Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-336/2023 31.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 26 yanvar 2015-ci il tarixli, 063 saylı kredit müqaviləsi üzrə 3.858,95 ABŞ dolları əsas, 2.873,80 ABŞ dolları faiz, 0,00 ABŞ dolları cərimə, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 515,70 ABŞ dolları məbləğində faiz borcu, cəmi 7.248,45 ABŞ dolları, Cavabdeh1 26 yanvar 2015-ci il tarixli, 062 saylı kredit müqaviləsi üzrə 3.576,17 ABŞ dolları əsas borc, 1.771,26 ABŞ dolları faiz borcu, 0,00 ABŞ dolları cərimə borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 447.50 ABŞ dolları, cəmi 5.824,93 ABŞ dolları, ödənilmiş 156 manat dövlət rüsumunun müştərək qaydada və müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə 15.60 manat dövlət rüsumunun ipoteka qoyandan tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti “BMW 545” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 063 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular Cavabdeh3 və Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqavilələri bağlanmışdır. 10 mart 2016-cı il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ilə kredit müqaviləsinin müddəti 26 yanvar 2020-ci il tarixinə kimi uzadılmış, illik faiz dərəcəsi 16 müəyyən edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı kredit üzrə tam və vaxtında hesablanmış faizləri və əsas borc məbləğini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Bundan başqa Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 062 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə 26 yanvar 2015-ci il tarixli, 062 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus “BMW 545” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Sonradan kredit və ipoteka müqaviləsinin müddəti 26 yanvar 2020-ci il tarixinə qədər uzadılmış, illik faiz dərəcəsi 16 müəyyən edilmişdir. Lakin borclu hər üç müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, izahatında iddiaçı tərəfindən qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin ötürüldüyünü bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, işin mübahisə olunmayan halları ondan ibarətdir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 063 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 062 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1 ilə 26 yanvar 2015-ci il tarixli, 062 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ona məxsus “BMW 545” minik markalı, **-TS-*** dövlət nömrə nişanlı avtomobil İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin borclu müqavilələrin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərə lazımınca əməl etməmiş, kreditləri və ona hesablanmış faizləri vaxtında qaytarmamışdır. Bank tərəfindən borcluya dəfələrlə xəbərdarlıq edilmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 10 mart 2016-cı il tarixdə bağlanan müqaviləyə əlavənin onun hüquqlarını müdafiə etdiyi şəxsə, yəni Cavabdeh1 hər hansı aidiyyəti yoxdur, belə ki, həmin müqaviləyə əlavə onun tərəfindən imzalanmamışdır. Hazırkı hala hüquqi qiymət verilməsi üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 dekabr 2022ci il tarixdə verilmişdir. Rəyə əsasən ekspertizaya təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh1 adından olan 26 yanvar 2015-ci il tarixli 062 nömrəli kredit və ipoteka müqavilələrində “Borcalan” və “İpoteka qoyan” qrafalarındakı imzalar-eyni bir şəxs, Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş 10 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə Əlavə 1-də “İpoteka qoyan” və “Borcalan” qrafalarındakı imzalar-Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı ASC ilə Cavabdeh1 adından olan 26 yanvar 2015-ci il tarixli 062 nömrəli kredit və ipoteka müqavilələrində “Borcalan” və “İpoteka qoyan” qrafalarındakı imzaları, Cavabdeh1 eksperimental imza nümunələri ilə 10 mart 2016-cı il tarixli ipoteka müqaviləsinə Əlavə 1-də “İpoteka qoyan” və “Borcalan” qrafalarındakı imzalar-müxtəlif şəxslər tərəfindən icra olunmuşdur. Məhkəmə hesab edir ki, Cavabdeh1 öz riski ilə banka ərizə ilə müraciət etdiyindən və 26 yanvar 2015-ci il tarixdə kredit müqaviləsi bağladığından həmin kredit müqaviləsi üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqavilələri əsasında ona verilmiş kredit vəsaitindən istifadə edərək, üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq barədə öhdəlik götürmüşdür. İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh öhdəliklərini lazımınca icra etməməklə şərtləri pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 10 mart 2016-cı il tarixli müqaviləyə əlavəyə münasibətdə məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hər hansı bir öhdəliyin yaranması üçün zəruri olan məqamlardan biri də tərəflər arasında müqavilə bağlanmasıdır. Müqavilə bağlandıqdan sonra tərəflər öz iradə ifadəsini imza etməklə bəyan edirlər. Yuxarıda qeyd olunan ekspert rəyinə əsasən müəyyən edilir ki, 2016-cı il tarixdə bağlanmış müqaviləyə Əlavəyə hazırkı iş üzrə cavabdeh olan Cavabdeh1 imza etməmişdir. Belə olan halda həmin müqavilə üzrə sonuncu hər hansı öhdəlik daşımır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 063 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 7.100 ABŞ dolları məbləğində kredit verilmişdir. Bundan başqa Cavabdeh1 ilə İddiaçı ASC-nin “Uğur” filialı arasında 26 yanvar 2015-ci il tarixli, 062 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Nə qədər ki, məhkəmə ekspertizasının 22 dekabr 2022-ci il tarixli rəyi ilə 10 mart 2016-cı il tarixdə bağlanmış müqaviləyə əlavənin Cavabdeh1 aidiyyəti olmadığı və həmin müqaviləyə əlavənin onun tərəfindən imzalanmadığı müəyyən edilmişdir, ona görə də məhkəmə tərəflər arasında bağlanan yeganə müqavilənin 26 yanvar 2015-ci ildə bağlanan iki müqavilə olduğunu əsas götürərək müqavilələr üzrə iddia müddətini həmin vaxtdan hesablamağı ağlabatan hesab edir. Göründüyü kimi, kredit müqavilələrindən irəli gələn öhdəliklərin icrası müddəti 26 yanvar 2017-ci il il tarixdə bitmişdir. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamış, üç illik iddia müddəti 26 yanvar 2020-ci il tarixdə bitmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.(373.2-ci, 377.2-ci maddələr) Həmin Məcəllənin 399-cu maddəsi müqavilənin qüvvədə olma müddətinə aid müddəaları müəyyən edir ki, kredit müqaviləsində də yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Belə ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Digər tərəfdən, müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İşin materiallarından görünür ki, iddiaçının mövcud iddia ərizəsi 11 oktyabr 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək, göstərilən tələb üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin tərəflər arasında bağlanmış 26 yanvar 2015-ci il tarixli 062 saylı ipoteka müqaviləsinə münasibətdə qeyd edir ki, hazırkı işdə əsas tələb olan kredit müqavilələri üzrə iddia müddəti keçdiyindən əlavə tələb olan ipoteka müqaviləsi üzrə də iddia müddəti keçmiş hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur. Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 156 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizə üçün 15.60 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş bildirişdən görünür ki, iş üzrə aparılmış ekspertiza xərci 126 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 156 manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 15.60 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi, ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 156 (bir yüz əlli altı) manat dövlət rüsumu və müvəqqəti təminat tədbiri barədə ərizə üçün ödənilmiş 15.60 (on beş manat altmış qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-336/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-336/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver