Məhkəmə qərarları › İş №e-2(011)-344/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-344/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-344/2023 13.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4646,64 AZN əsas; 519,28 AZN faiz; cəmi 5165,92 AZN məbləğində vəsaitin və ödənilmiş 71,65 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTKR4373682A108 saylı kredit müqaviləsinə əsasən ona kredit verilmişdir, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır, Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 4646,64 AZN əsas; 519,28 AZN faiz, cəmi 5165,92 AZN borcu yaranmışdır, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında Cavabdeh yazılı ərizə təqdim etmiş və ərizəsinə uyğun qısa izahat verərək, bankdan 2021-ci ildə kredit götürdüyünü, iddiaçı Kapital Bank ASC-nin ona qarşı irəli sürdüyü iddia tələbini qəbul etdiyini, banka cəmi 5165,92 manat məbləğində borcu qəbul etdiyini bildirmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmişdir. Bununla belə, iddiaçının nümayəndəsi E.Ələkbərov ərizə ilə elektron qaydada məhkəməyə müraciət edərək, onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı ASCyə yazılı ərizə ilə müraciət edərək, gündəlik tələbat məqsədləri üçün 5300 manat məbləğində, 30 ay müdətinə nağd pul krediti verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GTKR4373682A108 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, bu müqaviləyə görə Bank kredit alana, illik 27% dərəcəsi ilə 30 ay müddətinə 5300 manat məbləğində kredit vermək, cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür, nağdlaşdırma komissiyası 53 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Kassa məxaric orderindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin Həzi Aslanov filialından 5300 manat məbləğində gündəlik tələbat təyinatı ilə verilmiş krediti almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, GTKR4373682A108 saylı kredit müqaviləsinə “Əlavə - Ödəniş Qrafiki”nin surətindən görünür ki, kredit alan Cavabdeh verilən kreditin məbləği 5300 manat, illik faiz dərəcəsi 27 %, müddəti 30 aydır. İş materiallarında olan “Maliyyə arayışı”nın surətindən görünür ki, müştəri Cavabdeh xx.xx.2021-ci il tarixli, GTKR4373682A108 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə banka 4646,64 manat əsas, 519,28 manat faiz, cəmi 5165,92 manat borcu vardır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli 16/43074 saylı “Bildiriş” göndərilməklə ondan xx.xx.2021ci il tarixli müqaviləs üzrə borcun 5 təqvim günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 71,65 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə gündəlik təlabat məqsədilə 30 ay müddətinə, illik 27% olmaqla, 5300 manat məbləğində kredit verilməsi barədə xx.xx.2021-ci il tarixli, GTKR4373682A108 saylı kredit müqaviləsi bağlanmışdır, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, Cavabdeh 5300 manat məbləğində pul vəsaitini Bankdan götürmüşdür, lakin o, müqavilə öhdəlikləri üzrə öhdəliklərini yerinə yetirməməklə - kredit məbləğinə görə ödənişləri həyata keçirməməklə - iddiaçıya 4646,64 manat əsas, 519,28 manat faiz, cəmi 5165,92 manat borcu yaranmışdır, iddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilmişdir, cavabdeh iddia tələbini tam qəbul edir. Bununla belə, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini istisna edən və cavabdehin etirafının işin həqiqi hallarının gizlədilməsinə yönəlməsi, cavabdehin etirafının aldatma, zor, hədə təsiri altında və ya yanılma təsiri nəticəsində baş verməsinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırıldığından, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verdiyindən İddiaçı ASC-nin iddia tələbinə dair Cavabdeh etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Həmçinin həmin Qərarda formalaşdırılan hüuquq mövqeyə əsasən, məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli GTKR4373682A108 saylı kredit müqaviləsinə əsasən, 4646,64 manat əsas, 519,28 manat faiz, cəmi 5165,92 manat borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi, onun 1000 manatdan çox olması nəzərə alınmaqla dövlət rüsumu kimi ödənilmiş 71,65 manat cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 4646,64 manat əsas, 519,28 manat faiz, cəmi 5165 (beş min yüz altmış beş) manat 92 (doxsan iki) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71 (yetmiş bir) manat 65 (altmış beş) qəpik məbləğdə pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar