Məhkəmə qərarları › İş №e-2(011)-3401/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3401/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3401/2023 03.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.500 manat pul və 46.40 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh 2021-ci ilin əvvəllərindən tanıyır. Cavabdehlə münasibəti yaxşı olmuşdur. Bundan Cavabdeh sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan məqsədlə 2021-ci ilin mart ayının 17-də iddiaçıdan 2.500 manat pul almışdır ki, iddiaçını işə düzəldəcək. Lakin iş 2021-ci ilin aprel ayının 30-a qədər düzəlməsə həmin aldığı pulu ona tam geri qaytaracağını bildirmişdir. Bunun üçün cavabdeh öz xətti ilə qəbz yazaraq öz imzası ilə təsdiq etdiyi göstərmişdir. Hal-hazırda cavabdeh iddiaçıdan aldığı 2.500 manatı geri istəsədə o, müxtəlif bəhanələr gətirərək həmin pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının etibrnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş 17 mart 2021-ci il tarixli əlyazmadan görünür ki, cavabdeh 17 mart 2021-ci il tarixdə işə düzəlmək üçün iddiaçıdan 2.500 manat pul almış və aldığı pulu 2021-ci ilin aprel ayında tam şəkildə qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Məhkəmə iş materiallarında olan həmin əlyazmanın cavabdeh tərəfindən icra edilibedilməməsini müəyyənləşdirmək üçün iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 30 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh adından olan 17 mart 2021-ci il tarixli qəbzdə “Cavabdeh” yazıları qarşısındakı imza ilə onun adına olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətində “Vəsiqə sahibinin imzası” qrafasındakı imza eyni şəxs tərəfindən icra edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında 2.500 manat pulun borc verilməsi ilə bağlı razılaşma olmuş, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair sonuncu tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, həmin əlyazma həqiqətən də cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, cavabdeh tərəfindən 2.500 manat pulun iddiaçıdan alınması halı öz təsdiqini tapmışdır. Lakin cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 2.500 manat borcu geri qaytarmamışdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında tərtib etdiyi əlyazmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh borc aldığı 2.500 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 46.40 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edildiyindən, ödənilmiş 46.40 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 2.500 (iki min beş yüz) manat pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 46.40 (qırx altı manat qırx qəpik) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elekron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar