməmişdir. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixində 220 (iki yüz iyirmi) manat məbləğində ödəniş etmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bank bağlanıb, 80 manat pensiya alır, işləmir, faiz 15% olmayıb, daha az olub, indi isə 36%-ə gəlib çıxıb, onun tərəfindən edilmiş ödənişləri gizlədirlər, zaminlərə qarşı tələb irəli sürmək üçün 3 illik müddət keçib, zaminliyə xitam verilməlidir, əlavə ödənişlər də edib, borcu qalmayıb, həmin vaxtdan 6-7 il keçib, ona görə də ödənişlərin tarixi, məbləği dəqiq yadında qalmayıb, amma yekunda bütün borcunu ödəyib, bankla kredit müqaviləsi imzalanıb, lakin bütün borcunu ödəyib, hazırda heç bir borcu yoxdur, iddia tələbi əsassızdır. Sonda Cavabdeh1 qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-cı il tarixli, 18042017/137171 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana illik 15% olmaqla, 36 ay müddətinə, 9494 manat məbləğində kredit verməyi, borcalan isə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2017-cı il tarixli, 18042017/137171 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Bank qarşısında Borcalanın xx.xx.2017-ci il tarixli 18042017/137171 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-cı il tarixli, 18042017/137171 nömrəli Zaminlik müqaviləsinin surətindən görünür ki, zamin Bank qarşısında Borcalanın xx.xx.2017-ci il tarixli 18042017/137171 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 18042017/137171 nömrəli Ödəniş cədvəlindən görünür ki, kreditin məbləği 9494 manat, faiz dərəcəsi 15%, müddət 36 ay, güzəşt müddəti 0 ay olmaqla, aylıq cəmi ödəniş məbləği 220.00 manat müəyyən edilmişdir. İş materiallarında olan 01 mart 2023-cü il tarixli **********632 saylı Arayışdan görünür ki, müqavilə üzrə əsas borc 6950 manat, müqavilənin müddəti xx.xx.2017-xx.xx.2020, müqavilə müddəti üçün hesablanmış faiz 3079,07 manat, cərimə 744,64 manat, müqavilənin bitdiyi gündən gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 991,34 manat olmaqla, ümumi borc 11765, 60 manatdır. İş materiallarından görünür ki, LPO İddiaçı ASC tərəfindən Borcalan Cavabdeh1, Zamin Əliyeva (Rüstəmova) Aynur Nazim qızı və Zamin Cavabdeh2 xx.xx.2022-ci il tarixli **********341 №-li “Bildiriş” göndərilməklə ondan kredit müqaviləsi üzrə yaranmış borcun məktubu aldığı müddətdən 3 gün ərzində İddiaçı ASC-yə ödənilməsi tələb edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-xx.xx.2021 tarix aralığında Cavabdeh1 debet borcu 660 manat, kredit borcu 660 manat olmuşdur. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 9/4882 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məhumatları və tərəflər arasında bağlanmış 18 aprel 2017-ci i tarixli, 18042017/137171 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 iddiaçı "Amrah Bank” ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Müqavilənin bitmə tarixinə yəni xx.xx.2022-ci il tarixə - əsas borc üzrə — 7188,08 manat, - faiz borcu üzrə — 1257,91 manat; Sualda qeyd edilən tarixə yəni xx.xx.2022 tarixə: Əsas borc üzrə—7188,08 manat, faiz borcu üzrə 2328,14 manat - faiz 5 faiz ilə —1070,23 manat. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 9/4882 nömrəli ekspert xərclərinə dair Bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 125,70 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarına əsasən, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan olunmuş, Əmanətlərin Sığortalanması Fondu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 36 ay müddətinə, illik 15 % olmaqla, 9494 manat məbləğində kredit verilməsi barədə xx.xx.2017-ci il tarixli, 18042017/137171 nömrəli kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyii yerinə yetirmiş, həmçinin kredit müqaviləsinin təminatı kimi digər cavabdehlər Rüstəmova (Əliyeva) Aynur Nazim qızı və Cavabdeh2 və bank arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmışdır, kreditin müddəti 36 ay – xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədəkdir, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdehlər kredit müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, müqavilə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir, cavabdehlər borcun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdirlər. Bununla belə, cavabdehlərin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdehlər kredit və zaminlik müqavilələrini öz riski ilə bağladıqlarından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyırlar. Məhkəmə, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq 1257.91 manat həddində müəyyən edilməlidir. Məhkəmə, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə (illik 5%-lə) faiz borc məbləğini, ekspertin həmin məbləğlər üzrə gəldiyi nəticəyə deyil, iddia tələbində göstərilən məbləğlərə uyğun olaraq müəyyən edir. Bu onunla izah olunur ki, ekspert rəyində göstərilən məbləğlər iddia tələbində göstərilən məbləğlərdən çox olmaqla iddia tələbindən kənara çıxır, iddiaçı isə iddia tələbini həmin həddə müdafiə edir. Belə olan halda məhkəmə hesab edir ki, müqavilə üzrə əsas və gecikdirilmiş vaxt üzrə faiz borcu iddia tələbində göstərilən həddə (müvafiq olaraq 6950,55 manat; 991,34 manat) müəyyən edilməlidir. Məhkəmə, yuxarıda adı çəkilən xx.xx.2017-ci il tarixli, 18042017/137171 nömrəli kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin 200 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə, digər cavabdeh olan zaminlər - Rüstəmova (Əliyeva) Aynur Nazim qızı və Cavabdeh2 xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinə münasibətdə hesab edir ki, zaminlik müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək (36 ay) olduğundan və həmin öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən, Rüstəmova (Əliyeva) Aynur Nazim qızı və Cavabdeh2 xx.xx.2017-ci il tarixli 18042017/137171 nömrəli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir... Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli, 18042017/137171 nömrəli kredit müqaviləsinə əsasən, 6950.55 manat əsas, 1257.91 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.34 manat faiz borcu, olmaqla, cəmi 9399.80 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməli, Rüstəmova (Əliyeva) Aynur Nazim qızı və Cavabdeh2 xx.xx.2017-ci il tarixli 18042017/137171 nömrəli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu kimi ödənilmiş 114 manat Cavabdeh1 aid edilməli və ondan tutularaq İddiaçı ASC-yə ödənilməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməli, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 18 aprel 2017-ci il tarixli, 18042017/137171 nömrəli kredit müqaviləsi üzrə 6950.55 manat əsas, 1257.91 manat faiz, 200 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 991.34 manat faiz borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 114 manat olmaqla, cəmi 9513 (doqquz min beş yüz on üç) manat 80 (səksən) qəpik məbləğdə pul Cavabdeh1 alınaraq, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Əliyeva (Rüstəmova) Aynur Nazim qızı və Cavabdeh2 xx.xx.2017-ci il tarixli 18042017/137171 nömrəli kredit müqaviləsi üzrə zaminliyinə xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifat kodu:142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı X2, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, Hesab:AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3352/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3352/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver