Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3390/2022 06.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada müqavilə üzrə 1.910,90 manat qalıq borcu, 295.81 manat cərimə borcu olmaqla, cəmi 2.206,70 manat borcun və ödənilmiş 42.06 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli, HK12460 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, borcluya 6.648,21 manat dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Öhdəliyin təminatı olaraq zamin Cavabdeh1 ilə 24 dekabr 2018-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin və tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 1.910.90 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən alınan məişət məhsulu üçün 24 ay müddətində hər ay 263 manat məbləğində pul vəsaiti ödənilməli olmuş, lakin cavabdeh öz özdəliyini lazımınca icra etməmişdir. Alğı-satqı müqaviləsinin təminatı olaraq İddiaçı MMC ilə Cavabdeh1 arasında 24 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən onun 22 oktyabr 2021-ci il tarixə borcu yaranmışdır. Yaranmış borcla əlaqədar İddiaçı MMC tərəfindən cavabdehlərə xəbərdarlıq göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nisyə alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin-borcun digər Cavabdeh1, yəni zamindən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, iş materiallarında olan 24 dekabr 2018-ci il tarixli zaminlik müqaviləsinə əsasən müqavilənin öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olması nəzərdə tutulmuşdur. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsində həmin müqavilə üzrə öhdəliyin icra müddəti 24 ay müəyyən edilmiş, öhdəliyin icra müddəti 24 dekabr 2020-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 22 aprel 2022-ci il tarixdə müraciət etmiş, bir illik iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin- Cavabdeh1 tutulması hissəsində iddia tələbi rədd edilməlidir. Məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, hesablanmış 295.81 manat dəbbə məbləği azaldılaraq 80 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 24 dekabr 2018-ci il tarixli HK12460 saylı müqaviləyə əsasən ödənilməmiş 1.910,90 manat əsas borc, 80 manat cərimə borcu olmaqla, cəmi 1.990,90 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 42.06 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 42.06 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 24 dekabr 2018-ci il tarixli HK12460 saylı müqaviləyə əsasən ödənilməmiş 1.910,90 (bir min doqquz yüz on manat doxsan qəpik) manat əsas borc, 80 (səksən) manat cərimə borcu olmaqla, cəmi 1.990,90 (bir min doqquz yüz doxsan manat doxsan qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 42.06 (qırx iki manat altı qəpik) manat alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3390/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3390/2022
06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver