Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3420/2021 22.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan “İddiaçı" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “İddiaçı" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 4550,69 manat əsas borc, 3988,22 manat faiz borcu, 5706,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 502,74 manat faiz borcu olmaqla, cəmi 14748,42 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-ci il tarixli, 4617NF saylı kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 4800 manat məbləğində kredit verilmişdir.Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında xx.xx.2014-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrin 1.1-cı bəndinə əsasən zaminlər kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə NRF031039 saylı xx.xx.2016-ci il tarixli və NRF031040 saylı xx.xx.2016-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, borcun dənilməsi üçün heç bir tədbir görülməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin puldan istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlərin kredit üzrə cəmi borcu 14748.42 manat təşkil edir. Bundan 4550.69 manat əsas, 3988.22 manat faiz, 5706,77 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 502.74 manat faiz borcu təşkil edir. Cavabdeh1 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-nin Nərimanov filialı ilə aralarınında 2014-cü il tarixdə 48 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Həmin krediti vaxtından əvvəl, yəni, 2015-ci ilədək tam şəkildə ödəmişdir. Ancaq buna baxmayaraq bank 2021-ci ilin mart ayında ona krediti ödəmədiyini bildirmədən Xətai rayon məhkəməsinə vermişdir. Əgər krediti ödəməmişdirsə bank 3 il müddətində məhkəməyə verməli olduğu halda, 2021-ci ilədək gözləməsinin səbəbini anlaya bilmir. Hal-hazırda bank üç il iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Ona görə, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd olunması barədə qərar verilməsini sizdən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddia tələbinə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İddiaçı" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2014-ci il tarixli, 4617NF saylı kredit müqaviləsinnin surətindən görünür ki, bank tərəfindən borc alana 48 ay müddətinə, illik 24% olmaqla 4800 manat məbləğində kredit verilmişdir. “İddiaçı" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-ci il tarixli, 4617NF saylı kredit müqaviləsi üzrə banka olan borcu 4550,69 manat əsas borc, 3988,22 manat faiz borcu, 5706,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 502,74 manat faiz borcu olmaqla, cəmi 14748,42 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür, 443.1-ci maddəsində isə qeyd edilmişdir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. Məhkəmə iclasında araşdırılan sübutlarla Cavabdeh1 xx.xx.2014-ci il tarixli, 4617NF saylı kredit müqaviləsi üzrə banka 4550,69 manat əsas borc, 3988,22 manat faiz borcu və müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 502,74 manat faiz borcunun qalması, digər Cavabdeh3 zamin kimi birgə məsuliyyət daşıması müəyyən olunmuşdur. Ona görə də, həmin borc cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 5706,77 manat məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 5706,77 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 506,77 manat məbləğinədək azaldılmalıdır. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddia tələbi kredit borcunun Cavabdeh2 tutulması hissəsində təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. İddiaçı ləğv prosesində olan “İddiaçı" ASC iddia ərizəsində Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2014-ci il tarixli zaminlik müqaviləsi bağlandığını və zaminin kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıdığını göstərsə də, bu barədə müqaviləni iddia ərizəsinə əlavə etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, “İddiaçı" ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-ci il tarixdə zaminlik müqaviləsinin bağlanması müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 65 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun 19,50 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2014-ci il tarixli, 4617NF saylı kredit müqaviləsi üzrə 4550,69 manat əsas borc, 3988,22 manat faiz borcu, 506,77 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 502,74 manat faiz borcu olmaqla, cəmi 9548,42 (doqquz min beş yüz qırx səkkiz manat 42 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 19,50 (on doqquz manat 50 qəpik) manat hissəsi iddiaçı ləğv prosesində olan “İddiaçı" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3420/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3420/2021
22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver