Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3398/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli kredit müqaviləsi üzrə 7.995,70 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 7.995,70 manat və 10 noyabr 2020-ci il tariхli, 109804-260613/3 nömrəli kredit müqaviləsi üzrə 880.55 manat əsas borc və 0 manat faiz borcu olmaqla, cəmi 880.55 manat, iki kredit müqaviləsi üzrə ümumilikdə 8.876,25 manat və 109.17 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə İbadullayev Amanulla Qurban oğlu arasında bağlanmış 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 11.950 manat məbləğində krеdit vеrilmişdir. İddiaçı ASC ilə İbadullayev Amanulla Qurban oğlu arasında bağlanmış 10 noyabr 2020-ci il tariхli, 109804-260613/3 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə, illik 20% dərəcəsi ilə 1.000 manat məbləğində krеdit verilmişdir. İbadullayev Amanulla Qurban oğlu 06 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. İbadullayev Amanulla Qurban oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, İbadullayev Amanulla Qurban oğluna dair 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, İbadullayev Amanulla Qurban oğlunun vərəsəsi kimi Cavabdeh tanınmış və bu barədə 26 avqust 2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan pul vəsaitindən pay almışdır. Bundan sonra İbadullayev Amanulla Qurban oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. 05 fevral 2024-cü il tarixinə 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli kredit müqaviləsi üzrə 7.995,70 manat əsas borc və 0 manat faiz borcu olmaqla,cəmi 7.995,70 manat məbləğində kredit bоrcu yaranmışdır. 05 fevral 2024-cü il tarixinə 10 noyabr 2020-ci il tariхli, 109804-260613/3 nömrəli kredit müqaviləsi üzrə 880.55 manat əsas borc və 0 manat faiz borcu olmaqla,cəmi 880.55 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqavilələrə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş, lakin məhkəmə araşdırması zamanı iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə cavabdehin mərhum atası İbadullayev Amanulla Qurban oğlu arasında bağlanmış 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli krеdit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 16.5% dərəcəsi ilə 11.950 manat məbləğində, 10 noyabr 2020-ci il tariхli, 109804- 260613/3 nömrəli krеdit müqaviləsinə əsasən 15 ay müddətinə, illik 20% dərəcəsi ilə 1.000 manat məbləğində krеdit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışlarından görünür ki, 05 fevral 2024-cü il tarixinə borcalan İbadullayev Amanulla Qurban oğlunun 07 noyabr 2019-cu il tariхli müqavilə üzrə banka olan əsas borcu 7.995,70 manat, faiz borcu 0 manat, 10 noyabr 2020-ci il tariхli müqavilə üzrə banka olan əsas borcu 880.55 manat, faiz borcu 0 manat təşkil edir. İş materiallarından görünür ki, cavabdehin mərhum atası İbadullayev Amanulla Qurban oğlu 06 yanvar 2021-ci il tarixində vəfat etmişdir. Cavabdeh İbadullayev Amanulla Qurban oğlundan qalmış miras əmlakı qəbul etmiş və ona 26 avqust 2021-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddiaçıya borcu yaranmışdır. Bank yaranmış borcla əlaqədar cavabdehə xəbərdarlıq göndərmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, İbadullayev Amanulla Qurban oğlu kredit müqaviləsi üzrə öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşımışdır. Lakin sonuncu vəfat etdiyindən hazırkı iş üzrə Cavabdeh onun qanun üzrə vərəsəsi olaraq vərəsəlik şəhadətnaməsi verilmişdir. Qanunvericiliyin tələbinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı mülki iş üzrə cavabdeh qanun üzrə vərəsə olaraq tanınmışdır, bununla o, İbadullayev Amanulla Qurban oğlunun miras qoyduğu öhdəlikləri də qəbul etmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki Cavabdeh müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli kredit müqaviləsi üzrə 7.995,70 manat əsas, 0 manat faiz borcu, 10 noyabr 2020-ci il tariхli, 109804-260613/3 nömrəli kredit müqaviləsi üzrə 880.55 manat əsas, 0 manat faiz borcu olmaqla, iki kredit müqaviləsi üzrə ümumilikdə 8.876,25 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 108.77 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 108.77 manat məbləğində rüsum cavabdehdən tutularaq iddiaçıya geri ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 07 noyabr 2019-cu il tariхli, 109804-260613/2 nömrəli kredit müqaviləsi üzrə 7.995,70 (yeddi min doqquz yüz doxsan beş manat yetmiş qəpik) manat əsas borc, 10 noyabr 2020-ci il tariхli, 109804-260613/3 nömrəli kredit müqaviləsi üzrə 880.55 (səkkiz yüz səksən manat əlli beş qəpik) manat əsas borc olmaqla, ümumilikdə 8.876,25 (səkkiz min səkkiz yüz yetmiş altı manat iyirmi beş qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 108.77 (bir yüz səkkiz manat yetmiş yeddi qəpik) manat tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-3398/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3398/2024
25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver