Məhkəmə qərarları › İş №e-2(011)-3416/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3416/2025

02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3416/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiasına mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı cavabdeh Abdullayev Cavabdeh hesabından onun nəfinə 12700 manat pulun və ona vurmuş olduğu 3000 manat məbləğində mənəvi zərərin, ümumilikdə 15700 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2022-ci ilin avqust ayından onun işçisi X2 vasitəsilə tanımışdır. Rövşən ondan xahiş etmişdir ki, onun zabit dostu vardır. Müdafiə Nazirliyi sistemində N saylı hərbi hissədə işləyir. Cavabdeh ondan borc pul istəyir, hal-hazırda ona borc pul verməyə pulu yoxdur, onu da darda qoymaq istəmir. Eyni zamanda ondan xahiş etmişdir ki, imkanı varsa ona köməklik eləsin. X5 Nəsibi tanımadığını bildirmiş, borc pulu bu şərtlə verir ki, cavabdehliyi o daşısın. O Rövşənə görə verir. Bundan sonra Cavabdeh gəlib onunla görüşdü və xx.xx.2023-cü il tarixdə o ona 27.000 manat məbləğində borc pul vermişdir. Cavabdeh, ondan borc pul alan zaman, şəxsiyyət vəsiqəsinin surəti olan vərəqədə ondan 27.000 manat borc pul almasını və onu 1 həftəyə qaytaracağını öz imzası ilə yazıb təsdiq etmişdir. Bundan sonra o, həmin pulu 1 ildən sonra bir hissəsini qaytardı, lakin ona 12.700 manat borcu qalmışdır. Hər ay ona qalan borcu qaytarması barədə yalan vədlər vermiş lakin, hal-hazıra kimi borcunu qaytarmamışdır. Xeyli müddətdən sonra o başa düşmüşdür ki, Cavabdeh onu aldadır, hər dəfə müxtəlif bəhanələr deyir, sadəcə olaraq ona olan borcunu qaytarmaq istəmir. Həmçinin cavabdeh borc pulunu vaxtında geri qaytarmadığına görə, o həm maddi, həm də mənəvi zərə çəkmişdir. Buna görə də, onun iddiaçıya vurduğu zərərə görə hazırkı iddia ilə məhkəməyə müraciət edir. Cavabdehin etirazının dəlilləri: Cavabdeh yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında iştirak etmiş və verdiyi izahatında bildirmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş etirafı imzalamışdır. Onun 25000 manat banka borcu var idi. İddiaçı həmin borcu ödəmək üçün ona borc vermişdirlər. Bundan sonra iddiaçı söz vermişdir ki, banka olan borcu sıfıra endiyinə görə ona yenidən 60 000 manat məbləğində kreditin verilməsini təmin edəcəklər. Bunun müqabilində ondan 60000 manatın 10 faizinin iddiaçıya ödənilməsini istəmişdirlər. Lakin onlar cəmi 10000 manat "xxxx" ASC-dən kredit götürmüş, 13000 manat da “AzərTürkBank” -dan kredit götürmüşdür. Kredit mənim öz adıma götürülmüşdür. Kreditlər özü ödəyir. İddiaçı tərəfə xeyir ödəməli idi, lakin ödəməyib, çünki kredit çıxara bilməmişdir. O, 12700 manat məbləğində pulu qaytarmaqdan imtina etmir, lakin o, məbləğ borc deyildir. O, iddiaçı ilə danışmışdır ki, daşınmaz əmlakı satıb pulu ödəyəcəkdir. İşin halları İşin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh sonuncunun bank krediti üzrə öhdəliyinin ödənilməsi üçün 27000 manat pul vermişdir. Sonuncu bank qarşısında kredit borcunu ödəmişdir. Daha sonra təkrar kredit götürmüşdür. Cavabdeh İddiaçı 14300 manat məbləğində vəsaiti geri qaytarmış, qalan 12700 manat məbləğində vəsaiti isə geri ödəməmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxsin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya Cavabdeh 12700 manat borcun tutularaq İddiaçı ödənilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, hazırki mülki iş üzrə İddiaçı Cavabdeh 27000 manat məbləğində borc pul verdiyini iddia etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən borcun məbləği 3000 manatdan artıq olduğu üçün borc müqaviləsi yazılı qaydada bağlanılmalı idi. Lakin iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsi yazılı qaydada bağlanılmalı olsa da, tərəflər borc müqaviləsinin formasına dair qanunvericiliklə müəyyən edilmiş bu şərtə əməl etməmişdirlər. Odur ki, məhkəmə hesab edir ki, tərəflər arasında şifahi formada bağlanılmış borc müqaviləsi etibarsız hesab edilməli və hazırkı iddianın əsasını əsassız varlanma ilə bağlı Mülki Məcəllənin müvafiq müddəaları təşkil etməlidir. Bununla bağlı məhkəmə qeyd etmək istəyir ki, əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehə münasibətdə mövcud olduğu müəyyən edilmişdir. Belə ki, həmin şəxs hər hansı qanuni və ya müqavilə əsası olmadan iddiaçı X1 hesabına varlanmışdır. Bu səbəblə də məhkəmə hesab edir ki, iddia araşdırılan hissədə təmin edilərək 12700 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddiaya cavabdehdən 3000 manat məbləğində mənəvi zərərin tutulması tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Mənəvi zərərin ödənilməsi tələbinə dair iddialara baxılarkən məhkəmə tərəfindən aşağıdakı dispozisiya şərtləri çərçivəsində yoxlama aparmalıdırlar: 1) qanunla qorunan qeyri-maddi nemətlərə müdaxilə edən hüquqazidd əməlin (hərəkət və ya hərəkətsizliyin) mövcudluğu, 2) əməlin təqsirli olaraq törədilməsi (qanunla müəyyən edilmiş təqsirsiz məsuliyyət halları istisna olmaqla), 3) mənəvi sarsıntı və iztirabın keçirilməsi, 4) hüquqazidd əməllə həmin sarsıntı və iztirab arasında səbəbli əlaqənin olması. Nəzərə alınmalıdır ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ fiziki şəxsin yalnız qanunla qorunan qeyri-maddi nemətlərinə edilən hüquqazidd müdaxilə nəticəsində yaranır. Hazırki mülki iş üzrə məhkəmə qeyd etmək istəyir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşma əsasında sonuncuya məxsus pul vəsaitini borc şəklində almış, bir həftə ərzində qaytarmağı öz üzərinə öhdəlik götürdüyünü etiraf məzmunlu əl yazmasında qeyd etmiş, lakin pul vəsaitinin geri qaytarılması ilə bağlı öhdəliyi yerinə yetirməmişdir. Bununla da, Cavabdeh təqsirli olaraq törətdiyi hüquqazidd əməlləri İddiaçı əmlak üzərində olan hüquqlarının pozuntusuna gətirib çıxarmışdır. Lakin İddiaçı əmlak üzərində olan hüquqlarının pozuntusu nəticəsində ona aid qanunla qorunan qeyri-maddi nemətlərinə edilən hüquqazidd müdaxilə olduğu, onun mənəvi sarsıntı və iztirabın keçirməsinə dair heç bir sübut və ya dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 12700 (on iki min yeddi yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar