Məhkəmə qərarları › İş №e-2(011)-342/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-342/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-342/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borc 6923,73 ABŞ dolları bundan 1.262,15 ABŞ dolları əsas, 4.101,21 ABŞ dolları faiz, 1.380,55 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 179,82 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 125,31 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə İddiaçı ASC tərəfindən şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə ödəmək şərtilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 18 iyul 2014-cü il tarixli ZM- 130006276 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə bağlanmış 23 fevral 2016-cı il tarixli, 105 saylı Əlavə Sazişə əsasən müqavilələrdə dəyişikliklər olunmuşdur. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin əsas borc və hesablanmış ödənilməmiş cəmi faizlər kapitallaşdırılmaqla birgə 7974,98 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 23 aprel 2018-ci il tarixinədək uzadılmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 23 noyabr 2016-cı il tarixli, 2 saylı Əlavə Sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin kredit qalıq məbləği saziş qüvvəyə mindiyi tarixin məzənnəsinə uyğun olaraq 6668,77 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti 23 noyabr 2019-cu il tarixədək uzadılmışdır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Tərəflərin izahatları: Məhkəmə iclasında Cavabdeh1 iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 Cavabdeh1 izahatına uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçının nümayəndəsi məhkəməyə gəlməmiş və məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilmsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, 18 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 28 faiz dərəcəsi ilə 36 ay müddətinə 12.700 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 18 iyul 2014-cü il tarixli ZM-130006276 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 23 fevral 2016-cı il tarixli Əlavə sazişə əsasən kredit restrukturizasiya edilmişdir. Kreditin müddəti 29 noyabr 2019-cu il tarixədək uzadılmışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehlərə xəbərdarlıq edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının“ təsiri altına düşmüş və fərmana əsasən ona 4.474,93 manat güzəşt tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 06 mart 2023-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 12 oktyabr 2022-ci il tarixə Ləğv prosesində olan İddiaçı ASC-yə əsas borc üzrə 2.208,69 ABŞ dolları, faiz borcu üzrə 448.72 ABŞ dolları, faiz borcu üzrə (5%-lə) 450.02 ABŞ dolları, cəmi 3.107,43 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən, zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Məhkəmə tutulmalı olan əsas borcun məbləğini müəyyən edərkən hesab edir ki, iş materiallarında olan ekspert rəyi ilə müəyyən olunmuş məbləğ iddiaçının tələb etdiyi əsas borcun məbləğindən yüksək olduğundan və məhkəmə Azərbaycan Respublikası MPM-in 218-ci maddəsinə əsasən verilmiş tələbə qiymət verməli olduğundan hesab edir ki, əsas borca görə iddia ərizəsində tələb edilən 1.262,15 ABŞ dolları pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin tutulmalı olan 4.101,21 ABŞ dolları faiz, 1.380,55 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 179,82 ABŞ dolları faiz borcunun məbləğini araşdıraraq belə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğə və həm də digər əsaslara görə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Prezidentinin Fərmanının“ təsiri altına düşür. Həmin Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun silinməsi, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlətin analoji kredit müqavilələri üzrə banklara maliyyə dəstəyi göstərilməsi barədə təklifindən iddiaçı bankın imtina etməsinə dair məlumat yoxdur. Nə qədər ki, iddiaçı bank fərmanda qeyd olunan məsələlərlə bağlı dövlətin maliyyə dəstəyini qəbul etməyə razılıq vermiş, onda fərmanda tövsiyə xarakteri daşıyan müddəaların icrası banklar üçün məcburidir. Odur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı“ Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi daşıdığından iddia tələbi faiz, cərimə və digər xərclər hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin-cavabdehlərdən müştərək qaydada yani borcun digər Cavabdeh2 (zamin) tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə Əlavə sazişə əsasən həmin müqavilə üzrə kreditin müddəti 23 noyabr 2019-cu il tarixədək uzadılmış, öhdəliyin icra müddəti 23 noyabr 2020-ci il tarixdə bitmişdir. İddiaçı isə zaminə qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə 12 oktyabr 2022-ci il tarixdə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda adı çəkilən müqavilə üzrə borcun zamin – Cavabdeh2 tutulması hissəsində iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqi ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin Mərkəz filialı arasında 18 iyul 2014-cü il tarixli ********* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 İddiaçı ASC tərəfindən şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə ödəmək şərtilə 12.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra kredit müqaviləsi üzrə 23 noyabr 2016-cı il tarixli Əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 23 noyabr 2019-cu il tarixədək uzadılmışdır. Belə olan halda, iddiaçı üçün iddia müddətinin axımı həmin vaxtdan başlamış, üç illik iddia müddəti 23 noyabr 2022-ci il tarixdə bitmişdir. İddiaçı isə hazırkı tələblə 12 oktyabr 2022-ci il tarixində məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmişdir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 125.31 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 22 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməli, qalan 103.31 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, ekspertiza xərci olaraq 100 manat pul vəsaitindən 18 manat cavabdehdən, qalan 82 manat isə iddiaçıdan alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 1.262,15 (bir min iki yüz altmış iki dollar on beş sent) ABŞ dolları məbləğində əsas borc ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə və ödənilmiş 22 (iyirmi iki) manat dövlət rüsumu alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qalan 103.31 (bir yüz üç manat otuz bir qəpik) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manatın 18 (on səkkiz) manat hissəsi Cavabdeh1, qalan 82 (səksən iki) manat isə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar