Məhkəmə qərarları › İş №e-2(011)-3426/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3426/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3426/2024 13.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 5374.80 AZN əsas; 367.97 AZN faiz; cəmi 5742.77 AZN borcun və ödənilmiş 77.43 AZN dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASCilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGTK9600459A108 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh2kredit verilərkən Cavabdeh1 ilə Bank arasındaxx.xx.2023-cü il tarixli, Z-RGTK9600459A108 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı və kassa məxaric qəbzidir. Nəticədə cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5374.80 AZN əsas; 367.97 AZN faiz; cəmi 5742.77 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəməyə yazılı ərizə təqdim edərək iddia tələbini qəbul etdiyini, 5374,80 manat əsas, 367,97 manat faiz, cəmi 5742,77 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi E.Ələkbərov ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsindən görünür ki, Bank gündəlik tələbat məqsədilə kredit alana, illik 20 faiz dərəcəsi ilə 83 ay müddətinə 5602,06 manat məbləğində kredit verməyi, kredit alan isə krediti və ona hesablanmış faizləri göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsinə əlavə “Ödəniş qrafiki”ndən görünür ki, kredit alan Cavabdeh2 verilən kredit məbləği 5602,06 AZN, faiz dərəcəsi 20 % illik, müddəti 83 aydır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh2 gündəlik təlabat məqsədilə verilən 5602,06 manat krediti İddiaçı ASC-nin Həzi Aslanov filialından təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Maliyyə arayış”ından görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsi üzrə 5374,80 manat əsas, 367,97 manat faiz, cəmi 5742,77 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh1 və İddiaçı ASC arasında bağlanan xx.xx.2023-cü il tarixli Z-RGTK9600459A108 saylı zaminlik müqaviləsindən görünür ki, Zamin xx.xx.2023-cü il tarixli RGTK9600459A108 nömrəli kredit müqaviləsi üzrə (əsas məbləğİ 5602,06 AZN, faiz 20 %, müddəti 83 ay) borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirməsinə görə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Razılıq ərizəsindən görünür ki, Cavabdeh1, xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı müqavilə üzrə Cavabdeh2 tərəfindən qrafik əsasında müəyyən edilmiş ödənişi 30 gün gecikdirildiyi təqdirdə həmin vəsaitin onun kart hesabına köçürülən vəsaitlərdən silinməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 və Cavabdeh1 xx.xx.2023-cü il tarixli bildiriş ünvanlayaraq, onlardan gecikmə borcunun dərhal təmin edilməsini, əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və AR qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan ********** saylı və ********** saylı qəbzlərdən görünür ki, iddiaçı tərəfindən 77,43 (41,68+35,75) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən, iddiaçı həmin müqavilə əsasında cavabdehə illik 20 % dərəcəsi ilə 83 ay müddətinə 5602,06 manat məbləğində kredit verməyi, kredit alan isə krediti və ona hesablanmış faizləri göstərilən müddətdə və qaydada banka qaytarmağı öhdəsinə götürmüşdür, həmin kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır, iddiaçı qeyd edilən müqavilə üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh2 məbləği bankdan təhvil almışdır, lakin cavabdehlər, müqavilə öhdəlikləri üzrə ödənişləri həyata keçirməməklə, iddiaçıya kredit müqaviləsi üzrə 5374,80 manat əsas, 367,97 manat faiz, cəmi 5742,77 manat borcu yaranmışdır, iddiaçı tərəfindən cavabdehlərə borcunun olması və onun ödənilməsi barədə bildiriş göndərilmişdir, cavabdehlərdən Cavabdeh2 iddia tələbini qəbul edir. Bununla belə, cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsi üzrə 5374,80 manat əsas, 367,97 manat faiz, cəmi 5742,77 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehlərin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məmkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və təmin edilmiş iddia tələbinin həcmi (5742,77) nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 77,43 manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan çox 1000 manatdan az olduqda, 30 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2023-cü il tarixli RGTK9600459A108 saylı kredit müqaviləsi üzrə 5374,80 manat əsas, 367,97 manat faiz, cəmi 5742 (beş min yeddi yüz qırx iki) manat 77 (yetmiş yeddi) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77 (yetmiş yeddi) manat 43 (qırx üç) qəpik məbləğdə pul Cavabdeh1 və Cavabdeh2dan müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar