Məhkəmə qərarları › İş №e-2(011)-3420/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3420/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3420/2024 25.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı MMC (KATV1) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 270.27 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, ümumilikdə 450.67 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il, 04 yanvar 2018-ci il və 01 iyun 2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. “Babək-94” MKM tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 2011-ci ildən cavabdehə məxsus olmuşdur. Belə ki, 30 oktyabr 2010-cu il tarixdə ünvan 3 ünvanında yaşayan cavabdehlə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini 01 iyun 2018-ci il tarixinədək etmiş və həmin ünvan 18 iyul 2018-ci il tarixində 16 manat borc ilə şəbəkədən ayrılmışdır. 25 noyabr 2021-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 8727 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 8727 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 29 avqust 2019cu il tarixdə baxış keçirilmışdır. Beləliklə də, yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi 29 avqust 2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 25 noyabr 2021-ci il tarixə qədər olan müddət 819 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 270.27 manat təşkil edir. Bundan əlavə, İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Tərəflərin izahatları: İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. İşin faktiki halları: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. “Babək-94” MKM tərəfindən verilmiş arayışa əsasən ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi 2011-ci ildən cavabdehə məxsus olmuşdur. Belə ki, İddiaçı MMC tərəfindən həmin ünvanda “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə 30 oktyabr 2010-cu il tarixdən təmin edilmişdir. 25 noyabr 2021-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə həmin ünvanda kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin yaşayış sahəsinin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Bu barədə 8727 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 8727 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 29 avqust 2019-cu il tarixdə baxış keçirilmişdir. Belə olan halda yuxarıda qeyd edilmiş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə 270.27 manat maddi ziyan vurulmuşdur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 35.3-cü maddəsində əsasən, telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 227 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Telekommunikasiya şəbəkələrinin, vasitə və qurğularının mühafizə Qaydaları”: 6.3-cü maddəsinə əsasən dəymiş ziyan təqsirkar fiziki və hüquqi şəxs tərəfindən könüllü şəkildə ödənilir, tərəflərin razılığa gəlməməsi halında isə ödəmə məhkəmə yolu ilə təmin edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi, İddiaçı MMC tərəfindən həmin ünvanda “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayımı ilə 30 oktyabr 2010-cu il tarixdən təmin edilmişdir. Həmin mənzilə sonuncu dəfə 29 avqust 2019-cu il tarixdə həmin binaya baxış keçirilmiş, 25 noyabr 2021-ci il tarixdə isə göstərilən mənzildə “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həmin mənzilə dair kabel televiziyası xidmətinin göstərilməsinə dair müqaviləyə xitam verdikdən və həmin mənzili kabel şəbəkəsindən ayırdıqdan sonra cavabdehə məxsus mənzil kabel şəbəkəsinə təkrarən qoşulmuş və abunə haqqı ödənilmədən iddiaçının göstərdiyi xidmətlərdən yararlanmış və iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən olundu ki, sözügedən ünvana son baxış keçirildiyi 29 avqust 2019-cu il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 25 noyabr 2021-ci il tarixə qədər olan müddət 819 gün təşkil etmişdir. Bu isə hər gün üçün 33 qəpik maddi ziyan hesablanmaq şərti ilə 270.27 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində 270.27 manat abunə haqqı qismində vurulmuş zərərin əvəzinin tutulmasına dair tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə, iddia tələbinin iddiaçı tərəfindən 150 manat məbləğində hüquqi xidmətlərin göstərilməsi üçün çəkilən xərclərin əvəzinin cavabdehdən tutulmasına dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi həmin hissədə qismən - yəni 30 manat məbləğində təmin edilməlidir. Belə ki, hüquqi xidmət üçün müəyyənləşdirilən məbləğ müqavilə azadlığı prinsipi əsasında həmin müqavilənin iştirakçıları tərəfindən müəyyən olunmuşdur və bu istənilən məbləğdə ola bilərdi. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddianın iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, 21.50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8.90 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 270.27 manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 30 manat, dövlət rüsumuna görə ödənilmiş 21.50 manat məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" MMC-yə (KATV 1) ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh kabel şəbəkəsinə qanunsuz qoşulma nəticəsində yaranmış 270.27 (iki yüz yetmiş manat iyirmi yeddi qəpik) manat, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 30 (otuz) manat, dövlət rüsumuna görə ödənilmiş 21.50 (iyirmi bir manat əlli qəpik) manat olmaqla, cəmi 321.77 (üç yüz iyirmi bir manat yetmiş yeddi qəpik) manat pul vəsaiti alınaraq iddiaçı "xxxx" MMC-yə (KATV 1) ödənilsin. İddiaçı tərəfindən ödənilmiş rüsumunun 8.90 (səkkiz manat doxsan qəpik) manatı iddiaçı "xxxx" MMC-nin (KATV 1) özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar