Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3407/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi ilə İddiaçı “X4” Bakı Filialının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X4” Bakı Filialı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – Cavabdeh2 və Cavabdeh1 6.499,59 manat (bundan 6.152,08 manat əsas borc və 347,51 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 85,00 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh2Arif oğlu arasında imzalanmış xx.xx.2021-ci il tarixli 913 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% olmaqla 36 ay müddətinə 8.500 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Cavabdeh1 arasında 239 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1–ci maddəsinə əsasən Borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 294.66 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə Borcalan tərəfindən Kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan xx.xx.2023-cü il tarixə Banka kredit borcu üzrə 5.303,88 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi Borcalan tərəfindən Banka 3.679,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün Borcalan Banka illik 25% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 6.499,59 manat təşkil edir. Bundan 6.152,08 manat əsas borc və 347,51 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh2Arif oğlu ilə bağlanmış xx.xx.2021-ci il tarixli 913 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Cavabdeh1 arasında 239 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə Borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəlisürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edirəməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin iclasa gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X4” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 913 nömrəli Kredit müqaviləsinə əsasən bank borcalana illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə 8500 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyini təminatı məqsədi ilə “X4” Bakı Filialı ilə Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli 239 nömrəli Zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən zamin “X4” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 913 nömrəli Kredit müqaviləsi əsasında borcalana veriləcək 8500 manat məbləğində kreditlə əlaqədar olaraq və hesablanmış faizləri borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borcalan ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan “X4” Bakı Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə əsas borc 6152,08 manat, faiz borcu 347,51 manat, ümumilikdə 6499,59 manat təşkil edir. İş materiallarında olan iddiaçının cavabdehlərə ünvanladığı bildiriş məktubundan görünür ki, cavabdehdən borcunu qısa vaxt ərzində “X4” Bakı Filialı ödəməyi tələb olunur. Borc könüllü olaraq ödənilmədiyi təqdirdə bank tərəfindən məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəməyə elektron qaydada daxil olmuş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 85,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh1 mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin cavabdehlər tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 85 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. “X4” Bakı Filialı ilə Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli 913 nömrəli Kredit müqaviləsi üzrə əsas borca görə 6152,08 (altı min yüz əlli iki manat səkkiz qəpik) manat, faiz borcuna görə 347,51 (üç yüz qırx yeddi manat əlli bir qəpik) manat, ümumilikdə 6499,59 (altı min dörd yüz doxsan doqquz manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 85,00 (səksən beş) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı “X4” Bakı Filialına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3407/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3407/2023
21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver